GƏNCƏ, 8 dekabr. TELEQRAF

Təxminən üç aya yaxındır ki, 6 saylı Gəncə Neftbaza sahəsi fəaliyyətini dayandırıb. Bunu bir neçə səbəblə izah edirlər.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 6 saylı Gəncə Neftbaza sahəsi Gəncə və ətraf bölgələri yanacaqla təmin edir. Sahə işini dayandırdığından xırda yanacaqdoldurma məntəqələrinin bir çoxunda problem yaşanır.

Həmçinin yanacağı daşıyan sürücülər və 6 saylı Gəncə Neftbaza sahəsinin bir çox işçiləri işsiz qalıblar.

İşçi heyəti və buradan yanacaq daşıyan şəxslərə bildirilib ki, indiki halda yanacağı Bakıdan gətirsinlər. Belə vəziyyət isə sürücülərə sərf etmir. Qiymət baha başa gəldiyindən onlara hər hansı sifariş verilmir.

Məsələ ilə bağlı “SOCAR PETROLEUM” QSC-nin mətbuat xidmətindən bildirilib ki, quruma məxsus Gəncə Neft Bazası sahəsində (NBS) sentyabr ayından etibarən əsaslı təmir işlərinə başlanılıb və bu məqsədlə obyektin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

"Neftbazada texniki nasazlığın vaxtında aradan qaldırılmaması potensial qəza təhlükəsi yarada bilər. Bunun qarşısını almaq məqsədilə bütün təhlükəsizlik qaydaları, normativ tələblər nəzərə alınmaqla təmir işləri həyata keçirilir.

Təmir işləri başa çatdıqdan sonra Gəncə Neft Bazası sahəsinin fəaliyyəti bərpa ediləcək. Mövcud vəziyyətlə bağlı sahibkarlardan anlayış göstərmələrini xahiş edirik. Həmçinin bildiririk ki, sahibkarlar müvəqqəti olaraq Bakı şəhərində yerləşən 1 və 22 saylı Neft Bazasından istifadə edə bilərlər” - deyə məlumatda bildirilir.