BAKI, 21 fevral. TELEQRAF

Ötən gün axşam saatlarından ölkə ərazisində qarlı hava müşahidə olunur. Maraqlıdır, belə hava şəraiti universitetlərdə dərs prosesinə necə təsir edib?

Teleqraf bu sualla universitetlərə müraciət edib.

Azərbaycan Texniki Universitetin mətbuat katibi Sevinc İsgəndərova: “Qarlı hava şəraiti ilə əlaqədar dərsə davamiyyətlə bağlı heç bir problem yaşanmır. Tələbələr adi günlərdə olduğu kimi dərslərdə iştirak edir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev bildirib ki, yollarda nəqliyyatın hərəkətində yaranan çətinlik və sıxlıqla əlaqədar ilk dərs saatlarında müəyyən gecikmə halları qeydə alınıb:

“Təbii olaraq, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, tələbələrin dərsə davamiyyətində müəyyən azalma müşahidə edilməkdədir. Lakin müvafiq qurumların həyata keçirdiyi operativ tədbirlər nəticəsində şəhər nəqliyyatında tədris prosesinə ciddi şəkildə təsir edə biləcək problem müşahidə edilmir. Pedaqoji Universitetdə tədris prosesi adi günlərdə olduğu qaydada davam edir. Ali təhsil müəssisələrində tətbiq edilən kredit sistemində bu və ya bu kimi ekstremal hallar nəzərə alınmaqla tələbələrin hər bir fənn üzrə dərs saatlarının 25%-ə qədərində iştirak etməmək hüququ nəzərdə tutulub. Bu hüquq nəzərə alınmaqla mövcud hava şəraiti ilə bağlı ADPU-da əlavə güzəşt mexanizmləri nəzərdə tutulmayıb”.

ADA Universitetinin mətbuat katibi Şəbnəm Məhərrəmova: “Kampusu açıq olsa da, hava şəraiti ilə əlaqədar əməkdaşların evdən işləməsinə, dərslərin isə onlayn formatda keçirilməsinə icazə verilib. Lakin tələbələrin kampusa gəlməsi ilə bağlı heç bir qadağa və ya məhdudiyyət tətbiq edilmir”.

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva universitetdə dərsə davamiyyətin normal olduğunu bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova: “Hələ ki, davamiyyətlə bağlı bir problem yoxdur. Tələbələr dərsə gəliblər və dərslər həmişəki qaydada keçirilir. Dərsə gecikən tələbələr nəzərə alınır”.

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova tələbələrin dərsə davamiyyətində heç bir problem yaşanmadığını dərslərin normal, adi günlərdəki kimi davam etdiyini vurğulayıb.

Sumqayıt Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Elgün Rüstəmlilər: “Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraitindən asılı olmayaraq, təlim-tədris prosesi fasiləsiz davam edir. Ümumilikdə ötən günlərlə müqayisədə ciddi azalma qeydə alınmayıb”.

Qarabağ Universitetinin mətbuat katibi Aytən Quliyeva: “Ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar tələbələrimizin davamiyyətində əvvəlki günlərlə müqayisədə heç bir azalma müşahidə edilmir və təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir”.