BAKI, 31 dekabr. TELEQRAF

Yola salmaq üzrə olduğumuz il bəzi futbolçular üçün karyera yüksəlişi, bəziləri üçün isə gözlənilməz çətinliklər gətirdi. Hər kəs üçün il fərqli keçdi: kimisi uğurlu, kimisi isə kifayət qədər “quru” mövsüm yaşadı. İndi isə hər kəsin “Şaxta Baba”dan fərqli diləyi var.

Teleqraf olaraq, Azərbaycan Premyer Liqasında çıxış edən 12 klubun bir legionerindən bayram əhval-ruhiyyəsini öyrəndik. Dünyanın müxtəlif guşələrindən gələn futbolçuların cavabları əsasında necə fərqli mədəniyyət və ənənələrinə sahib olduqlarını öyrəndik.

Sorğumuzun sualları isə belə idi:
Yeni ili harada, kimlə və necə qeyd edirsiniz?
• Bayramla bağlı hansı adət-ənənələriniz var? Yeni ili sizin üçün xüsusi edən nədir?
• Bayram üçün həyat yoldaşınıza hansı hədiyyəni verməyi planlaşdırırsınız? Özünüz hər hansı hədiyyə almısınız, yaxud kimdənsə hədiyyə gözləyirsiniz?
• 2025-ci il sizin üçün nə ilə yadda qaldı? Hələ də yerinə yetirilməyən arzularınız varmı?
• Sizcə, Azərbaycan Premyer Liqasındakı hansı futbolçu “Şaxta Baba” obrazına ən çox uyğundur?

“Sumqayıt”ın israilli yarımmüdafiəçisi Roi Kehat: “Bu, yəhudi xalqı üçün Yeni il deyil. Ona görə də biz onu çox qeyd etmirik. Adətən, sadəcə restorana gedirik. Gələn il üçün ən böyük arzum odur ki, dünya hər kəs üçün daha təhlükəsiz bir yer olsun və insanlar sağlamlıq, sülh və sevinc içində yaşasınlar. 2025-ci il mənim üçün yaddaqalan olacaq, çünki bu il üçüncü övladım Lunel Azərbaycanda dünyaya gəldi və bu, ailəmin burada yaxşı əlaqələrə sahib olduğunu göstərir. Məncə, “Şaxta Baba” “Qarabağ”ın futbolçusu Leonardo Andrededir, çünki o, istənilən dəqiqədə gözlənilməz bir hərəkətlə sizi təəccübləndirə bilər; bu hərəkət qol vurmaq və ya assist yaratmaqla nəticələnə bilər.”

“Neftçi”nin monteneqrolu yarımmüdafiəçisi Edvin Kuç: “Mən həmişə Yeni ili ailəmlə birlikdə qeyd edirəm, bir yerdə toplaşırıq və birlikdə yemək yeyirik. Mən illərdir şəhərdən kənarda oluram, buna görə bayramları hamımızın birlikdə olması üçün istifadə edirik. Dürüst desəm, xüsusi bir ənənəmiz yoxdur; dediyim kimi, bayramları hamımızın birlikdə olması üçün istifadə edirik. Hədiyyələrə gəldikdə isə xüsusi bir ənənəmiz yoxdur; mən yalnız uşaqlarımı xoşbəxt edirəm; onlar Yeni ili ən çox səbrsizliklə gözləyirlər. 2025-ci il həm fərdi, həm də klub səviyyəsində çox çalxantılı oldu; ümid edirəm ki, gələn il böyük uğurlar gətirəcək və bütün azarkeşlərimizə daha çox sevinc bəxş edəcəyik. Mənim üçün Santa Klausa ən çox bənzəyən şəxs komanda yoldaşım İmad Farajdır”.

“Qarabağ”ın almaniyalı qapıçısı Fabian Buntic: “Mən Yeni ili həyat yoldaşım, qızım və itimlə birlikdə qeyd edirəm. Xüsusi bir adətimiz yoxdur. Yalnız ailəm var, qalanı vacib deyil. Bu il bir-birimizə hədiyyə vermədik. Hədiyyəmiz bu il bir-birimiz üçün qızımız oldu və yaxşı bayramlar keçirmək idi. Ən böyük arzumuz qızımız idi! Bu bizim üçün həqiqətən bir möcüzə idi. Heç bir xüsusi arzum yoxdur. Bəlkə xarakterlərinə görə “Şaxta baba” olaraq Bədavi və ya dostlarım Leroy Mickels və Lance Mickelsi deyə bilərəm”.

“Sabah”ın almaniyalı hücumçusu Coy-Lens Mikels: “Hazırda ailəmlə Almaniyadayam, bayramı burada qeyd edəcəyəm. Məkanı hələ dəqiqləşdirməmişik. Amma mütləq ailəmin yanında olacağam. Məkanı adətən son anda müəyyənləşdiririk və istənilən halda yeni ili bir yerdə qeyd edirik. Təzə ildə hamıya ən xoş arzularımı çatdırıram. İlin ən yadda qalanı açıq-aşkar görünür. “Şaxta Baba” barədə bilmirəm, heç kim o tərəfə baxmır”.

“Zirə”nin portuqaliyalı qapıçısı Tiaqo Silva: “Bu il Yeni ili ABŞ-də qeyd edəcəyəm, əvvəlki illərdən fərqli olaraq. Amma Yeni ili harada keçirməyimdən asılı olmayaraq, mənim üçün vacib olan sevdiyim insanlarla əhatə olunmaq, yaxşı enerji, sülh, sevgi və sevinc hiss etməkdir. Yeni il kimi, Milad da hədiyyə vermək və almaq üçün bir zaman kimi görülür, amma mən hər il aldığım ən yaxşı hədiyyə bütün ailəmlə birlikdə olmaqdır: yeməklə dolu masa ətrafında oturmaq, yaxşı söhbətlər etmək və bu dövrdə evə dolan sevgini hiss etmək. Mən ailəmə çox bağlıyam, onlar mənim üçün hər şeydir və onlarla olmaq həmişə ən vacib şey olacaq, xüsusən də mövsüm boyu onlar üçün çox darıxdığım üçün. 2025-ci ilin ən yadda qalan anı açıq-aşkar mənim qardaşım oğlunun doğulması oldu; o, ailəmizə işıq və sevinc gətirdi. İl ərzində kədərləndiyim zaman onun haqqında düşünürəm, çünki o mənim ən böyük motivasiyamdır: ona yaxşı bir həyat və dinc bir gələcək təmin etmək. Tək bir oyunçu seçə bilmədiyim üçün deyəcəm ki, mənim "Santa Klaus"um "Zirə"dəki bütün müdafiəçilərimdir, çünki bəzən mən qolu qarşısını ala bilmədiyim zaman topu qapı xəttindən çıxaran məhz onlar olur və beləliklə, mənə "Santa Klaus"u xatırladan hədiyyələri verirlər”.

“Qəbələ”nin qanalı yarımmüdafiəçisi Prins Ovusu: “Mən Yeni ili əsasən Böyük Akra (Greater Accra) bölgəmdə ailəmlə birlikdə qeyd edirəm. Mənim üçün Yeni ili əsasən kilsədə (Crossover Services) keçirirəm; bu mərasimdə xristianlar dekabrın 31-də bütün gecəlik ibadətlərə qatılır, dua edir, mahnılar oxuyur və birlikdə Yeni ilə keçid edirlər. Ölkəmdə Yeni il ailələrin xüsusi yeməklər üçün toplaşması ilə qeyd olunur; bu yeməklərə tez-tez düyü və şorba daxildir və onlar birlik və minnətdarlığı simvolizə edir. Qanada bizim xüsusi adət-ənənələrimiz böyük yaşlılara dərin hörmət göstərmək, dolayı ünsiyyət qurmaq, ictimai harmoniya yaratmaq və müəyyən etiket qaydalarını yerinə yetirmək, məsələn, vermək-almaq üçün sağ əldən istifadə etmək və əcdadları hörmətlə yad etmək üzərində qurulub”.

“Turan Tovuz”un toqolu müdafiəçisi Emmanuel Hakman: “Mən Yeni ili adətən yaxın ailəmlə və sevdiklərimlə sakit şəkildə qeyd edirəm. Futbol ilin böyük hissəsində məni məşğul edir, buna görə də bu dövr istirahət, dərin düşüncə və minnətdarlıq üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və ya Qanada da olmağımdan asılı olmayaraq, sakit bir mühitdə vaxt keçirməyə, dua etməyə, birlikdə yemək yeməyə və qarşıdakı il üçün mənəvi hazırlıq görməyə dəyər verirəm. Mənim üçün əziz olan ənənələrdən biri keçən ili düşünmək, nələr öyrəndiyimi, nələri aşdığımı və nələrə minnətdar olduğumu xatırlamaqdır. Həmçinin, dua edərək yeni ili Allaha həsr edir, rəhbərlik, sağlamlıq və sabitlik üçün dua edirəm. Ailə, dostlar və komandadaşlarla əlaqə saxlayıb yaxşı arzular paylaşmaq da Yeni ili mənim üçün mənalı edir. Məncə, ən vacib hədiyyə vaxt və dəyər verməkdir. Bununla yanaşı, həyat yoldaşıma il ərzində göstərdiyi dəstəyə görə sevgi və minnətdarlığı əks etdirən, düşünülmüş və şəxsi bir hədiyyə verməyi planlaşdırıram. Mən hədiyyə almağa fokuslanmıram, amma hər hansı jest, nə qədər kiçik olsa da, həmişə qiymətləndirilir və dəyərləndirilir. 2025-ci il mənim üçün inkişaf və dözümlülük ili oldu. "Turan Tovuz" komandasında peşəkar səviyyədə oynamaq, rəqabətli qalmaq və mövsümün böyük hissəsində zədəsiz olmaq böyük nemətlərdən biri idi. Bəzi hədəflər, xüsusən sabitlik və təcrübə baxımından, həyata keçirildi, bəzi digər komanda və şəxsi hədəflər isə hələ davam edir. Mən bunları uğursuzluq kimi görmürəm, əksinə yeni il üçün motivasiya hesab edirəm. Mən deyərdim ki, daima ən yaxşısını verən, komandadaşlarını dəstəkləyən və meydançada və meydançadan kənarda özünü fəda edən oyunçu bu obrazla uyğun gəlir. Liqada nümunəvi liderlik edən bir neçə təcrübəli oyunçu var və məhz onlar öz performansları və liderliyi ilə həqiqətən hədiyyələr verirlər. Hər kəsin Yeni ili mübarək! Azarkeşlərə, komandadaşlara və futbol həvəskarlarına sağlamlıq, uğur və sevinc dolu bir il arzulayıram.”

“Turan Tovuz”un panamalı müdafiəçisi Eoderik Miller: “Yeni ili adətən sakit və ailəvi şəkildə qeyd edirəm. Yaxın ailə üzvlərimlə bir arada olur, birgə süfrə arxasında əyləşir, geridə qalan ili müzakirə edir və yeni ili minnətdarlıq və müsbət enerji ilə qarşılayıram. Bu bayramla bağlı əsas ənənələrimdən biri geridə qalan ili dəyərləndirmək, yeni məqsədlər müəyyənləşdirmək və sevdiklərimlə keyfiyyətli vaxt keçirməkdir. Mənə görə Yeni il həm mənəvi, həm də zehni baxımdan yenilənmə anıdır və bu da onu mənim üçün xüsusi edir. Hədiyyə seçimində bahalı əşyalardansa mənalı hədiyyələrə üstünlük verirəm. Adətən diqqət və qayğını ifadə edən, şəxsi bir hədiyyə seçirəm. Özüm üçün isə böyük gözləntim yoxdur — sağlamlıq və daxili rahatlıq mənim üçün ən dəyərli hədiyyələrdir. 2025-ci il mənim üçün çətinliklər və şəxsi inkişaf ili oldu. Peşəkar məqsədlərimin bir qismi gerçəkləşdi və dəyərli təcrübə qazandım. Hələ də həyata keçirilməli hədəflər var, xüsusilə sabitlik və uzunmüddətli layihələrlə bağlı. Bununla belə, davam etmək üçün özümü inamlı və motivasiyalı hiss edirəm. Mənim fikrimcə, Azərbaycan Premyer Liqasında komandaya daim dəstək olan, meydanda və meydandan kənarda liderlik göstərən, gənc futbolçuların inkişafına kömək edən oyunçu ‘Şaxta Baba’ obrazına daha çox uyğun gəlir. Bu keyfiyyətlər statistik göstəricilərdən daha önəmlidir.”

“Şamaxı”nın isveçrəli hücumçusu Karim Rossi: “Bu tətildə ailəmlə və dostlarımla birlikdə olacağam. Sadəcə, ailəmlə restorana gedəcəyik və əylənəcəyik. Bizim xüsusi ənənəmiz yoxdur. Bu dövrdə mən valideynlərim və uşaqlarımla vaxt keçirməyi sevirəm, çünki bu mövsümdə onları çox görmürəm. Həyat yoldaşım üçün bir ətir aldım və o, çox xoşbəxt oldu. Özüm üçün isə hədiyyə almadım. Mən daha çox hədiyyə verən tərəfəm, amma hədiyyə almağı sevmirəm. 2025-ci il yaxşı il idi, çünki 2025-ci ilin martında ikinci övladım dünyaya gəldi. Həmçinin, Azərbaycan gəlmək və burada yaşamaq mənim üçün xoş oldu. “Santa Klaus” obrazına kimin uyğun olduğunu bilmirəm. Amma "Şamaxı"da bu, Andrey Tirkoveanudur, çünki o, hədiyyə almağı və gözəl şeylər almağı sevir. Ümid edirəm ki, yanvarın 4-də məşqlərə qayıtdığımda mənim üçün də bir hədiyyəsi olacaq”.

“Kəpəz”in malili yarımmüdafiəçisi Mahammadu Ba: “Yeni ili ailəmlə birlikdə sevinc və sağlamlıq içində qeyd edirəm. Yeni il zamanı rəqs edirik, yeməklər alırıq, insanları bayram etməyə dəvət edirik. Gecə yarısı isə hamı ili başa vurduğuna görə Allaha şükür etmək üçün iki rükət namaz qılır. Hər il həyat yoldaşımla bir-birimizə xoş arzular diləyirik, sonra isə sağlamlıq üçün Allaha dua edirik. Arzularımızı səsləndiririk — bu, bizim bir-birimizə verdiyimiz hədiyyədir. 2025-ci ildə həyat yoldaşımın hamilə olduğunu deməsi məni həqiqətən çox sevindirdi. Bu, mənə çox təsir etdi və böyük sevinc yaşadım. Ümid edirəm ki, hər şey yaxşı olar, mövsüm uğurla başa çatar və komandamız ən yaxşı şəkildə çıxış edər. Mənim üçün seçim komandamdan olar və Maqa (Məhəmməd Hüseynov) seçir.”

“Karvan-Yevlax”ın niderlandlı müdafiəçisi Şakil Sno: “Hazırda ailəmlə birlikdə İngiltərədəyəm. Ən yaxın dostlarımdan biri də burada yaşayır və o da futbolçudur. Hər il dostlarım və ailəmlə birlikdə İngiltərəyə gəlirəm və Yeni ili qeyd etmək üçün burada bir neçə gün qalırıq. Bu bayram mənim üçün ailə ilə birlikdə olmaq deməkdir. Bir neçə ildir Niderlandda yaşamıram, ona görə də hər dekabr geri qayıdıb orada bir neçə gün keçirmək mənim üçün xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Milad bayramı ərəfəsində. Əlbəttə, hədiyyələr almışam və mənə yaxın olan insanlara da hədiyyələr vermişəm. Düşünürəm ki, 2025-ci il mənim üçün uğurlu oldu. 2026-cı ildə isə yoluma davam edib karyeramda növbəti addımı atmaq istəyirəm. “Şaxta Baba” obrazı ilə nə nəzərdə tutulduğunu tam bilməsəm də, mənim üçün bu, komanda yoldaşım Moses Ngvisanidir. Biz çox vaxt birlikdə olur və sahib olduqlarımızı bir-birimizlə bölüşürük.”

“İmişli”nin braziliyalı müdafiəçisi Dioqo Rollo: “Mən əvvəllər Yeni ili doğma şəhərim Limeirada, bütün ailəmlə birlikdə qeyd edirdim. Hər il 31 dekabrda xüsusi şam yeməyi olur və gecə yarısından sonra fişənglər atırdıq. Bu bayram bizim üçün ona görə xüsusidir ki, ailə həmişə bir araya gəlir. Həmçinin Braziliyada çox məşhur olan “gizli dost” oyunu oynayırıq – püşk ataraq müəyyən etdiyimiz insanlara hədiyyələr təqdim edirik. Həyat yoldaşım Milad və Yeni il üçün mənə idman ayaqqabısı hədiyyə etdi, mən də ona eyni hədiyyəni — idman ayaqqabısı aldım. Amma maddi şeylər bizim üçün əsas deyil, biz daha çox sevgiylə və sevinclə birlikdə olmağı sevirik. 2025-ci il mənim üçün öyrənmə ili oldu. Futbolumu daha çox insana göstərə bildim və inşallah, 2026-cı ildə səviyyəmi daha da artıraram. Ən gözəl xatirələrimdən biri “İmişli” ilə Premyer Liqaya yüksəlməyimiz, digəri isə “Neftçi”nin stadionunda vurduğum bərabərlik qolu olacaq.”

“Araz-Naxçıvan”ın moldovalı qapıçısı Kristian Avram: “Yeni ili adətən sakit və rahat bir mühitdə, ailəmlə birlikdə qeyd edirəm. Ailəmlə Moldovadayıq. Mənim üçün böyük partilərdən daha önəmli olan, ətrafımdakı insanlardır və birlikdə keçirdiyimiz keyfiyyətli zamandır. Bu, dincəlmək, keçən ili qiymətləndirmək və qarşıdakı il üçün yeni məqsədlər müəyyənləşdirmək üçün bir andır. Çox mürəkkəb ənənələrim yoxdur, amma sadə şeylərə dəyər verirəm: ailəmlə olmaq, bayram süfrəsini paylaşmaq, gecə yarısı təbrik etmək və bir neçə dəqiqə düşünmək. Mənim üçün Yeni il, xüsusilə peşəkar və idman baxımından yeni bir başlanğıcı təmsil edir. Həyat yoldaşım üçün həmişə emosional dəyəri olan bir hədiyyə seçməyə çalışıram, yalnız maddi qiyməti yox. Diqqət və təşəkkürü göstərən şəxsi bir şeyə üstünlük verirəm. Özüm üçün isə çox hədiyyə gözləmirəm — mənim üçün ən önəmli olan dəstək, qəlb rahatlığı və evdə harmoniyadır. 2025 çox dərslər verən intensiv bir il oldu. Peşəkar baxımdan, karyeramda vacib addımlar atmağı bacardım və fokusumu qorudum. Bəzi arzuladığım şeylər reallaşdı, bəziləri isə hələ davam edir, amma inanıram ki, hər şey doğru zamanda baş verir. Ən önəmli olan sağlam və motivasiyalı qalmağımdır. Əgər Azərbaycan Premyer Liqasından bir “Santa Klaus” seçməli olsaydım, komandaya çox şey verən təcrübəli bir oyunçunu seçərdim — yalnız meydandakı çıxışı ilə deyil, həm də xarakteri, liderliyi və həm meydanda, həm də meydandan kənarda komanda yoldaşlarına verdiyi dəstəklə”.