Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın neft və qazın ixracından əldə etdiyi gəlirlər məlum olub.
Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan 22 milyard 804 milyon 183,89 min kubmetr həcmində təbii qaz ixrac edib və bu ixracın dəyəri 8 milyard 117 milyon 484,65 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi ötən ilin ilk 11 ayı ilə müqayisədə 3,05% azalsa da, dəyəri 6,7% artıb. Azərbaycanın ümumi ixracında təbii qazın payı 34,69% olub.
İxrac edilən neftin həcminə gəlincə, 11 milyard 514 milyon 966.53 min dollar dəyərində 22 milyon 132 min 445.56 ton xam neft və xam neft məhsulları satılıb.
Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çox, dəyəri isə 13,4 % azdır.
Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 49,21 % olub.