BAKI, 17 iyul. TELEQRAF
Qazaxın işğaldan azad olunmuş ərazilərində 357 hektar sahə minalardan təmizlənib
Teleqraf xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov bildirib.
O qeyd edib ki, Qazax rayonunun kəndləri də daxil olmaqla, işğaldan azad edilmiş bütün ərazilərdə minatəmizləmə işləri davam etdirilir.
“Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən sərhəd mühafizəsinin təşkili məqsədilə minatəmizləmə əməliyyatları icra olunub. 2025-ci ildən etibarən isə Nazirlər Kabineti tərəfindən müəyyən olunan plana uyğun olaraq yaşayış məntəqələrinin mina və digər partlayıcı sursatlardan təmizlənməsi fəaliyyəti icra edilir. İcra edilən əməliyyatlar zamanı 357.4 ha ərazi təmizlənib, 1 154 ədəd piyada əleyhinə mina, 146 ədəd tank əleyhinə mina və 62 ədəd digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib”, - sədr qeyd edib.