BAKI, 18 noyabr. TELEQRAF

Rusiya işləmək üçün yollanan Şəki sakini Cabir Quliyev 9 ay sonra geri qayıtdıqdan sonra arvadı Zəminə Quliyevanı (ad-soyadlar şərtidir) döyərək ona xəsarətlər yetirib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, buna səbəb Zəminənin Cabirə xəyanət etməsi olub.

Xəyanətin üstü isə hüquq-mühafizə orqanlarından gələn zəng nəticəsində açılıb.

Belə ki, hüquq-mühafizə orqanlarından ona zəng edilərək arvadının qanaxma ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirildiyi, hamilə qaldığı üç aylıq uşağın isə tələf olduğunu bildiriblər.

Bundan sonra Cabir həyat yoldaşının ona xəyanət etdiyini başa düşüb və onunla boşanmaq qərarına gəlib.

Cütlük boşanma ilə bağlı Şəki 1 saylı Mediasiya Təşkilatına dəvət olunublar. Orada Cabir boşanmağı xəyanətlə əlaqələndirib, arvadı isə bunu inkar etməyib. O, Rəsul adlı şəxslə münasibətdə olduğunu, buna görə hamilə qaldığını etiraf edib.

Bu etirafdan sonra Cabir əsəbiləşərək Zəminənin üzərinə hücum çəkib, ona yumruq zərbələri endirib. Bundan sonra qadın döyülməsi ilə bağlı polisə şikayət edib.

Şəki Rayon Məhkəməsinin hökmünə əsasən, Cabir Quliyev 9 ay müddətinə azadlıqdan məhrum edilib.