BAKI, 8 iyul. TELEQRAF
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri Mustafa Şentop Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Türkiyə-Azərbaycan münasibətlərinin əsas fəlsəfəsini əks etdirən “İki dövlət, bir millət” prinsipi bu gün ən çox hansı sahələrdə öz real təzahürünü tapır? Fikrinizcə, bu strateji yanaşmanın ən uğurlu nəticələri hansı istiqamətlərdə müşahidə olunur?
- Bu ifadə mərhum Heydər Əliyevin hikmətli bir təsbitidir və kökləri dərindir. Qazi Mustafa Kamalın "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" sözü də eyni həqiqətin ifadəsidir. Bu gün bu anlayış təkcə şüar deyil, gerçəkliyə çevrilib. İlk növbədə müdafiə sahəsini xüsusi qeyd etmək lazımdır. İkinci Qarabağ müharibəsində Türkiyənin qətiyyətli mövqeyi, ardınca münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsi bu birliyin hüquqi və strateji çərçivəsini də ortaya qoyub. Enerji sahəsində Bakı-Tbilisi-Ceyhandan TANAP-a qədər olan layihələr iki dövlətin ortaq iradəsinin Avropanın enerji təhlükəsizliyinə qədər uzanan nəticələr doğurduğunu göstərir.
Ticarət, nəqliyyat, təhsil və mədəniyyət sahələrində də münasibətlərimiz hər il daha da dərinləşir. Amma mən "iki dövlət, bir millət" anlayışının ən güclü təzahürünü rəsmi sahələrin fövqündə, xalqlarımızın bir-birinə bəslədiyi məhəbbətdə görürəm. Qarabağ zəfərində Türkiyədə küçələrə axışan insanların sevinci ilə 2023-cü ildə ölkəmizdə baş verən zəlzələdə ilk saatlardan yanımızda olan, axtarış-xilasetmə qrupları ilə dağıntılar başında gecə-gündüz çalışan Azərbaycan xalqının kədəri eyni qəlbin iki döyüntüsüdür. Bu anlayışın məğzi məhz budur: sevincli və kədərli anlarda ayrılmayan bir bütövlük.

- Parlamentlərarası diplomatiya dövlətlərarası münasibətlərin inkişafında necə rol oynayır? Türkiyə-Azərbaycan nümunəsində bunun təsirlərini necə qiymətləndirirsiniz?
- Parlamentlərarası diplomatiya dövlətlərarası münasibətlərin görünən üzünün arxasında zəmin hazırlayan, yol açan bir diplomatiya növüdür. Hökumətlərarası münasibətlər bəzən konyunkturanın ağırlığını daşıyır, parlament diplomatiyası isə xalqların nümayəndələri arasında birbaşa, daha çevik və davamlı bağlar qurur. Türk dünyasında bunun parlaq nümunəsi var: bugünkü Türk Dövlətləri Təşkilatı yaranmazdan əvvəl Türkdilli Ölkələrin Parlament Assambleyası - TÜRKPA qurulub və fəaliyyətə başlayıb. Parlamentlər arasında təsis edilən bu birlik hökumətlərarası münasibətlərin institusionallaşmasının yolunu açıb. Bu, parlament diplomatiyasının zəminyaradıcı gücünün konkret nümunəsidir.
Türkiyə-Azərbaycan kontekstində isə parlament həmrəyliyimiz hər beynəlxalq platformada özünü göstərir. ATƏT Parlament Assambleyasından Avropa Şurasına, NATO Parlament Assambleyasından İslam ölkələrinin parlament birliklərinə qədər bütün beynəlxalq qurumlarda iki ölkənin deputatları həmişə bir-birinin yanında olub. Hətta Türkiyə parlamentinin üzvlərinin iştirak edə bilmədiyi toplantılarda azərbaycanlı qardaşlarımız Türkiyənin hüququnu müdafiə edib,
Türkiyədən qatılan dostlarımız da Azərbaycanla bağlı həqiqətləri hər təşkilatda qoruyub. Bizim üçün "iki dövlət, bir millət" sadəcə şüar deyil, hər mühitdə bilavasitə yaşadığımız bir gerçəklikdir. Bu məqamda Azərbaycan Milli Məclisinin sədri, dəyərli dostum Sahibə Qafarovanın da xidmətlərini vurğulamaq istəyirəm. Onun iki parlament arasındakı münasibətlərə verdiyi önəm və göstərdiyi diqqət çox dəyərlidir.

- Azərbaycanın Qarabağda əldə etdiyi zəfərdən sonra regionda formalaşan yeni geosiyasi mənzərəni necə şərh edərsiniz?
- Azərbaycanın illərlə erməni işğalı altında olan torpaqlarını azad etməsi bölgədə sülh və rifah baxımından çox mühüm bir dəyişikliyin başlanğıcı olub. Hər şeydən əvvəl, 30 ilə yaxın davam edən və beynəlxalq hüququn açıq şəkildə pozulduğu işğala son qoyulub. Azərbaycan güclü, qətiyyətli, öz hüququnu sona qədər müdafiə edə bilən bir dövlət kimi bölgədə daha təsirli bir mövqeyə yüksəlib. İkinci və bəlkə də daha az danışılan məsələ isə budur: Ermənistanın qonşusunun torpaqlarını işğal altında saxlaması kimi hüquqazidd mövqeyi aradan qaldırılıb, beləliklə Ermənistan təkcə Azərbaycan deyil, bölgədə sülh üçün də təhdid yaratmır. Ermənistan xəyal aləmindən oyanaraq qonşuları ilə yaxşı münasibətlər qurmaq istiqamətində iradə ortaya qoyan bir dövlətə çevrilməyə başlayıb. Bu, region üçün çox böyük bir dönüşdür. 30 illik işğal dövründə Cənubi Qafqazda davamlı əməkdaşlıq mümkün deyildi. Bu gün isə nəqliyyatdan enerjiyə, ticarətdən normallaşma prosesinə qədər bütün bölgəni əhatə edən perspektiv müzakirə olunur. Bu imkanı bölgəyə qazandıran Azərbaycanın haqlı davasındakı qətiyyətidir.
- Zəngəzur dəhlizinin açılması Türkiyə, Azərbaycan və bütövlükdə Türk dünyasına hansı üstünlükləri qazandıracaq?
- Zəngəzur dəhlizi hər şeydən əvvəl Azərbaycanın ərazi bütövlüyünün faktiki tamamlanması baxımından önəmlidir. Naxçıvan ilə birbaşa quru keçid lazım idi. Tarixi proses ərzində Naxçıvan-Azərbaycan bütövlüyü tarixi, mədəni və hüquqi irsə zidd şəkildə pozulub. Zəngəzur keçidi hər şeydən əvvəl bu bütövlüyü yenidən bərqərar edəcək. Digər tərəfdən bu dəhliz Türkiyənin quru və dəmir yolu ilə Azərbaycana və onun üzərindən bütün türk respublikalarına birbaşa bağlantını təmin edəcək. Bu gün Asiya ilə Avropa arasındakı quru nəqliyyatında Orta Dəhlizin əhəmiyyəti hər gün artmaqdadır, Zəngəzur bu dəhlizin ən kritik halqalarından biridir. Ticarətin, enerjinin, insanların və nəhayət düşüncə və yanaşmaların daha asan hərəkət edə bildiyi bir xətt türk dünyasının iqtisadi inteqrasiyasını sürətləndirəcək. Qısası, Zəngəzur xəritədə bir neçə on kilometrlik keçid kimi görünsə də, əslində türk dünyasının şərqi ilə qərbini bir-birinə bağlayan strateji dayaqdır. Onun açılması təkcə Türkiyə və Azərbaycana deyil, Ermənistan da daxil olmaqla, bölgənin bütün ölkələrinə rifah və sabitlik gətirəcək.

- Türk Dövlətləri Təşkilatının son illərdəki inkişafını necə qiymətləndirirsiniz? Sizcə, təşkilatın qarşıdakı on il üçün əsas hədəfi nə olmalıdır?
- Türk Dövlətləri Təşkilatı tarixin çox mühüm bir dönəmində formalaşıb.
Bir məqamı bir daha xüsusilə xatırlatmaq istəyirəm: bu qurumun institusionallaşmasından əvvəl parlamentlər arasında birlik - TÜRKPA qurulub. Parlamentlər arasındakı münasibətlər hökumətlərarası münasibətlərin inkişafının yoluna işıq tutub. Yəni, türk dünyasındakı inteqrasiya prosesi xalqların nümayəndələrinin öncüllüyü ilə başlayıb, dövlətlərin institusional iradəsi ilə zirvəyə çatıb. Bu gün türk dövlətlərinin yerləşdiyi coğrafiya Asiyanın Avropaya quru nəqliyyatında ən mühüm dəhlizə çevrilib.
Bu, həm ticarət dəhlizi, həm də güclü enerji dəhlizidir. Xüsusilə Çinin qərbə, Avropaya quru yolu ilə çıxışı türk respublikalarının coğrafi məkanından keçidlə mümkündür. Deməli, türk dövlətlərinin geostrateji əhəmiyyətinin xeyli artdığı bir tarixi dönəmdəyik. Belə bir dövrdə onsuz da ortaq tarixi və mədəni zəminə söykənən münasibətlərimizin daha da gücləndirilməsi və beynəlxalq hüquq müstəvisində möhkəm təməllərə bağlanması həyati əhəmiyyət daşıyır. Qarşıdakı on il üçün hədəfi belə təsvir edərdim: ilk növbədə mədəni inteqrasiyamız olmaqla, gömrük ittifaqı kimi addımlarla ticari və iqtisadi münasibətlərin çox güclü vəziyyətə gətirilməsi, enerji sahəsindəki bağlantıların dərinləşdirilməsi və təşkilatın Avrasiya siyasətində müəyyənedici bir aktor mövqeyinə yüksəlməsi. Buna inanıram və bu istiqamətdəki hər inkişafı məmnuniyyətlə izləyirəm.
- Azərbaycana səfərləriniz zamanı sizi ən çox təsirləndirən və yaddaşınızda iz qoyan hadisələr hansılar olub?
- Türkiyə Böyük Millət Məclisinin sədri olduğum dövrdə qardaş Azərbaycana çoxsaylı səfərlər etmişəm. Məni ən çox təsirləndirən, İkinci Qarabağ müharibəsi zamanı səfərimdir. Ermənilər Gəncəyə raket zərbələri endirmiş, mülki qardaş-bacılarımız şəhid olmuşdu. Gəncəyə getmək və orada baş verən insanlıqdan kənar hücumları dünya ictimaiyyətinə çatdırmaq istədik. O vaxt hər iki ölkədən bəzi bürokrat dostlar müharibə şəraitində bunun müəyyən riskləri ola biləcəyini düşünürdülər. Lakin bu istəyimizi Prezident İlham Əliyevə bildirəndə, o, bunu böyük məmnuniyyətlə qarşıladı və öz təyyarəsini ayıraraq Gəncə səfərimizi asanlaşdırdı. Buna görə cənab İlham Əliyevə minnətdaram. Gəncədə gördüklərimiz isə ürəyimizi dağladı. Ermənilərin hücumları nəticəsində günahsız uşaqlar, qadınların yaralanması bizi sarsıtmışdı. Onları xəstəxanada ziyarət edərkən gözlərindəki həm ağrını, həm də vüqarlı duruşu unutmaq mümkün deyil. Başqa bir xatirəm ecazkar Şuşa ilə bağlıdır. Şuşanın azad edilməsindən sonra Türkiyədən bir qrup parlamentari ilə şəhəri ziyarət etdik və işğaldan sonra Şuşada gecələyən ilk rəsmi heyət olduq. O gecəni tarixə kiçik bir şükran qeydi kimi həmişə xatırlayacam.

- Türkiyə-Azərbaycan münasibətlərində yaxın gələcəkdə hansı istiqamətlər daha çox ön plana çıxacaq?
- Türkiyə-Azərbaycan münasibətləri bu gün bütün sahələrdə güclü şəkildə inkişaf edir. Burada Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti çox mühüm amildir. Müdafiə, enerji və nəqliyyat sahələrindəki əməkdaşlığımız nümunə göstəriləcək bir səviyyədədir.
Qarşıdakı dövr üçün mən iki məqamı xüsusilə önəmli hesab edirəm. Birincisi, mədəniyyət və təhsil sahəsində münasibətlərimizi daha sürətlə inkişaf etdirməliyik. Ortaq təhsil müəssisələri - liseylər, kolleclər və universitetlər quraraq gənclərimizi, yəni gələcəyin insan qüvvəsini birlikdə yetişdirməliyik. Bu sahədə görəcəyimiz çoxlu işlər var.
Türkiyə Böyük Millət Məclisinin sədri olduğum dövrdə üç yüzə yaxın alimin iştirak etdiyi böyük bir beynəlxalq elmi toplantını Türkiyə və Azərbaycan parlament sədrlərinin himayəsində keçirmişdik. Hər iki ölkədən çoxsaylı universitet institusional olaraq iştirak etmişdi. Hətta iclasların bir gününü türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirmişdik. Bu cür toplantıların daha geniş miqyasda və daha tez-tez keçirilməsi iki ölkə arasındakı elmi və intellektual bağların möhkəmləndirilməsi baxımından son dərəcə faydalı olacaq. İkincisi, ticarət sahəsini qeyd etmək istəyirəm. Azərbaycanla və digər türk dövlətləri ilə daha sıx və asan işləyən ticari münasibətlər inkişaf etdirilməlidir. Gömrük prosedurlarının asanlaşdırılması, ortaq investisiyalar və biznes dairələrimiz arasındakı təmasların intensivləşdirilməsi qarşıdakı dövrün prioritet gündəm maddələri olmalıdır.
- Şuşanın yenidən Türk dünyasının mədəniyyət mərkəzlərindən birinə çevrilməsi ilə bağlı gözləntiləriniz nələrdir?
- Şuşa tarixi və mədəni bir mərkəzdir, Azərbaycan musiqisinin, şeirinin, ədəbiyyatının beşiyidir. İşğaldan azad edildikdən sonra şəhərdə sürətlə bərpa və quruculuq işlərinin şahidi oluruq və prosesi yaxından izləyirəm. Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi də bu dirçəlişin simvolik təsdiqi olub. Bizim də bu prosesə dair gözəl xatirələrimiz var. Şuşanın azad edilməsindən dərhal sonra Türkiyə, Azərbaycan və Pakistan parlament sədrləri olaraq şəhəri ziyarət etmiş, orada bir toplantı keçirmişdik. Həmçinin bir az əvvəl qeyd etdiyim kimi, iki ölkənin parlament sədrlərinin himayəsində keçirilən genişmiqyaslı beynəlxalq simpoziumun bir gününü Şuşada keçirmişdik. Bunlar şəhərin yenidən bir fikir və mədəniyyət mərkəzinə çevrilməsi yolunda təvazökar töhfələr idi. Gözləntim budur: Şuşa mədəni, incəsənət və intellektual bir mərkəz olmalıdır, amma təkcə Azərbaycanın, türk dünyasının deyil, bütün dünyanın bu mənada xüsusi bir mərkəzinə çevrilməlidir. Şuşanın daşları dilə gəlsə, mədəniyyətin müharibəyə qalib gəldiyini söyləyər. Bu şəhərin yenidən şeirlə, musiqi ilə, elmlə dolması işğalın vurduğu yaralara veriləcək ən gözəl cavabdır.
- Azərbaycan və Türkiyə birlikdə hərəkət etdikdə regional sülh və sabitliyin təmin olunmasına necə töhfə verirlər?
- Qarabağın işğaldan azad edilməsi prosesi bu sualın ən aydın cavabıdır. Türkiyənin o prosesdə Azərbaycana verdiyi dəstək birlikdə nələr edə biləcəyimizi və birgə hərəkət etdiyimiz zaman necə uğur qazana biləcəyimizi bütün dünyaya göstərib. Otuz il ərzində beynəlxalq ictimaiyyətin həll edə bilmədiyi, həll etmək üçün ciddi bir iradə də göstərmədiyi bir məsələ Azərbaycanın qətiyyəti və Türkiyənin sarsılmaz dəstəyi ilə nəticəyə qovuşub. Burada vurğulanmalı olan məqam budur: Türkiyə-Azərbaycan birliyi heç vaxt hər hansı bir ölkəyə qarşı qurulmuş bir cəbhə olmayıb, əksinə, bölgədə hüququn, sabitliyin və əməkdaşlığın zəminini gücləndirən bir tərəfdaşlıqdır. İki ölkənin ortaq iradəsi Cənubi Qafqazda münaqişə əvəzinə nəqliyyat xətlərinin, enerji layihələrinin və normallaşma proseslərinin müzakirə olunmasını mümkün edib. Xəzərdən Anadoluya uzanan enerji və ticarət dəhlizləri təkcə iki ölkəyə deyil, Avropanın enerji təhlükəsizliyindən Mərkəzi Asiyanın dünyaya açılmasına qədər geniş bir coğrafiyaya xidmət edir. Güclü və firavan bir Türkiyə-Azərbaycan xətti bölgədəki bütün ölkələr üçün səmimi bir iradə ortaya qoyduqları təqdirdə Ermənistan da daxil olmaqla bir sabitlik və rifah qapısıdır. Birgə hərəkət etdiyimiz zaman ortaya çıxan mənzərə bir tərəfin itirdiyi bir tənlik deyil, bölgənin bütövlükdə qazandığı bir sülh memarlığıdır.

- Türkiyə Böyük Millət Məclisinə sədrlik etdiyiniz dövrdə siyasi baxışları bir-birindən çox fərqli olan millət vəkillərini eyni platformada idarə etməli oldunuz. Bu vəzifə sizə insan münasibətləri baxımından hansı mühüm dərsləri öyrətdi?
- Mən siyasəti təbii insan münasibətlərinin davamı kimi qiymətləndirirəm. Hər kəsin belə qiymətləndirmədiyini də bilirəm. Bəziləri siyasəti teatral bir iş kimi görür, ictimaiyyətin gözü qarşısında söylədikləri və etdikləri ilə əslində düşündükləri və yaşadıqları eyni şeylər deyil. Halbuki ölkə başçısının öncüllüyündəki siyasi hərəkatımız səmimiyyət üzərində qurulub. Buna görə də siyasətdən kənar həyatımızda sözümüz, davranışımız, düşüncəmiz nədirsə, siyasətdə də o olduq. Mən də parlament sədrliyi vəzifəm müddətində müxtəlif partiyalardan olan siyasətçi dostlarımızla qurduğum münasibətlərdə bir səmimiyyət və etibarlılıq mühiti yaratmağa çalışdım.
Şübhəsiz, siyasi baxışların fərqliliyi bəzən kəskin müzakirələrə də səbəb olub. Altı yüz üzvlü bir parlamentdə bunun əksi onsuz da gözlənilə bilməz.
Lakin əsas olan bu müzakirələrin qarşılıqlı şəxsiyyətə hörmət çərçivəsində aparılmasıdır. Digər mühüm bir məqam ixtilaf edilən mövzularla razılığa gəlinən mövzuları bir-birindən ayıra bilməkdir. Bir məsələdə ən kəskin şəkildə ayrıldığınız bir deputatla ölkənin xeyrinə olan başqa bir məsələdə rahatlıqla birgə çalışa bilərsiniz, bunu görə bilmək və bu sahələri işlədə bilmək lazımdır.
Bu vəzifənin mənə öyrətdiyi ən qalıcı dərs budur: insanlar özlərinə baxışlarından asılı olmayaraq hörmət göstərildiyini hiss etdikdə, ən çətin məsələlərdə belə bir dialoq zəmini mütləq tapılır. Sədrlik kürsüsü mənim üçün bir hakim məqamıdır, hakimin gücü isə fitindən deyil, ədalətinə bəslənən etibardan gəlir. O etibarı qura bildiyiniz zaman ən fərqli səslər eyni dam altında birlikdə mövcud ola bilir.