Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşhədi Dadaş” məscidində imam-camaatı Şahin Həsənli noyabrın 26-da Bakının Nardaran qəsəbəsində radikal dindarlarla polis arasında yaşanan qarşıdurma və daha sonra qəsəbədə müşahidə olunan gərginliklə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- Nardaranda bir qrup insanın radikal çıxışları, qanuna zidd addımları ölkədə ciddi narahatlıq yaradıb. Baş verənlərə münasibətiniz necədir?
- Qafqaz Müsəlmanları İdarəsi Nardaran sakinlərini zorakılığa yol verməməyə, dövlətin imicinə, gücünə zərər gətirə biləcək addımlar atmamağa çağırıb. İctimai-siyasi sabitlik hər bir vətəndaş, o cümlədən, dindarlar üçün olduqca vacib dəyərdir. Həssas bir dönəmdə yaşayırıq. Bu gün dünyada dövlətlər din faktorundan istifadə edib başqa dövlətləri zəiflədir. Buna görə də, dindarlar həssas olmalıdır və ölkədə kənar qüvvələrin təxribatlarının həyata keçməsinə imkan verməməlidirlər. Həssaslıq nümayiç etdirmək lazımdır. Xüsusilə də, inanclı insanlar din-dövlət münasibətlərinə xələl gətirəcək addımlar atmaqdan çəkinməlidirlər.
- Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri Nardarana gedib, qəsəbə sakinlərilə görüşəcəklərmi?
- Qafqaz Müsəlmanları İdarəsi daim Naradranda müxtəlif maarifləndirmə tədbirləri keçirir. Naradaran sakinlərinə, ağsaqqallarına müraciət olunub. Əhali imkan verməməlidir ki, qəsəbədə hər hansı təxribat xarakterli addımlar atılsın. Televiziya vasitəsilə də müraciət etmişik ki, hər hansı düşünülməmiş addım atmasınlar. Soyuqqanlı olmaq lazımdır. Hüquqi dövlətdə problemlər qanun müstəvisində həll olunmalıdır. Zorakılıq həm dini, həm də qanun baxımından ciddi şəkildə pislənilir.
- Xarici qüvvələrin Nardanardakı proseslərdə rolunun olduğu qeyd edilir. Bu barədə nə deyə bilərsiz?
- İstənilən dini radikalizmdə, qarşıdurmalarda xarici qüvvələrin rolu və maraqlarını olduğunu istisna etmirəm. Təbii ki, bir sıra dövlətlər din faktorundan istifadə edib cəmiyyətdə qarşıdurma yaratmaqda maraqlıdırlar. Nardaran məsələsində də xarici faktorun olduğunu tam istisna etmək olmaz. Amma faktlar əsasında danışmaq lazımdır.
- Nardaranda çəkilən videolardan görünür ki, gənclərin əlində daş-kəsək, taxta parçaları, Molotov kokteyli var idi. Dindarların bu qədər radikallaşmasının səbəbini nədə görürsüz?
- Bunun səbəbləri onların din barədə tam məlumatlı olmamasıdır. Öncə də qeyd etdim ki, hər cür zorakılıq yolverilməzdir. Gənclər zorakılıqdan imtina etməlidirlər. Mən Nardaran sakinlərinin tələblərinin nə olduğunu tam anlamıram. Hər hansı narazılıq varsa, bunu hüquq müstəvisində qaldırmaq lazımdır. Müasir dövrdə zorakı vasitələrdən istifadə yolverilməzdir. Bir daha Nardaran sakinlərinə müraciət edirəm ki, hər hansı təxribatın olmasına imkan verməsinlər. Dövlətin, xalqın mənafeyi nəzərə alınmalıdır.
Ruslan Xəlil