BAKI, 19 mart. TELEQRAF

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Batuhan bəy, Türkiyə Kültür Yolu Festivallarında Azərbaycan mədəniyyətini tanıtmaq və iki qardaş xalqın bir-biriylə daha sıx bağ qurması üçün nə kimi layihələr etməyi planlaşdırırsınız?

- Türkiyə Kültür Yolu Festivalı ölkəmizin mədəniyyət və incəsənət sahəsindəki ən böyük layihələrindən biri olaraq, şəhərlərimizin maddi və qeyri-maddi irsini geniş kütlələrə çatdırmaq, onları brend şəhərlərə çevirmək məqsədi daşıyan hərtərəfli mədəniyyət və turizm təşəbbüsüdür. Bu gün iştirakçı sayı və təsir sahəsi baxımından dünyanın ən böyük festivallarından birinə çevrilən Türkiyə Kültür Yolu Festivalı ilə incəsənət və mədəniyyətin qarşılıqlı əlaqəsini hər kəs üçün əlçatan etməyi hədəfləyirik.

Festivalımız musiqinin universal dilindən teatra, ənənəvi əl işlərindən rəqəmsal incəsənətə qədər geniş spektrli tədbirlər təklif etməklə mədəni turizmi dəstəkləyir və şəhərlərimizin beynəlxalq tanınmasını gücləndirir. Bu böyük festivalın ən mühüm cəhətlərindən biri beynəlxalq mədəni əlaqəyə verdiyimiz önəmdir. Başda Azərbaycan olmaqla, festivalda dost və qardaş ölkələri görməkdən çox şadıq.

Azərbaycan bizim ən güclü tarixi və mədəni əlaqələrimiz olan ölkələrdən biridir. “Bir millət, iki dövlət” anlayışı ilə hərəkət etdiyimiz Azərbaycanla ümumi zəmində incəsənət və mədəniyyəti bir araya gətirmək, əlaqələrimizi daha da gücləndirmək prioritetimizdir. Son illərdə Azərbaycanın ilk süni intellektli sənətçisi Şuşanın “Qarabağın kəşfi” sərgisini İstanbulda sənətsevərlərlə bir araya gətirdik.

Yenə Vanda Azərbaycanın əməkdar artisti, pianoçu və bəstəkar Turan Manafzadəni, Ankarada dünya şöhrətli caz və klassik pianoçu Şahin Növrəslini, Ərzurumda Şuşa adlı milli musiqi qrupunu qonaq etdik. Bu tədbirlər böyük diqqət çəkib, xalqlarımızın mədəni yaxınlığını daha da möhkəmləndirib. Qarşıdakı dövrdə bu əməkdaşlığı daha da inkişaf etdirməyi hədəfləyirik. Xüsusilə gənclərin inteqrasiyasını təmin edəcək layihələrə üstünlük vermək istəyirik.

Biz mədəni inteqrasiyanı gücləndirən yeni ideyalar üzərində işləyirik, məsələn, birgə sənət seminarları, gənc rəssamlar üçün mübadilə proqramları, ədəbiyyat və musiqi sahəsində birgə layihələr bu sıradandır. Bu məqsədlə həmkarlarımızla tez-tez görüşlər keçiririk.

- Türkiyə Kültür Yolu Festivalına Azərbaycanın incəsənət və mədəniyyət xadimlərindən kimləri dəvət edəcəksiniz?

- Festivalımız bu il 20 müxtəlif şəhərdə keçiriləcək və demək olar ki, bütün incəsənət sahəsindən minlərlə tədbir planlaşdırılır. Festivalımızda azərbaycanlı sənətçilərin də iştirakını xüsusilə istəyirik. Məsələ ilə bağlı Azərbaycan Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayırıq. Yaxın günlərdə adlar və proqramlar aydınlaşdıqda ictimaiyyətlə paylaşmağı planlaşdırırıq. Türkiyə və Azərbaycan bir çox sahələrdə əməkdaşlıq edir.

- Mədəni əlaqələr baxımından iki qardaş ölkə dünyada birgə proqramlar həyata keçirməyi planlaşdırırmı?

- Türkiyə və Azərbaycan hazırda “Bir millət, iki dövlət” anlayışı altında mədəni və sivil əlaqələri beynəlxalq aləmdə daha da gücləndirmək məqsədi ilə hərəkət edirlər. Biz ümumi mədəni irsimizi qorumaq və onu bütün dünyada daha görünüşlü etmək üçün beynəlxalq tədbirlər, festival proqramları və akademik əməkdaşlıq çərçivələri planlaşdırmağa davam edirik. YUNESKO, TÜRKSOY və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq qurumlarla birgə layihələr hazırlayırıq.

TÜRKSOY-un çətiri ilə hər il türk dünyası şəhərinin mədəniyyət paytaxtı elan edilməsi çərçivəsində Türkiyə və Azərbaycan şəhərlərinə üstünlük verilir. Əhəmiyyətli şəhərlərimizin bu proqrama daxil edilməsi istiqamətində işlər aparılır. Beynəlxalq arenada Türk Filmləri Festivalı, birgə konsertlər, ədəbiyyat günləri, rəsm sərgiləri və ənənəvi əlişləri emalatxanaları kimi tədbirlərin təşkili prioritetlərimiz sırasındadır.

- Türkiyənin Azərbaycanda mədəniyyətinin təbliğini necə qiymətləndirirsiniz? Bu missiyanı hansı qurumlarla həyata keçirirsiniz?

- Türkiyənin Azərbaycanda mədəni tanıtım fəaliyyəti iki ölkə arasında möhkəm qardaşlıq bağları və ortaq tarixi şüura uyğun olaraq həyata keçirilir. Mədəniyyət və Turizm Nazirliyi olaraq Türkiyənin mədəni və turizm dəyərlərinin Azərbaycanda ən yaxşı şəkildə tanınması üçün müxtəlif tədbirlər təşkil edirik.

Eyni zamanda, Yunus Əmrə İnstitutu (YEE), Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi və TİKA kimi qurumlarımız ölkələrimiz arasında mədəni əməkdaşlıq potensialının artırılması üçün müxtəlif layihələr icra edirlər. Bakıda və digər şəhərlərdə türk mədəniyyəti günləri, kino nümayişləri, konsertlər və sərgilər təşkil olunur. Məsələn, Türk mətbəxi həftəsi, türk filmləri həftəsi kimi tədbirlərlə azərbaycanlı dostlarımıza Türkiyənin zəngin mədəni irsini tanıtmış oluruq.

Azərbaycanda böyük marağa səbəb olan türk serialları və filmləri Türkiyənin mədəni və turistik dəyərlərini nümayiş etdirir. Biz birgə istehsal və əməkdaşlıqlarla mədəni əlaqələrimizi daha da gücləndirməyi hədəfləyirik.

- Batuhan bəy, Şuşaya, Qarabağa getmisinizmi?

- Təəssüf ki, Azərbaycanın bu böyük qələbəsindən sonra Şuşaya, Qarabağa getmək imkanım olmayıb, amma ən böyük arzum o yerləri gəzmək, torpaqlarımızın dirçəlişinin şahidi olmaqdır. Qarabağ təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük məna kəsb edən bir bölgədir.

Şuşa mədəni irsi, tarixi binaları və möhtəşəm təbiəti ilə Azərbaycanın ürəyidir. Torpaqlarımızın işğaldan azad edildiyini görmək, şəhidlərimizin fədakarlığını hiss etmək, Qarabağın yenidən qurulması prosesini müşahidə eləmək mənim üçün böyük qürur mənbəyi olacaq. Ümid edirəm ki, bu arzumu ən qısa zamanda həyata keçirmək imkanı əldə edəcəyəm.

- Azərbaycanın və Türkiyənin mədəniyyət nazirliyi qarşılıqlı mədəniyyət görüşləri təşkil edir. Əməkdaşlıqdan gözləntiləriniz nələrdir?

- İki qardaş ölkə arasında köklü mədəni əlaqələrin daha da gücləndirilməsi və birgə layihələrin işlənib hazırlanması məqsədilə Türkiyə ilə Azərbaycan arasında Mədəniyyət üzrə Birgə Komissiyanın iclasları keçirilir.

İndiyədək 4 il ərzində Mədəniyyət üzrə Birgə Komissiyanın iclaslarını keçirmişik. Görüşlər çərçivəsində hazırlanan tədbirlər planına uyğun olaraq iş qrafiki yaradılıb və bu çərçivədə iş sürəti azalmadan həyata keçirilir. Bu görüşlərin nəticəsi olaraq, biz “Bir millət, iki dövlət” anlaşması çərçivəsində ölkələrimizin mədəniyyət sahəsində əməkdaşlığını daha da inkişaf etdirməyi hədəfləyirik.

- Bəs iki mədəniyyət nazirliyinin nə kimi planları var?

- Bilirəm ki, Azərbaycan Mədəniyyət Nazirliyinin bizim nazirliyin təşkil etdiyi Mədəniyyət Yolu Festivallarında iştirakı sürətlə davam edir. Bu il Azərbaycan komandalarını bir neçə şəhərdə qəbul etməyi planlaşdırırıq.

Bundan əlavə, nazirlik olaraq biz Azərbaycan Mədəniyyət Nazirliyinə müxtəlif layihələrlə dəstək veririk. 2024-cü ilin dekabr ayında “Mədəniyyət hüququ” üzrə təlim keçmiş 8 azərbaycanlı tələbə nazirliyimizin Hüquq Məsələləri Baş İdarəsində 1 həftəlik təcrübə keçib. YUNESKO-nun Qeyri-Maddi İrs Siyahısına birgə faylın hazırlanması istiqamətində də işlər sürətlə davam etdirilir.

- Kino sahəsinə yad deyilsiniz, siz də aktyor kimi fəaliyyət göstərmisiniz. Maraqlıdır ki, Türkiyə-Azərbaycanın birgə istehsalı olan filmlər çəkməyi düşünürsünüzmü?

- Türkiyə ilə Azərbaycan köklü tarixi bağları, ortaq mədəni irsi və möhkəm dostluğu ilə hər sahədə olduğu kimi kino sahəsində də bir çox ortaq layihələrə həmmüəlliflik edir. Birgə film istehsalı iki ölkənin zəngin tarixini, mədəni dəyərlərini və ortaq qəhrəmanlarını geniş tamaşaçılara çatdırmaq üçün əvəzolunmaz vasitədir. Bu cür layihələr keçmişdən qalan ortaq əlaqələri möhkəmləndirməklə yanaşı, gənc nəsillərin də ümumi kimliklərini dərk etmələrinə töhfə verəcək.

Hazırda Türkiyə-Azərbaycan əməkdaşlığı çərçivəsində həyata keçirdiyimiz üç mühüm birgə istehsal layihəmiz var: “Nəsrəddin Xoca” adlı bədii film, “Narginli Sona” adlı sənədli film və “Vakit Tamam” adlı qısametrajlı film layihəsi. Bu layihələrin təmin etdiyi digər ümumi fayda isə iki ölkənin sənətçilərinin və kino sənayesinin bir araya gəlməsidir.

Bu baxımdan kino sahəsində gələcək daimi əməkdaşlıqları görmək də sevindiricidir. Ən böyük arzumuz odur ki, beynəlxalq aləmdə öz əksini tapacaq güclü əsərlərin üzə çıxmasına zəmin yaradaq. İnanırıq ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq ruhunu əks etdirən bu istehsallar iki xalqın bir-birinə daha da yaxınlaşmasına vəsilə olacaq.

- Qarabağın işğalı və zəfəri ilə bağlı birgə film çəkməyi düşünürüsüzmü?

- Ölkəmiz Qarabağın işğal altında olduğu illərdə həmişə Azərbaycanın haqlı mübarizəsini dəstəkləyib və bu prosesdə qardaş Azərbaycanın yanında olub. Qələbə iki ölkə arasında sarsılmaz qardaşlıq bağlarını daha da möhkəmləndirdi. Qarabağın işğal illərini, bu prosesdə yaşanan ağrıları, müqaviməti və sonda qələbəni gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.

Keçən il Kino Dəstək Şurasının qərarı ilə Qarabağ qələbəsindən bəhs edən “Dəmir yumruq” adlı bədii filmə dəstək verdik. Gələcəkdə Qarabağ zəfəri və bu yolda qəhrəmancasına mübarizə haqqında keyfiyyətli istehsal layihələrini dəstəkləməkdən çox məmnun olarıq. Bu müsahibədə Azərbaycanla kino sahəsində birgə aparılan və gələcəkdə də həyata keçiriləcək işlərə toxunmaq istərdim.

Azərbaycanın paytaxtı Bakıda bu il 8-ci dəfə keçiriləcək Türk Filmləri Həftəsi tədbirləri nazirliyimizin dəstəyi ilə baş tutacaq. İllərdir geniş iştirakla davam edən bu film həftəsində türk kinosundan görkəmli nümunələri Azərbaycan xalqının diqqətinə təqdim olunur və bu tədbirləri tanınmış sənətçilərimiz müşayiət edir.

Eyni ilə, nazirliyimizin dəstəyi ilə 28-29 aprel 2025-ci il tarixlərində "İstanbul Atlas Cinema"da Azərbaycan kino günləri keçiriləcək. Bu tədbirdə xalqımız Azərbaycan kinosu ilə tanış olmaq imkanı qazanacaq. Gələcəkdə imzaladığımız Mədəni Əməkdaşlıq Sazişi çərçivəsində daha çox tədbirlər təşkil etməyi planlaşdırırıq. Hazırda üzərində iş gedən və iki ölkə arasında imzalanacaq “Birgə istehsal müqaviləsi” ilə kino sahəsində əməkdaşlığımızı daha da zənginləşdirməyi hədəfləyirik.

- Sizcə, Azərbaycan nəşriyyatları ilə münasibətləriniz qənaətbəxşdirmi? Azərbaycanlı yazarların Türkiyədə, türk yazarlarının Azərbaycanda tanınması üçün hansı addımlar atıla bilər? Birgə nəşriyyatın yaradılması ideyası mümkündürmü?

- Son illər ölkəmizlə Azərbaycan arasında hər sahədə olduğu kimi nəşriyyat sahəsində də əməkdaşlıq yüksələn xətlə davam edir, təcrübə mübadiləsi, hər iki ölkənin nəşriyyat sektoruna dəstək məqsədilə bir çox tədbirlər, layihələr icra olunur. “TEDA” proqramı çərçivəsində 148 yazıçının 236 əsərinin Azərbaycan dilində nəşri üçün Azərbaycandan 29 nəşriyyat tərəfindən edilən müraciətlərə dəstək verilib. İndiyədək bu dəstəklənən əsərlərdən 178-i Azərbaycanda çap olunaraq oxuculara təqdim edilib.

Digər tərəfdən, iki ölkənin nəşriyyat sektorları arasında kommersiya əlaqələrinin inkişafı üçün intensiv səylər göstərilir. Nazirliyimiz 5-9 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində “Fəxri qonaq” kimi iştirak edib. Bu çərçivədə təşkil edilən 16 tədbir və mədəniyyət proqramında iştirak etmək üçün yarmarkaya yazıçılar, sənət adamları, alimlər və 22 nəşriyyat nümayəndəsindən ibarət 31 nəfərlik nümayəndə heyəti qatılıb və müxtəlif görüşlər təşkil edilib.

Nazirliyimiz tərəfindən 2024-cü il 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində Azərbaycanın fəxri qonaq qismində iştirakıyla əlaqədar 20-ə yaxın nəşriyyat nümayəndəsi ölkəmizdə qonaq olub və iki ölkə arasında bu sahənin daha da inkişafı üçün əlaqələrinin qurulması baxımından danışıqlar aparılıb. Hər il nazirliyimiz vasitəsilə Bakı Beynəlxalq Kitab Sərgisinə 20-yə yaxın nəşriyyat nümunəsi göndərilir və biz nəşriyyatlarımızın müəllif hüquqlarının qarşılıqlı mübadiləsini təmin edirik.

Azərbaycanlı yazarların Türkiyədə, türk yazarlarının isə Azərbaycanda tanınması ilə bağlı tədbirlər davam edir. Bir tərəfdən nazirliyimiz azərbaycanlı oxucularla görüşmək üçün türk yazarlarını Bakı Beynəlxalq Kitab Sərgisinə xüsusi dəvət edir. Digər tərəfdən, Bakı Beynəlxalq Kitab Sərgisində və müxtəlif məkanlarda türk yazarları və onların əsərləri haqqında tanıtım tədbirləri təşkil olunur.

Bundan əlavə, Azərbaycan yazıçılarını Türkiyədə qəbul etmək, kitab yarmarkalarında və digər mədəniyyət məkanlarında tədbirlər təşkil etmək üçün müvafiq qurumlarla, xüsusən də Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq edirik.

- Azərbaycanla Türkiyə arasında turist axınının artırılması istiqamətində hansı işlər görülür?

- Turizm məlumatları göstərir ki, xaricə gedən Azərbaycan vətəndaşlarının ilk seçimi Türkiyədir. Eyni zamanda Türkiyə də Azərbaycana ən çox turist göndərən ilk 5 ölkə sırasındadır. Bu məlumatlar Azərbaycanın Türkiyə üçün önəmli olduğu kimi Türkiyənin də Azərbaycan turizmi üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.

2024-cü ilin noyabrında Mədəniyyət və Turizm Naziriliyi və Dövlət Turizm Agentliyi arasında Türkiyə ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Biz ölkələrimiz arasında turist axınını artırmaq üçün imzalanmış bu müqaviləyə uyğun olaraq müəyyən etdiyimiz məqsədlərə çatmağı planlaşdırırıq. Həmçinin Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində (AITF) türk stendləri açaraq turizm peşəkarları ilə əməkdaşlığı inkişaf etdiririk.

Turizmin İnkişafı Agentliyimizin koordinasiyası ilə Azərbaycanda nüfuzlu sosial mediaya təsir göstərənləri və səyahət blogerləri Türkiyəyə dəvət olunur və destinasiyaların tanıtımları aparılır. "GoTürkiye" rəqəmsal platformasında Azərbaycan türkcəsində xüsusi məzmunlar hazırlanır. Bu səylər sayəsində Türkiyə azərbaycanlı turistlər üçün prioritet istirahət məkanı olmağa davam edir və iki ölkə arasında turizm həcmi hər il artır.