BAKI, 18 avqust. TELEQRAF
Dəməşqin Cinayətlər Məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsədi qətl və işgəncələrdə təqsirli bilərək ölüm cəzasına məhkum edib.
Teleqraf xəbər verir ki, bu barədə “Syria TV” məlumat yayıb.
Məhkəmə Vasim Əsədi bir neçə şəxsin qəsdən öldürülməsində, işgəncə tətbiq etməklə adam öldürməkdə, həmçinin vətəndaş müharibəsi və məzhəblərarası qarşıdurmanı qızışdırmağa yönəlmiş əməllərdə təqsirli bilib. Bundan əlavə, ona qarşı qanunsuz azadlıqdan məhrumetmə və işgəncə vermə, hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər ittihamları irəli sürülüb.
Məhkəmə həmçinin ona davamlı əlilliklə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmağa və dələduzluğa görə ayrı-ayrılıqda üç il həbs cəzası, eləcə də pul cəriməsi təyin edib. Cəzalar birləşdirildikdən sonra məhkəmə onların ən ağırını - ölüm cəzasını qüvvədə saxlayıb.
Bununla yanaşı, Vasim Əsəd sübutların kifayət qədər olmaması səbəbindən qaçaqmalçılıq və narkotik vasitələrin ticarəti ittihamları üzrə bəraət alıb. Məhkəmə onun daşınar və daşınmaz əmlakına həbs qoyulmasına qərar verib.