BAKI, 20 yanvar. TELEQRAF
Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin Kopenhagenin hazırda Moskva ilə qarşıdurmaya maniakal şəkildə kökləndiyini bəyan edib.
Teleqraf xəbər verir ki, diplomat bu barədə TASS-a müsahibəsində deyib.
Vladimir Barbinin sözlərinə görə, Danimarkanın Rusiyaya qarşı bu mövqeyi iki ölkə arasında normal münasibətlərin saxlanılmasını mümkünsüz edir. O bildirib ki, Kopenhagenin Moskva ilə konfrontasiya xətti aparması və Ukrayna münaqişəsinin Rusiya maraqlarını nəzərə alan siyasi-diplomatik yolla nizamlanması səylərinə qarşı çıxması əməkdaşlıq imkanlarını aradan qaldırır.
Səfir qeyd edib ki, Danimarkanın bu yanaşması Rusiya tərəfinin münasibətləri normal səviyyədə davam etdirməsinə imkan vermir.
Bununla yanaşı, daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Qərblə münasibətlərə toxunaraq bildirib ki, Rusiya Qərbdən uzaqlaşmayıb, əksinə, Qərb özü daxili ziddiyyətlər və narazılıqlar içində ilişib qalıb.