
ASTARA, 15 iyun. TELEQRAF
ABŞ və Avropa ölkələrinin bir qrup vətəndaşı İrandan Azərbaycana təxliyə olunub.
Teleqraf-ın Cənub bürosunun hadisə yerində olan əməkdaşı xəbər verir ki, onlar Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana keçiblər.
Təxliyə üçün sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq açılıb.
Azərbaycan hökuməti təxliyə olunan əcnəbiləri daşımaq üçün əraziyə avtobuslar göndərib. Bundan başqa sərhəd-keçid məntəqəsinə təcili tibbi yardım briqadası ezam olunub.
Təxliyə olunan 10 nəfərlik qrupda Portuqaliya və ABŞ vətəndaşları yer alıb. Onlar bu çətin vəziyyətdə Azərbaycan dövlətinin sərhədlərini humanitar məqsədlə açmasını yüksək qiymətləndiriblər, ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi üçün yardım istəyib. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün şərait yaradır.