BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunun əməkdaşlıq toplantılarının yekunları “Gənclər və sosial inklüzivlik üzrə qlobal gündəlik: Məşğuliyyət üçün ümumi baxış və imkanlar” mövzusunda tədbirdə geniş müzakirə olunub.

BMT Sivilizasiyalar Alyansının layihə əlaqələndiricisi İzabel Tibinin moderatorluğu ilə keçirilən tədbirdə BMT baş katibinin gənclər üzrə nümayəndəsi Əhməd Əlhəndavi Forumun təşkilində Azərbaycanın rolunu xüsusi vurğulayıb. Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini deyən Ə.Əlhəndavi təşkilatçılara müzakirə üçün əlverişli platforma yaratdıqlarına görə minnətdarlığını bildirib. Gənclərin çox zaman problemin bir hissəsi kimi qarşılandığını qeyd edən BMT baş katibinin gənclər üzrə nümayəndəsi deyib:

“İnsan haqları, davamlı inkişaf, sülh və əmin-amanlıq BMT-nin vacib sütunlarıdır. Biz hər zaman hər bir ölkənin gündəminə bu məsələlərin düşməsinə çalışmalıyıq. Tarixən gənclər təhsillə əlaqəli olan şəxslər kimi qəbul edilib. İnsanlar sülh və əmin-amanlığa töhfə verir. BMT Təhlükəsizlik Şurası ötən il münaqişə zonalarında yaşayan 600 milyondan çox gənclə bağlı mühüm qətnamə qəbul etdi. Biz gənclər yeni forumların, müzakirə üçün məkanların təşkilinə çalışırıq. 2015-ci ildə 45 min insan İŞİD-ə qoşulub. Bu, bizi narahat edir. Bu forumda formalaşdıracağımız əsas meyarlar mentalitetin dəyişməsinin təzahürü olacaq və gələcəyə böyük töhfələr verəcək”.

BMT Dünya Assosiasiyaları Federasiyasının davamlı inkişaf üzrə rəsmisi Mari Ulman qurumun çərçivəsində fəal şəkildə qlobal əməkdaşlığın yaradılmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə daha perspektivli uğurlara imza ata bilməyin mümkünlüyünə toxunub. Gəncləri ruhlandırmağın əhəmiyyətini qeyd edən Mari Ulman təhsilin adətən əsas hədəfə çatmaq üçün vasitə olduğunu bildirərək deyib: “Potensial quruculuq gənclərin ölkələrinə qayıdarkən öyrəndiklərini tətbiq etmələrinə kömək edə bilər. Biz gəncləri həvəsləndirməliyik. Bu Forum qlobal məsələlərin öyrənilməsi üçün gözəl fürsətdir. Biz gəncləri bizimlə birgə işləməyə çağırırıq”.

Qana Gənc Sülh Qurucuları Şəbəkəsinin gənclər üzrə əsas əlaqələndiricisi Rəşid Zubeyru Suriya böhranının və dünyada baş verən iqtisadi böhranın ciddi çətinliklər yaratdığını diqqətə çatdırıb. Sosial cəhətdən gənclərin yetişdirilməsinin vacibliyini vurğulayan Rəşid Zubeyru gənc insanların sülhməramlı fəaliyyətə cəlb edilməsinin gələcəkdə problemlərin həlli üçün əhəmiyyətli silah olacağına əminliyini bildirib.

Gənc Sülh Qurucuları Birləşmiş Şəbəkəsinin aparıcı koordinatoru Sölvi Karlson vurğulayıb ki, gənc insanlar bəzən yanlış olaraq onlara qarşı hər hansı bir kampaniyanın aparıldığını düşünürlər. Bu, səhv fikirdir. Gənclər təşkilatları olaraq biz gənclərin belə fikirlərə qapılmasının qarşısını almalıyıq. BMT-nin müvafiq qurumları burada əhəmiyyətli rol oynayır. BMT Təhlükəsizlik Şurası çərçivəsində qətnamələrin qəbul olunmasına nail olduq. Lakin bu, kifayət deyil. Gənclərin üzərinə düşən funksiyaları yerinə yetirmələrinə çalışmalıyıq. Hər bir gənc dünyanın müsbətə doğru dəyişməsinə töhfə verə bilər.

Ölkəmizin müstəqilliyini bərpa etməsinin bu il 25-ci ildönümünün qeyd olunduğunu deyən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ötən əsrin sonlarında Azərbaycanın müharibə ilə üzləşdiyini, ərazilərimizin 20 faizinin işğal olunduğunu və bu ərazilərin dağıntılara məruz qaldığını diqqətə çatdırıb.

O, Azərbaycan Hökumətinin gənclərin multikultural dəyərlər əsasında formalaşmasına, sülhməramlı tədbirlərdə fəal iştirak etmələrinə hər zaman böyük önəm verdiyini xüsusi vurğulayıb. Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, Bakının artıq qlobal məsələlərin müzakirəsi üçün önəmli məkan olduğunu söyləyən F.Hacıyev ölkəmizdə bir çox dinlərin nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşamasını mədəniyyətlərarası dəyərlərə necə böyük önəm verməsinin təzahürü kimi dəyərləndirərək deyib: “Bizim gənclərimiz ölkəmizi, regionumuzu daha da çiçəkləndirməyə çalışırlar.

Biz gənclərin ideyalarının reallaşması işinə böyük önəm veririk. Fondumuz gənclərin fərdi layihələrinin həyata keçirilməsinə çalışır. Azərbaycanın gəncləri kifayət qədər güclüdür. Biz sülhün, tolerantlığın, dini dözümlülüyün bərqərar olunmasına, layihələrimizdə davamlı inkişaf məqsədlərinin prioritet kimi əks olunmasına çalışırıq”.

***

“Milli, dini, irqi mənsubiyyətindən asılı olmayaraq insanların harmoniya və tolerantlıq ənənələrində yaşadığı Azərbaycanda 2016-cı ilin multikulturalizm ili elan edilməsi ümumibəşəri dəyərlərə sadiqliyimizi bir daha göstərdi. İnklüziv cəmiyyətin formalaşdırılması cəmiyyət qarşısında duran ən böyük çağrılardandır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda BMT Sivilizasiyalararası Alyansının 7-ci qlobal forumu çərçivəsində keçirilən biznes simpoziumunda deyib.
O bildirib ki, son illər dünyada gedən proseslər, tolerantlıq ənənələrinin sarsılmaz hesab edildiyi bəzi ölkələrdə baş verən hadisələr məsələnin aktuallığını daha da artırır: “Buna görə bu gün işinə başlayan biznes simpozium üçün inklüziv cəmiyyətdə özəl biznesin rolu və məsuliyyəti seçilib. Məlum olduğu kimi, inklüzivlik, yoxsullar, fiziki və əqli cəhətdən qüsurlu şəxslər, qaçqınlar və köçkünlər, məhkumlar və cəmiyyətin digər həssas qrupları üçün gəlir əldə etmək imkanlarının yaradılması, onların maddi nemətlər əldə etməsi və onlardan yararlanmaq imkanlarının artırılmasını, başqa sözlə, rifahın təmin edilməsini nəzərdə tutur.

İnklüziv cəmiyyətlərin formalaşmasında ən böyük pay özəl biznesin payına düşür. Dünya ölkələrində cəmiyyətin inklüzivliyini təmin etmək üçün bir sıra müxtəlif inkişaf və sosial yönümlü layihələr icra olunur. Belə layihələrə misal olaraq yoxsulluq səviyyəsinin nisbətən yüksək olduğu regionlarda iş yerlərinin yaradılmasını təmin edən investisiya layihələrinin icrasını göstərmək olar”.

Nazir bildirib ki, inklüziv cəmiyyətin formalaşması baxımından bir sıra ölkələrin üzləşdiyi əsas çağırışlardan biri qaçqın və miqrantların məskunlaşdığı məkanların cəmiyyətin bir parçasına çevrilməsinin, öz vətənlərini tərk etmək məcburiyyətində olan şəxslərin cəmiyyətin tam hüquqlu üzvləri kimi qəbul edilməsini və onların elmi, iqtisadi və yaradıcılıq potensillarının tam həcmdə reallaşdırmasını təmin etməkdir: “Bu gün Cənubi Qafqaz regionun inkişafında ən böyük maneə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunan və bir milyondan çox qaçqını normal həyat şəraiti ilə təmin etmək vəzifəsi ilə üzləşmiş Azərbaycan bu problemin nə qədər ağır olduğunu və onun həllinə nə qədər səylərin tələb olunduğunu aydın anlayır. Ölkəmiz bu işə böyük vəsaitlər yönəltməklə bərabər beynəlxalq təşkilatlarla da bu sahədə əməkdaşlıq edir. Yeri gəlmişkən, BMT strukturlarının dəstəyi ilə Azərbaycanda inklüziv cəmiyyətin formalaşması və qaçqın və məcbui köçkünlərin, əlil və qadınların vədigər həssas qrupların rifahının yüksəldilməsinə yönələn layihələr icra olunub”

***

“Bakıda keçrilən VII Qlobal Forumu qarşıda duran məqsədlərə çatmaq yolunda qətiyyətli addımdır”.


Teleqraf.com xəbər verir ki, bunu Bakıda səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı (UNAC) üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir bildirib.


Ali nümayəndə forumun keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək, onun nəticələrinin müsbət olacağına əminliyini bildirib: “Gənclər bizim fəaliyyətimizin əsas dayaqlarından biridir. Biz Bakıda toplaşaraq inklüziv cəmiyyətlər qurmaq istiqamətində gənclərin fikir və düşüncələrini, təkliflərini eşitmək üçün müzakirələr aparırıq. Bu mühüm platformaya şərait yaratdığına görə Azərbaycan hökumətinə dərin minnətdarlığımı bildirirəm”.


Nasir Əbdüləziz Əl-Nasir Gənclər Forumunun mədəniyyətlərarası dialoq, təhsil, əməkdaşlıq və sairə kimi konkret hədəflərə istiqamətləndiyini bildirib: “Biz inklüziv cəmiyyətlər olmadan qarşıya qoyulan məqsədlərə nail ola bilmərik. Biz məhz gənclərin düşüncələri, fəaliyyətləri və təşəbbüsləri nəticəsində dünyanı daha yaxşı məkana çevirə bilərik.


BMT-nin Sivilizasiyalar Alyansının həyata keçirdiyi müxtəlif proqramlar çərçivəsində hər il gənclərin müxtəlif düşüncələrinin öyrənilməsi, habelə onların dünyanın fərqli bölgələrinin mədəniyyətlərini öyrənmələri baxımından mühüm imkanlar əldə edir. Məhz bu mübadilə proqramları çərçivəsində gənclər dünyanın müxtəlif bölgələrində baş verən hadisələri, problemləri bilavasitə müşahidə edir, onları qiymətləndirir və həll olunması üçün daha artıq səy göstərməyə çalışırlar”.


Nasir Əbdüləziz Əl-Nasir UNAC-ın Maliyyə Fondu tərəfindən gənclərin təşəbbüs və layihələrinin maliyyələşdirilməsinin onların daha səmərəli fəaliyyət göstərmələrinə imkan yaratdığını vurğulayıb: “BMT-nin Təhlükəsizlik Şurasının dünyada mövcud problemlərin həlli ilə bağlı bəzi qətnamələrində gənclərin düşüncələri də nəzərə alınır. Biz bilirik ki, gənclərin təşəbbüslərini dəstəkləməsək, onların fəaliyyəti üçün əlverişli şərait yaratmasaq inklüziv cəmiyyət formalaşdırmaq mümkün deyil. Məhz bu baxımdan belə forumlar, tədbirlər, təqdimatlar mühüm əhəmiyyət kəsb edir”.

***

"Dünyanın müxtəlif ölkələrindən parlaq zəkalı gənclərin Bakıda toplaşması qarşıda duran poblemlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir".

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Gənclər Forumunun açılışında deyib.

Nazir bildirib ki, Azərbaycanda gənclər sahəsində mühüm tədbirlər həyata keçirilir: "Azərbaycan gənclərin səsinin dünyaya çatdırılması istiqamətində beynəlxalq miqyasda təşəbbüsləri dəstəkləyir".

A.Rəhimov deyib ki, bu il Azərbaycanın ikinci ən böyük şəhəri - Gəncə Avropa Gənclər Paytaxtı oldu: "Ölkəmizdə həmçinin digər beynəlxalq tədbirlər, o cümlədən skautların forumu da təşkil edilir. Bütün bunlar Azərbaycanın gənclər sahəsində həyata keçirdiyi tədbirlərin göstəricisidir".

Nazir deyib ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb: "Bu Fond gənclərin fəaliyyətinin və təşəbbüslərinin dəstəklənməsi istiqamətində mühüm fəaliyyəti təmin edir".

Hazırda bəşəriyyətin İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün problemləri ilə üzləşdiyini deyən A.Rəhimov dünyada yaranan münaqişə ocaqlarına xeyli sayda gənclərin qoşulmasının sülh çağırışlarına zidd olmaqla yanaşı, sabitliyə də ciddi təhdid olduğunu bildirib. Nazir qeyd edib ki, dünyada davamlı inkişaf üçün heç kimi geridə qoymayaraq bərabər inkişafa nail olmalıyıq.

Müasir dövrdə terrorçu qruplaşmaların fəaliyyətinin gücləndiyini və ciddi təhlükəyə çevrildiklərini deyən A.Rəhimov vurğulayıb ki, təəssüf ki, beynəlxalq ictimaiyyət bu problemlərin qarşısını almaq üçün səmərəli tədbir görə bilmir: "İyirmi ildən artıqdır ki, Azərbaycanın da ərazilərinin 20 faizi işğal altındadır. Ümid edirik ki, gələcək nəsillər bu müharibəninin acı nəticələrini görməyəcəklər".

***

Bu gün Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Gənclər Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” adlı toplantısı işinə başlayıb.


Publika.az xəbər verir ki, iclas aprelin 26-da Bakıda açılışı olacaq BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq məqsədi daşıyır.


Tədbirdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Bakıda keçirilən beynəlxalq tədbirin əhəmiyyətindən danışıb: “Biz Bakıda öz fikirlərimizi bölüşməyə və dünyanı narahat edən məsələləri müzakirə etməyə gəlmişik. Bu cür mötəbər tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycan hökumətinə təşəkkür edirəm”.


Nasir Əbdüləziz Əl-Nasir qeyd edib ki, dünya cəmiyyəti sülhsevər istiqamətdə yaşamağa borcludur: “Bizim əsas işimiz mədəniyyətlərarası dialoqun tətbiqi və təşviqi olmalıdır. Hədəflərimiz inklüziv cəmiyyətlərə daha sıx olmalıdır. Gənclər dəyişikliyin əsas katalizatorudur. Ona görə də bu tədbirdə gənclərin üstünlük təşkil etməsi təsadüfi deyil. Gənclər birgəyaşayışı və multikulturalizmi daha geniş təbliğ edə bilərlər. Gənclər insanları həmrəylik və humanizmə daha çox yaxınlaşdıra bilər”.


Daha sonra çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətini vurğulayıb: “İlk növbədə mən bütün qonaqları Azərbaycanda salamlayıram. Mən bu savadlı gəncləri və nümayəndələri Azərbaycanda görməkdən şadam”.


L.Əliyeva deyib ki, Azərbaycan Şərq və Qərb arasında körpü rolunu oyanyır: “Ölkəmiz tarixi İpək yolu üzərində yerləşir. Bu isə bizim mədəniyyətimizə və həyatımıza da təsir göstərir. Azərbaycan tarixi zənginlikləri ilə yanaşı, coğrafi zənginlikləri və biomüxtəlifliyi ilə də seçilən ölkədir. Mən BMT-nin FAO təşkilatının xoşməramlı səfiri olaraq onu da qeyd edim ki, hər saniyə dünyada aclıqdan bir nəfər həyatını itirir. FAO dünyada aclığın aradan qaldırılmasına çalışır. Biz çalışmalıyıq ki, dünyada aclıqdan heç kəs ölməsin. Bu zərurət olmalıdır. Qida təhlükəsizliyinin təmin olunması həddən artıq vacibdir.


Biz uzun müddətli sabitliyə imza atmaq istəyirik. Dünya qida təhlükəsizliyi məsələsinə ciddi yanaşmalıdır. Biz gənclər üçün sabit təminatlı yaşayışı yaratmalıyıq. Biz 5 il ərzində Azərbaycanda 5 milyondan artıq ağac əkmişik. Eyni zamanda biz təbiətin və ekologiyanın qorunması ilə bağlı təbliğat aparırıq. Biz ölkədə ekoloji avtomobillərin sərgisini təşkil etmişik.

Nəsli kəsilmək üzrə olan heyvanların qorunmasına çalışırıq. Qafqaz regionunda da nəsli kəsilmək üzrə olan heyvanlar var. Biz onların qorunması üçün lazım olan addımları atırıq”.


L.Əliyeva qeyd edib ki, çağdaş cəmiyyət böyük sınaqlar ərəfəsindədir: “Bizim fəaliyyətimiz saniyələrlə ölçülür. Hər birimiz fərz edib düşünməliyik ki, dünyada bütün heyvanların nəsli kəsiləcək. Ona görə də hər birimiz çalışmalıyıq ki, təbiəti qoruyaq. Hər birimiz birgə fəaliyyət göstərməliyik. İnanıram ki, biz gələcəkdə daha firavan, daha yaşıl həyat qura biləcəyik”.

Tədbirdə irqçiliyə qarşı mübarizədə dünya cəmiyyətlərinin birgə səylər göstərilməsinin və bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına nail olunmasının vacibliyi vurğulanıb.

Qeyd olunub ki, son vaxtlar dünyanın ayrı-ayrı yerlərində müxtəlif dini, irqi ayrı-seçkiliklər və bunun nəticəsində yaranan problemlər müşahidə olunur.

Tədbirdə çıxış edənlər bildirib ki, bütün bu cür problemlərin aradan qaldırılması üçün ilk növbədə ədalətli cəmiyyət və qarşılıqlı etimad olmalıdır.

İrqçiliklə bağlı yaranan problemlər BMT-ni də narahat edir. Ona görə də dünya ölkələri bu məsələ ilə bağlı birgə çalışmalıdır.


Vasif Həsənli