BAKI, 17 sentyabr. TELEQRAF
2025-ci ilin yanvar-avqust aylarında Bakı şəhərinda pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 23 milyard 554,6 milyon manat olub.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 3,7 faiz artaraq 12 milyard 955,8 milyon manata, qeyri-ərzaq malları isə 4,3 faiz artaraq 10 milyard 598,8 milyon manat olub.
Beləliklə, hesabat dövründə ölkə üzrə reallaşdırılan 40 milyard 423 milyon manat dəyərində pərakəndə ticarət dövriyyəsinin 23,5 milyardı paytaxtın payına düşüb.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,8 faiz artıb. İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 50,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.