BAKI, 7 iyun. TELEQRAF
İsrail ordusu İran ərazisindən ölkənin şimal bölgələrinə doğru raket buraxılışlarının qeydə alındığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, raket hücumları səbəbindən İsrailin şimalındakı bir sıra ərazilərdə, o cümlədən Hayfa şəhəri və ətrafında hava həyəcanı elan edilib. Hava Hücumundan Müdafiə sistemləri hava hədəflərinin zərərsizləşdirilməsi üçün fəaliyyətə başlayıb.
Bildirilib ki, İran tərəfindən həyata keçirilən ilk raket yaylımından bir neçə dəqiqə əvvəl İsrail ordusu əhaliyə yaxın saatlarda ölkə ərazisinin atəşə tutula biləcəyi barədə xəbərdarlıq etmişdi.
Hadisə İsrail Hərbi Hava Qüvvələrinin bazar günü Beyrutun ətrafında yerləşən və “Hizbullah”a məxsus olduğu bildirilən obyektə zərbə endirməsindən sonra baş verib. İsrail tərəfi həmin əməliyyatın ölkə ərazisinin “Hizbullah” qüvvələri tərəfindən atəşə tutulmasına cavab olaraq həyata keçirildiyini açıqlayıb.
İran rəsmiləri isə daha əvvəl İsrailin Beyruta zərbə endirəcəyi təqdirdə cavab tədbirləri görüləcəyi barədə xəbərdarlıq etmişdilər.
Daha sonra İsrail ordusu İran ərazisindən ikinci raket yaylımının da qeydə alındığını bildirib. Məlumata görə, ikinci hücum da ölkənin şimal bölgələrini hədəf alıb. Beləliklə, 15 dəqiqə ərzində İran tərəfindən iki raket hücumu həyata keçirilib.