BAKI, 24 may. TELEQRAF
Azərbaycanda 2025-ci ilin 1 aprel tarixinə ünvanlı dövlət sosial yardım alanların ümumi sayı 329,738 nəfər olub.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, ən çox sosial yardım alan bölgə Lənkəran-Astara iqtisadi rayonu olub – burada 55 584 nəfər yardımdan faydalanıb. İkinci yerdə Bakı şəhəri (45 318 nəfər), üçüncü yerdə isə Gəncə-Daşkəsən iqtisadi rayonu (31 349 nəfər) qərarlaşıb. Ən az yardım alan bölgələr isə Şərqi Zəngəzur (10 848 nəfər) və Şəki-Zaqatala (11 627 nəfər) iqtisadi rayonlarıdır.
Yardım məbləği baxımından isə ən yüksək orta aylıq məbləğ Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb – burada bir nəfərə 106,18 manat düşüb. Bu göstərici həm də ölkə üzrə orta göstəricidən yüksəkdir. Lənkəran-Astara (104,47 manat), Quba-Xaçmaz (104,45 manat) və Şirvan-Salyan (103,89 manat) iqtisadi rayonlarında da orta məbləğ ölkə ortalamasını üstələyib.
Əksinə, ən aşağı orta aylıq yardım Bakı şəhərində qeydə alınıb – 100,34 manat. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası (100,77 manat), Abşeron-Xızı (100,78 manat) və Şərqi Zəngəzur iqtisadi rayonu (100,93 manat) da nisbətən aşağı göstəriciyə malik bölgələr sırasındadır.
Qeyd edək ki, ölkə üzrə 1 nəfərə düşən sosial yardımın orta aylıq məbləği 102,95 manat təşkil edib.