BAKI, 8 dekabr. TELEQRAF

Türkmənistan qonşu dövlətlər, Mərkəzi Asiya ölkələri və Xəzər regionu ilə əlaqələri inkişaf etdirməyə davam edəcək.

Teleqraf xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov deyib.

Prezident iclasda Türkmənistanın daimi bitərəfliyinin 30 illiyi ilə əlaqədar görülən işlərə diqqət çəkib. Qeyd olunub ki, bu çərçivədə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tematik görüşlər və konfranslar keçirilib. Bu çərçivədə “Neytral Türkmənistanın sülh və etimad siyasətinin hüquqi əsasları haqqında” Türkmənistanın Konstitusiya qanunu, BMT tərəfindən qətnamə qəbul edilib. Yaxın günlərdə Aşqabadda Beynəlxalq Sülh və Etimad İli Forumu keçiriləcək.

Dövlət başçısı bəyan edib ki, bu təşəbbüslər ölkənin beynəlxalq dialoqun və əməkdaşlığın gücləndirilməsinə sadiqliyini təsdiqləyir.

Həmçinin vurğulanıb ki, Türkmənistan qonşu dövlətlər, Mərkəzi Asiya ölkələri və Xəzər regionu (Azərbaycan, Rusiya, Qazaxıstan və İran) ilə əlaqələri inkişaf etdirməyə davam edəcək. İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri və Cənubi Asiya, Yaxın Şərq və Asiya-Sakit Okean regionu dövlətləri ilə əməkdaşlığa, Böyük İpək Yolu marşrutlarının inkişafı səylərinə xüsusi diqqət yetiriləcək.

Avropa ölkələri ilə əməkdaşlıq yüksək texnologiyalar, yaşıl enerji, süni intellekt sahələrində genişlənəcək. Şimali və Cənubi Amerika və Afrika ölkələri ilə əlaqələri gücləndirmək planları var.

Serdar Berdiməhəmmədov xarici siyasət strukturlarının beynəlxalq arenada Türkmənistanın maraqlarının qorunması istiqamətində fəaliyyətini davam etdirəcəyinə əminliyini ifadə edib.