BAKI, 5 avqust. TELEQRAF
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi dəyişdirilib.
Teleqraf xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən bu postda ordu generalı Metin Gürakın yerinə Quru Qoşunlarının komandanı ordu generalı Selçuk Bayraktaroğlu təyin edilib.
Vəzifəsindən azad edilərək təqaüdə göndərilən Metin Gürakın Baş Qərargah rəisi kimi iki il səlahiyyət müddəti var idi.
Quru Qoşunlarının yeni komandanı isə Birinci Ordu komandanı ordu generalı Metin Tokel olub. M.Tokelin vəzifə müddəti bu il başa çatsa da, onun səlahiyyət müddətinin uzadılacağı gözlənilirdi.
Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Ziya Cemal Kadıoğlunun səlahiyyət müddətinin isə bir il uzadılmasına qərar verilib.
Həmçinin qərara əsasən, general və admiral sayı 316-dan 332-yə çatdırılıb.
Qərar Ali Hərbi Şuranın avqustun 5-də Prezident Ərdoğanın sədrliyi ilə keçirilən iclasında verilib.
***
14:17
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Sarayında Ali Hərbi Şuranın iclası başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
İclasda Silahlı Qüvvələrdə vəzifə artımı, təyinat, təqaüd və səlahiyyət müddətinin uzadılması məsələləri müzakirə edilir.
Baş Qərargah rəisi ordu generalı Metin Gürakın vəzifəsini icra etmək üçün daha iki il müddəti var. Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu və Quru Qoşunları komandanı general Selçuk Bayraktaroğlunun səlahiyyət müddəti başa çatıb. Ancaq Prezident Ərdoğanın bu komandanların səlahiyyətlərini daha bir il uzatmaq səlahiyyətindən istifadə edəcəyi, Türkiyə Silahlı Qüvvələrinin komandanlıq strukturunda heç bir dəyişikliyin olmayacağı gözlənilir.
Admiral Tatlıoğlunun səlahiyyət müddəti keçən il bir il uzadılıb. Bildirilir ki, 65 yaşlı Tatlıoğlu hərbi qüvvələr komandanlığında yaş həddini 72-yə qaldıran yeni nizamnaməyə əsasən xidmətini davam etdirə biləcək.