BAKI, 17 fevral. TELEQRAF
Azərbaycan futbolunda bəzi hakimlər var ki, onların karyerasındakı səhvlər sadəcə, təsadüf deyil, bir tendensiyaya çevrilir. Mütəmadi olaraq Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan Rauf Cabarovun idarəçiliyi də son illərdə bu tendensiyanın mərkəzindədir.
40 yaşlı mütəxəssisin ötən gün Premyer Liqanın XX turunda "Qəbələ" - "Sabah" oyununda verdiyi müəmmalı qərar onun peşəkarlığını bir daha sual altına salıb.
Amma bu, Cabarovun karyerası ərzində buraxdığı ilk belə səhv deyil...
Məsələ burasındadır ki, Cabarovun ən çox tənqid olunan tərəfi epizodları "oxuya" bilməməsidir. Xüsusilə cərimə meydançası daxilindəki təmaslara münasibəti və VAR-a müraciət etmə müddəti oyunun ritmini tamamilə pozur.
Cabarov bir çox oyunda aşkar penalti epizodlarını yalnız VAR-ın müdaxiləsindən, özü də uzun tərəddüdlərdən sonra təyin edir. Bu, referinin meydanda hadisələrə olan vizual nəzarətinin zəifliyindən xəbər verir.
Onun digər bir mənfi xüsusiyyəti oyunçularla kommunikasiya qurmaq əvəzinə, dərhal vərəqəyə əl atmasıdır.
Cabarovun autsayder klublara qarşı “rahat” fit çalması, iddialı komandaların oyununda isə təzyiqdən çəkinməsi onun peşəkarlığını sorğulayır.
Rauf Cabarov anlamalıdır ki, döşündəki referi nişanı ona meydanda toxunulmazlıq yox, daha böyük məsuliyyət verir. Əgər bir referi baş məşqçilər tərəfindən mütəmadi olaraq mətbuat konfranslarında tənqid edilirsə, deməli, o, "hakim səhvi" limitini çoxdan aşıb.
Onun etdiyi səhvləri daha öncəki illərdə haradasa başa düşmək olardı. Məsələn, 7 il öncə keçirilən "Səbail" - "Neftçi" matçında meydan sahiblərinin qapısına olmayan penaltini təyin etməsini onun yanılması ilə əlaqələndirmək olardı. Çünki həmin vaxt Azərbaycan çempionatında VAR tətbiq olunmurdu. Hakimlər həmin vaxtlar sadəcə, gördüklərinə fit çalırdı, qərarın doğru olub-olmaması isə sonradan müzakirə olunurdu.
Amma VAR texnologiyasının tətbiq olunduğu indiki məqamda isə R.Cabarovun epizodlara dəqiqələrlə, az qala bir hissənin 1/3-i qədər vaxt sərf etməsi və nəticədə yenə də səhvə yol verməsini heç cür anlamaq olmur. Belə olan halda isə əlavə söz-söhbətlər, iddialar yayılır.
Dəqiq olan budur ki, "Qəbələ" - "Sabah" matçında meydan sahiblərinin ən azı 1 xalı əlindən alındı. Dəqiq olmayanları isə Rauf Cabarovun özündən, ya da o, öz vicdanından soruşmalıdır. Amma indiki halda o, nə özünə, nə də VAR-a inanır...