BAKI, 1 mart. TELEQRAF

Bakının Sabunçu rayonunda 2002-ci il təvəllüdlü Saleh mübahisə zamanı bacısının keçmiş nişanlısı Ayaza (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Ramanı qəsəbəsindəki Şuşa yaşayış massivində baş verib.

Saleh orada “Xəzər” idman klubunun yaxınlığında bacısının keçmiş nişanlısı Ayazı bıçaqla vurub.

İstintaq orqanı tərəfindən Salehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saleh elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, bacısı Sevda ilə Ayaz 2022-ci ilin ortalarında nişanlanıblar: “Sonradan ailələr arasında narazılıq olduğundan və Ayazla xasiyyəti tutmadığından bacım nişanı qaytardı. Ayaza bacımı və ailəmizi narahat etməməsi barədə xəbərdarlıq etdik.

Lakin sonrakı günlərdə Ayazı “Chevrolet-Cruze” markalı avtomobili ilə məhəlləmizdə gördüm. Ona yaxınlaşmaq istəyəndə avtomobili sürüb oradan uzaqlaşdı, aralıda saxladı. Ona tərəf getdikdə yenə avtomobili sürərək uzaqlaşdı”.

Təqsirləndirilən şəxs bildirib ki, Ayaza zəng vurub, məhəlləyə nə səbəbə gəldiyini soruşub: “Əvvəlcə məhəlləyə gəlmədiyini dedi. Sərt danışdıqda məhəlləyə gəldiyini etiraf etdi və məni görüşə çağırdı. Naxçıvanski küçəsində olduğunu dedi, mən də ora gələcəyimi bildirdim. Daha sonra zəng vurub Əhmədli metrosu tərəfdə olduğunu söylədi. Bir neçə dəqiqə sonra zəng vuraraq Ramanı qəsəbəsinə gələcəyini bildirdi.

Onu "şamlıq" deyilən yerə, “Xəzər” idman klubunun yanına çağırdım.Gecə saat 1 radələrinədək onu “Xəzər” idman klubunun yanında gözlədim. Nəhayət, “Chevrolet-Cruze” markalı avtomobili ilə həmin yerə gəldi. Maşından düşüb mənimlə salamlaşdı. Ona bir daha irad bildirərək məhəlləyə nə səbəbə gəldiyini soruşdum. Mənimlə yenə məsxərə ilə danışdı, “məni görüşə çağırıbn nə edəcəksən, sənin xəbərin olmadan əvvəllər də gəlmişəm məhəllənizə, sənin xəbərin yoxdur" - dedi.

Ayazın bu sözünə, eləcə də bacım Sevdanı daim narahat eləməsi, zənglər vurmasına görə evdən götürdüyüm bıçağı çıxardım, belindən bir zərbə vurdum. İkinci zərbə Ayaz çevrildikdə səhv etmirəmsə qarnına dəydi. Bu zaman o, qorxuya düşdü, qələt etdiyini dedi və yalvarmağa başladı ki, bir daha məhəlləyə gəlməyəcək, daha sonra onu xəstəxanaya çatdırmağımı xahiş etdi”.

Salehin ifadəsinə görə, daha Ayazı vurmayıb, həkimə çatdırmaq üçün ondan avtomobilinin açarını istəyib: “Amma Ayaz açarı tapa bilmədi, mən də axtardım, qaranlıq olduğundan açarı tapmadıq. Dostum Telmana zəng edib, hadisəni danışdım, gəlib Ayazı xəstəxanaya aparmağı xahiş etdim. O isə 20 dəqiqəyə gələcəyini dedi. Telefon mikrafonda olduğu üçün bu danışığı Ayaz da eşitdi və panikaya düşdü. Belindən qan gəlsə də, huşu özündəydi.

Ayaz qaça-qaça yolu keçib uzaqlaşdı. Arxası ilə getsəm də, izi itirdim. Telman gəlib məni avtomobili ilə götürdü. 33-cü polis bölməsini tanıdığım üçün oraya gedərək təslim oldum. Qorxduğum üçün bıçağı şamlığa atdım. Hadisə zamanı Ayazı öldürmək məqsədim olmayıb”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Ayazın sözlərinə görə, Sevda ilə nişanlı olub, 2023-cü ilin may ayından ayrılıblar: “Hadisədən əvvəlki gün barışmaq üzrə olduğum Sevdanı maşınımdan Ramana qəsəbəsindəki evlərinin yaxınlığında düşürdüm. Evimə qayıdan zaman onun qardaşı Saleh zəng vuraraq məni görüşə çağırdı. Ona görüşə gələcəyimi dedim.

İdarə etdiyim avtomobillə həmin yerə getdim. Saleh məni görən kimi “sənə deməmişdim, bacımdan uzaq dur” deyərək üstümə gəldi, bıçaq çıxararaq bel nahiyəmdən iki dəfə vurdu. Zərbədən yerə oturdum, bədənimdən qan gəlməyə başladı. Ondan məni həkimə çatdırmasını xahiş etdim. Nə qədər axtarsaq da, avtomobilin açarını tapa bilmədik. Yaramdan çox qan gəldiyini görüb həyəcanlandım və qaçaraq yola çıxdım. Yoldan keçən avtomobillərdən birini saxladıb özümü 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırdım”.

İş üzrə şahid qismində ifadə verən Sevdanın sözlərinə görə, zərərçəkmiş Ayazla qohumları vasitəsi ilə tanış olduqdan sonra nişanlanıblar: “Xasiyyətinin dəyişkən olması, qısqanclıqla yanaşı səbəbsiz yerə mənimlə mübahisələr etməsinə görə münasibətlərimiz pozuldu. 2023-cü ilin aprelində nişanı qaytardım. Bunu hər iki tərəfin valideynləri də bildi.

Lakin Ayaz müxtəlif vaxtlarda mobil nömrəmə yenə yadımda qalmayan nömrələrdən mesajlar yazdı, zənglər edərək barışmaq istədiyini bildirirdi. Mən isə barışmağın mümkün olmayacağını dedim. Hətta atam da onun atası ilə görüşərək bu barədə iradlarını bildirdi, oğlunun məni narahat etməməsini tapşırdı.

Nişanı qaytardıqdan sonra qardaşım Salehə yenidən Ayaz tərəfindən narahat edildiyimi bildirməməyə çalışırdım ki, mübahisə və dava düşməsin. Bir müddət Ayaz məni narahat etmədi”.

Sevda qeyd edib ki, təxminən 2023-cü ilin avqust ayından Ayaz onun işlədiyi aptekə gəlib, işdən çıxdıqda onu evə aparmağı təklif edib: “Mən isə yenə rədd cavabı verdim. Ayaz yenə mənə mesajlar yazmağa başladı. Mən bu barədə atama xəbər verdim, o da Ayazgilə irad bildirdi”.

Sevdanın ifadəsinə görə, sonuncu dəfə axşam işdən çıxıb və Ramana qəsəbəsində yaşadıqları ünvana gəlib: “Taksidən düşərək evə tərəf getmək istədim. Bu zaman gördüm ki, Ayaz öz avtomobili ilə məni izləyir. Maşını yanıma sürərək mənimlə danışmaq istədi. Mən isə ona yenə rədd cavabı verdim.

Mən evə girdikdən sonra təxminən 10-15 dəqiqə sonra qardaşım Saleh gəldi, məni sorğu-suala tutaraq Ayazın maşınla nə səbəbə məhəlləyə gəldiyini soruşdu. Mən yenə Ayazın arxamca düşdüyünü, barışmaq üçün danışmaq istədiyini, mənsə imtina etdiyimi dedim. Saleh heç bir söz demədən evdən bayıra çıxdı. Onun evdən bıçaq götürməsini bilməmişəm”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmündə göstərilib ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmişin ona qarşı şikayəti yoxdur.

Bu səbəbdən Salehin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.