BAKI, 11 dekabr. TELEQRAF
“Düşünürəm ki, sualın özündə çoxlu problem və ziddiyyətlər var, amma yenə də cavab verməyə çalışacağam. Mənim “terrorçu” olduğumu demək və məni terrorçu kimi damğalamaq siyasi mövqedir. Bu gün çoxsaylı siyasiləşmiş fikirlər var. İnsanları terrorçu kimi mühakimə etmək üçün sübutlar lazımdır. Terrorizm və ya terrorçunun tərifi nədir? Bu sözü dünyada eşidəndən bəri 25 il keçib. Amma “terrorçu” sözünün anlamı ilə ilə bağlı qarışıqlıq var”.
Teleqraf xəbər verir ki, bunu Suriya Prezidenti Əhməd Şaraa amerikalı jurnalist Kristin Amanpurun onu “keçmiş terrorçu” adlandırmasına cavab verərkən bildirib.
Amanpurun ona ünvanladığı “Siz də əvvəllər terrorçu idiniz. Terrorçu keçmişiniz var. “Əl-Qaidə üçün çalışmısınız” sualına Şaraa belə cavab verib:
“Mənə görə, terrorçular günahsız insanlar, uşaqlar və qadınları öldürən və insanlara ziyan vurmaq üçün qeyri-legitim üsullardan istifadə edən şəxslərdir. Bu tərifi dünyanın müxtəlif ölkələrinə tətbiq etməyə çalışsaq, görərik ki, Qəzzadakı qurbanların sayı 60 min nəfərdir və onların əksəriyyəti günahsızdır. Suriya rejimi 14 il ərzində Suriyada 1 milyondan çox insanı öldürüb və taleyi hələ də bilinməyən 250 min itkin var. Bütün həbsxanaları azad etdik, amma bu insanlar haqqında hələ də heç nə bilmirik. Buna baxmayaraq, həmin şəxs və həmin rejim terrorçu adlandırılmır.
İraq və Əfqanıstanda da müharibələr gördük. Öldürülənlərin hamısı günahsız idi və başqalarını “terrorçu” adlandıranların özləri qatil idi. Düşünürəm ki, 25 ildən sonra insanlar artıq kimin həqiqi terrorçu olduğunu və kimin “terrorçu” adlandırılmağa layiq olduğunu daha yaxşı anlayırlar”.