BAKI, 3 iyun. TELEQRAF

İsti yay günlərinin əvəzolunmaz nemətləri olan mövsümi meyvələr bu il sözün həqiqi mənasında əl yandırır. Səbəbi öyrənmək üçün ilk əvvəl bazara yollandıq.

Satıcılar Teleqraf-ın suallarına cavablarında bildiriblər ki, qiymətlər stabildir. Onlar bunun səbəbini isə bolluqla əlaqələndiriblər.

"İstər süfrələr üçün seçilən giləmeyvələr, istərsə də yay meyvələri bu gün alıcılar üçün əlçatandır", - deyə satıcılardan biri söyləyib.

Öyərəndik ki, gilasın qiyməti 4 manatdan başlayaraq 9 manata qədər dəyişir. Ağ gilas isə 5 manat 50 qəpiyə təklif olunur.

Çiyələyin kiloqramı 5-5.30 manat arasında dəyişir, ərik isə 5 manata satılır.

Lakin rənginə görə bu meyvənin qiymətində müəyyən aşağı və yuxarı hədlər var. Məsələn, rəngi bir qədər tünd olan ərik 2.50, 4.50 və 4.90 manatdan təklif olunur.

Şaftalı 2.50 və 4.40 manata satıldığı halda, yastı şaftalının qiyməti 3.50 və 4 manat arasında dəyişir.

Nektarin 3.50 manata, alça isə çeşidindən asılı olaraq 2, 3.50 və ya 5 manata təklif edilir.

Tut 4.50 manata, banan isə 2.60 və ya 3.40 manata satılır.

Almanın kiloqramı 2.40 manata, armud isə 3 manata müştərilərə təklif olunur.

Satıcılar isə bildiriblər ki, məhsulun qiymətinin baha olmasına təsir edən əsas amillərdən biri vasitəçilərin çoxluğudur:

“Məhsul istehsalçısından son alıcıya çatanadək arada çox sayda vasitəçi olur. Məsələn, kəndli bir məhsulu bir qiymətə satır, kənddəki alıcı onu topdan alır və Bakıya göndərir. Bakıya çatan məhsulu şəhərdəki alıcı topdan alır və onu pərakəndə satıcılara satır. Bu prosesdə azı 3 vasitəçi olur. Bu da məhsulun qiymətini artırır”.

Azərbaycanda ənənəvi problemlərdən biri fermerlərin böyük şəhərlərdəki bazarlara əlçatanlığının aşağı səviyyədə olmasıdır. Ekspertlər bildirir ki, bu səbəbdən nəqletmə, daşımada, yəni bazarlara məhsulların çıxarılmasında müəyyən problemlər yaşanır.

Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin hesabatlarına inansaq bu il məhsuldarlıq elə də zəif deyil. 2025-ci ilin yanvar-aprel aylarında ötən ilin yanvar-aprel ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,8 faiz artıb. Hesabat dövründə 194 milyon manatlıq bitkiçilik məhsulu istehsal edilib. Bu da 9,3 % artım deməkdir. 2025-ci ilin aprelində martla müqayisədə meyvənin istehlak qiymətləri 2,5 % artıb.