BAKI, 11 sentyabr. TELEQRAF
Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2025-ci ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,7 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 12,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib.
Ötən ilin yanvar-avqust ayları ilə müqayisədə bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,0 faiz, fərdi sahibkarlar üzrə 1,0 faiz, bazar və yarmarkalarda isə 3,9 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 493,6 manatlıq, o cümlədən 271,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 222,2 manatlıq qeyri-ərzaq malları alıb.