BAKI, 6 oktyabr. TELEQRAF

Ötən ay süd məhsulları üzrə qlobal qiymət indeksi avqust ayı ilə müqayisədə 2,6 faiz azalaraq 148,3 bəndə enib.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabtında qeyd olunub.

Sənədə görə, qiymət indeksi ardıcıl üçüncü ay azalsa da, hələ də ötən ilin eyni dövründəki səviyyəsindən demək olar ki, 9 faiz çoxdur:

"Bütün alt indekslər azalıb. Kərə yağının qiyməti 7, yağsız süd tozu 4,3, tam yağlı süd tozu kotirovkaları isə 3,1 faiz ucuzlaşıb. Təkcə pendirdə cüzi azalma qeydə alınıb.

Kərə yağının qiyməti dondurmaya tələbin azalması və Yeni Zelandiyada süd istehsalının artacağı gözləntiləri ilə düşüb. Bu əhəmiyyətli azalmaya baxmayaraq, kərə yağının qiyməti hələ də 2024-cü ilin orta göstəricisindən 6,3 faiz yuxarıdır".

Qeyd edək ki, süd tozu qiymətləri əsas idxalçıların tələbinin azalması və ixrac rəqabətinin artması səbəbindən düşüb.