BAKI, 25 dekabr. TELEQRAF
"Dünya neft bazarı hazırda balanslıdır."
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının baş nazirinin müavini Aleksandr Novak “Rossiya-24” telekanalına müsahibəsində deyib.
“Bu gün neft bazarı balanslıdır. Biz görürük ki, tələbatın aşağı olduğu dövrdə hasilatın artırılması barədə qərar qəbul edilmir. Tələbat artdıqca bazarın böyüməsi ilə paralel olaraq hasilat da artırılır.”- deyə o qeyd edib.
Qeyd edək ki, ötən ilin əvvəlindən OPEC+ çərçivəsində səkkiz ölkə (Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyt) neft hasilatını könüllü şəkildə ümumilikdə gündə 2,2 milyon barel azaltmışdı. Bu ilin aprelindən sözügedən ölkələr azaldılmış həcmləri tədricən bazara qaytarmağa başlayıblar və sentyabr ayında OPEC+ “səkkizliyi” könüllü 2,2 milyon barel/günlük ixtisarlardan tamamilə çıxıb. Bu, ilkin plandan bir il əvvəl baş verib.
Bununla yanaşı, oktyabr ayından etibarən həmin dövlətlər neft hasilatının gündə 1,65 milyon barel azaldılması qərarından da mərhələli şəkildə imtina etməyə başlayıblar. Bu çərçivədə hasilatın gündə 137 min barel artırılması barədə razılıq əldə olunub və eyni qərar 2025-ci ilin noyabr və dekabr ayları üçün də qüvvədə saxlanılıb.