Azərbaycanın qazandığı tarixi-strateji qələbənin miqyası o qədər böyükdür ki, bunu dərk etmək üçün zamana ehtiyac var. Qələbə çoxvektorludur – şaquli dərin və üfüqi coğrafi. İkinci görünən tərəfdir, hamımız bunu vizual olaraq aydın görürük ki, torpaqlarımız işğaldan azad edildi. Birinci isə heç də hamımızın görə bilmədiyi dərin qatlardadır. Zamanla üzə çıxdıqca biz onu dərk edəcəyik.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

O qeyd edib ki, məhz dərin qatlarda baş verən hadisələr mənsub olduğumuz geostrateji rayonun gələcəyini təyin edəcək. Onun sözlərinə görə, bu, elə bir gələcək olacaq ki, Azərbaycan-Türkiyə tandemi yeni dünya nizamında diqtə edən güc mərkəzlərindən birinə çevriləcək:

“Düşməni və onun havadarlarını pərişan edən, “İrəvan artıq Türkiyənin vilayətidir” deməyə məcbur olanlar da məhz bu strateji dərinlikdən başı çıxanların qurduğu cümlədir. Beləliklə, xalqımızın Vətən müharibəsinin, istiqlal savaşının sonu bizə qalibiyyət və yeni geostrateji status qazandırdı”.

Hikmət Babaoğlu bu tarixi qələbəyə necə gəldiyimizin qısa siyasi xronologiyasını belə izah edib:

“Problemin 70 illik fasilədən sonra yenidən aktiv fazaya keçməsi dövrü. Yəni 1920-ci ildən 1988-ci ilədək davam edən mərhələnin bitməsi. 1990-94-cü illər asimmetrik müharibə dövrü və döyüşlərdə Azərbaycanın uduzdurulması. 1994-97-ci illər fəal sülh axtarışları mərhələsi. 1997-2001-ci illər problemin həllinə yaxınlaşmaq mərhələsi. 2001-ci ildə Ki-Uest fiaskosu. 2001-2003-cü illər danışıqların imitasiyası dövrü. 2003-2016-cı illər strateji sükut, yaxud səssiz müharibə dövrü. 2016-2018-ci illər strateji sükut və ya səssiz müharibə dövründə Azərbaycanın müharibə hazırlığının test edilməsi mərhələsi. Aprel döyüşləri və Günnüt əməliyyatı. 2018-2020 iyul tarixləri arasındakı vaxt nəticələrin təhlil edilməsi, çatışmazlıqların qısa müddətdə aradan qaldırılması və hərbi-siyasi və geostrateji zamanın zərgər dəqiqliyi ilə seçilməsi. 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 9-na qədər davam edən 44 günlük müharibə dövrü və tam qələbə, işğalçı Ermənistanın kapitulyasiya aktına qol çəkməsi”.

Hikmət Babaoğunun sözlərinə görə, ancaq müharibələr tarixi göstərir ki, müharibəyə başlamaq nə qədər çətindirsə, onu bitirmək ondan da çətindir:

“Üstəlik yaşadığımız mürəkkəb regionda mövcud olan güc balansları kontekstində bunu etmək daha da çətindir. Ancaq Azərbaycan bunu bacardı və hərbi qələbəsini siyasi-diplomatik qələbəsi ilə də taclandırdı”.

Deputat qeyd edib ki, hazırda çox fəal və sürətli post-müharibə mərhələsinə qədəm qoymuşuq və ən çox müzakirə olunan məsələlərdən bir xalqımızın öz doğma torpaqlarında necə və nə vaxt məskunlaşacağı məsələsidir:

“Bəzi kommunikasiya və təhlükəsizlik məsələlərinin aparacağı vaxtı çıxmaq şərtilə dərhal bu proses başlayacaq. Yeddi rayonumuzda əhalinin müharibəyə qədər olan demoqrafik strukturu qeyd-şərtsiz bərpa olunacaq, sonradan süni məskunlaşdırma nəticəsində işğal edilmiş ərazilərimizə gətirilənlər sonuncu nəfərinədək və bəyanatda qeyd olunan müddət ərzində təcili olaraq çıxarılacaq. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti adlandırılan ərazilərdə ordumuzun işğaldan azad etdiyi yerlərə əvvəllər yaşamış ermənilər qaytarılmayacaq.

Onlar sadəcə kompakt yaşadıqları bəzi ərazilərdə Azərbaycan vətəndaşlığını qəbul etdikləri və vətəndaşlıqdan irəli gələn vəzifələri və məsuliyyəti yerinə yetirdikləri halda yaşaya biləcəklər. Əks təqdirdə əsla yaşaya bilməyəcəklər”.