“Seçkidə iştirak etməmək hər bir partiyanın öz işidir. Mən boykotu taktika kimi düzgün sayıram, lakin bütün seçkilərin boykot edilməsinin tərəfdarı deyiləm. Fikrimcə, siyasi partiyanın fəaliyyət istiqamətindən biri seçkilərdə iştirak etməkdir. Ancaq hər seçkini boykot etmək olmur və bu, doğru da deyil. Odur ki, bu seçkilərdə iştirak etməmək siyasi fəaliyyətin zəifləməsinə gətirib çıxara bilər. O ki, qaldı seçkilərdə iştiraka görə kimisə ittiham etməyə, bu, Azərbaycan müxalifətinin köhnə azarıdır”.

Bunu qəzetimizə müsahibəsində Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib. Müsahibəni təqdim edirik:

- Qulamhüseyn müəllim, təsisçisi olduğunuz “Azadlıq-2015” seçki blokunun fəaliyyəti, hazırkı durumu necədir, nədən hər gün toplantı keçirirsiniz ?
- Seçki dairələrinin əksəriyyəti ilə bağlı razılıq əldə edilib. Hazırda, əsasən, sənədləşmə işləri görülür. Bu işlərlə bağlı hər gün toplaşmalı oluruq. Nəzərə alın ki, blokda 8 partiya təmsil olunur, səksənə yaxın seçki dairəsindən namizəd irəli sürülür. Bu dairələrlə bağlı sənədləşmə işlərini aparmaq lazımdır. Məhz bu səbəbdən hər gün blokun toplantısını keçiririk. Xüsusi olaraq siyasi qərarlar qəbul etmirik. Təbii ki, sənədləri hazırlayırıq, təsdiq edirik. Ancaq aydındır ki, cari məsələləri də qiymətləndiririk.

- 80 seçki dairəsi üzrə namizədləri müəyyən etmisiniz?
- Yox, ümumiyyətlə, 80 seçki dairəsindən namizəd irəli sürməyi düşünürük. Bunun əksəriyyəti ilə bağlı razılıq əldə edilib. Bir neçə dairə var ki, onunla bağlı müzakirələr davam edir.

- Yəni, yerdə qalan dairələrlə bağlı hər partiyanın namizədi olduğu üçün razılıq əldə edə bilmirsiniz?
- Müzakirələr gedir. Biz namizəd olmaq istəyən şəxslərin özlərini də iclasa dəvət edib onlarla məsləhətləşmələr aparır, söhbətlər edirik. Elə iddialı namizədlər var ki, öz aralarında razılığa gələ bilirlər. Bəziləri hələlik razılığa gələ bilmirlər. Odur ki, sədrlər səviyyəsində müzakirələri davam etdiririk. Kifayət qədər vaxtımız var və yaxın bir neçə günə bu dairələrlə bağlı da razılıq əldə ediləcək.

- Problemli dairələrin sayı nə qədərdir?
- 15-ə qədər seçki dairəsidir. Hazırda sənədlər yanımda deyil, bu səbəbdən konkret dairələri deyə bilmərəm. Ümumi deyim ki, bir neçə seçki dairəsi var ki, blok üzvlərindən bir sıra iddialı şəxslər məhz bu dairələrdən namizəd olmaq istəyirlər.

- Ümumilikdə blokun fəaliyyətini necə qiymətləndirirsiniz, razısınızmı?
- Hesab edirəm ki, normal fəaliyyət göstəririk. Həm də, bildiyim qədər yeganə seçki blokudur ki, fəaliyyət göstərir. Qənaətimcə, bir tərəfdən vəziyyətin qiymətləndirilməsi, digər tərəfdən kifayət qədər namizədlə seçkilərə gedilməsi müsbət haldır. Əlavə edim ki, blokun fəaliyyəti bugünkü günə qədər normal qiymətləndirilə bilər. Digər məsələlər isə əlbəttə, seçkinin nəticələrindən asılıdır.

- Blokun seçkilərlə bağlı müşahidəçi sistemi yaratmaq potensialı varmı?
- Biz dairələr üzrə namizədləri müəyyən edən zaman seçki komissiyalarına məşvərətçi səs hüquqlu üzvlərin və müşahidəçilərin verilməsini nəzərə almışıq. Yəni, harada namizədlərimiz varsa, həmin dairələrə həm müşahidəçi, həm də məşvərətçi səs hüquqlu komissiya üzvlərini verə biləcəyik. Başqa sözlə, bütün bu məsələləri ölçüb-biçmişik. Digər dairələr üzrə namizədlər verməsək də, müşahidəçi göndərmək imkanlarımız var.

- Bunun üçün minlərlə insan lazım gəlir, sizin blokun belə potensialı varmı?
- Əlbəttə, var. Əgər potensial olmasaydı, bunu müəyyənləşdirməzdik. Öz namizədlərimiz olan dairələri tam əhatə edəcəyik.

- Aydınlar Partiyası blokun müzakirəsinə neçə namizəd təklif edib?
- Biz 10-a yaxın namizəd təqdim etmişdik. Bir neçə namizədimiz isə mübahisəlidir. Hazırda üç namizədimiz blok tərəfindən rəsmən irəli sürülüb.

- Azad Demokratlar Partiyasının blokdan çıxmasını çoxları “Azadlıq-2015” Seçki Blokunun çat verməsi kimi qiymətləndirir. Siz, bu fikirlərlə razısınızmı?
- Bu, seçki blokudur. Sülhəddin Əkbərin partiyası dövlət qeydiyyatına alınmadığı üçün hüquqi baxımdan blokun işində iştirak edə bilməzdi. Bu amil onun blokdan çıxmasında rol oynayıb. Lakin özü seçkidə iştirak etmək istəyirsə və etiraz etmirsə, biz onun namizədliyini partiya adından irəli sürə bilərik.

- Digər qüvvələrlə əməkdaşlıqla bağlı müzakirələr aparırsınızmı?
- Hələ ki, bununla bağlı heç bir qüvvəylə müzakirə aparmırıq. Lakin ümumi mövqeyimiz bundan ibarətdir ki, digər partiyalarla və başqa bloklar meydana çıxacaqsa, onlarla müzakirələrə açığıq.

- Müsavat Partiyası REAL və NİDA ilə əməkdaşlığa üstünlük verdi və “Azadlıq-2015” seçki blokunu görməzdən gəldi. Bunu necə qiymətləndirirsiniz?
- Seçkilərdə hansı partiyanın hansı qüvvə ilə əməkdaşlığa getməsi, hansı bloka daxil olması hər bir təşkilatın özünün hüququdur. Partiya da bu hüquqdan necə istifadə edirsə, öz işidir. Bu mənada Müsavatın digər təşkilatlarla əməkdaşlığına normal baxıram. Olsun, Müsavat bizimlə əməkdaşlığı bu və ya digər səbəbdən məqsədəuyğun saymayıbsa, özü bilər. Bir daha vurğulayıram ki, biz əməkdaşlığa açıq təşkilatıq.

- Sizə, ümumiyyətlə, digər qüvvələrdən müraciət edilməsə, necə olacaq?
- Olmasın. Məcbur deyilsən ki, kiminləsə əməkdaşlıq edəsən, hansısa müraciət olsun, oturub müzakirə aparasan. Müraciət edilməyəcəksə, əməkdaşlıq da olmayacaq.

- Müsavata əksər dairələrdən alternativ namizədlər irəli sürmüsünüz. Bu isə o deməkdir ki, müxalifətin səslərində parçalanma olacaq. Nədən bu faktoru nəzərə almamısınız?
- Əslində, müəyyən qədər nəzərə almışıq. Ancaq mümkün deyil ki, bütün dairələrdən nəzərə alaq. Blokun namizədi varsa, ilk olaraq onları düşünməliyik. Ayrı-ayrı insanlara münasibətdə namizədləri müəyyən etmirik. Biz daha çox blokun imkanlarını nəzərə alaraq həmin dairədən namizədləri müəyyən edirik. Başqa partiyaların namizədi varsa, sözsüz ki, səslərin parçalanmasına səbəb olacaq. Amma hesab edirik ki, həmin dairədən blokun namizədinin qalib gəlmək şansı daha çoxdur. Bu səbəbdən namizədimizi müdafiə edəcəyik.

- Demək istəyirsiniz ki, İsa Qəmbərin namizəd olduğu dairədə sizin namizədiniz daha şanslıdır?
- Biz belə hesab edirik.

- Seçkiyə getmək istəməyən qüvvələr də var və onlar seçkiyə gedənləri ciddi şəkildə ittiham edirlər...
- Seçkidə iştirak etməmək hər bir partiyanın öz işidir. Mən boykotu taktika kimi düzgün sayıram, lakin bütün seçkilərin boykot edilməsinin tərəfdarı deyiləm. Fikrimcə, siyasi partiyanın fəaliyyət istiqamətindən biri seçkilərdə iştirak etməkdir. Ancaq hər seçkini boykot etmək olmur və bu, doğru da deyil. Odur ki, bu seçkilərdə iştirak etməmək siyasi fəaliyyətin zəifləməsinə gətirib çıxara bilər. O ki, qaldı seçkilərdə iştiraka görə kimisə ittiham etməyə, bu, Azərbaycan müxalifətinin köhnə azarıdır. Onların prinsipinə görə, əgər özləri seçkidə iştirak edirsə, hər şey normaldır, iştirak etmirlərsə, demək, iştirak edənlər satqındır. Qoy, belə desinlər. Biz onların bu fikirlərini cavab vermək niyyətində deyilik.

- Cavab verməmək razılaşmaq deməkdir...
- Xeyr. Bizim mövqeyimiz ortadadır, seçkilərdə iştirak edirik. Kim də bizi ittiham edirsə, etsin. Bu, onların işidir.

- Milli Şuranın üzvü Vidadi Mirkamal elan edib ki, sizlər sifarişlə seçkilərə gedirsiniz...
- İndi bizi ittiham edirsə, etsin. Biz də qeyd edə bilərik ki, bu şəxslərin özləri sifarişlə danışır. Ancaq biz belə ittihamlar irəli sürmürük. Qoyun, danışsınlar.

- Siz Milli Şuranın üzvüsünüz, amma seçkiyə gedirsiniz. Bu ziddiyyəti necə izah edərsiniz?
- Milli Şura seçki təşkilatı deyil. Milli Şura seçkidə qurum kimi iştirak etmək imkanında da deyil. İndi ora daxil olan partiyalardan kimlərsə seçkini boykot etmək istəyirsə, etsinlər.

- Milli Şura seçkini boykot qərarını verəcəksə, deməli, üzvləri məcburdur ki, seçkidə iştirak etməsin. O cümlədən də siz...
- Milli Şura seçkinin subyekti deyil. Yəni blok və partiya deyil ki, seçkidə iştirak etsin. Ona görə də, onun seçkilərə münasibəti partiyaların münasibəti deyil.

- Yaxın günlərdə Milli Şuranın sessiyası çağırılacaq və seçkidə iştirak edib-etməməklə bağlı qərar verəcək...
- Çağırsınlar da. Nə olsun? Bu, təşkilatdır və hansısa formada fəaliyyət göstərməlidir. Vacib deyil ki, onun fəaliyyətinə hər kəs münasibət bildirsin.

- Milli Şura seçkilərdə iştirak etməməklə bağlı qərar versə, sizin mövqeyiniz necə olacaq?
- Görürsünüz ki, mən seçkilərdə iştirak edirəm.

- Bu halda Milli Şuradan çıxarılma ehtimalınız yaranmayacaq?
- Çıxarırlar, çıxarsınlar da. Əgər hesab edirlər ki, seçkilərə münasibətə görə, kimisə çıxarmaq lazımdırsa, buyurub çıxarsınlar.

- Bu, sizi narahat etmir?
- Yox. Məni narahat etmir.

- Müxalifətin seçkilər məsələsində vahid mövqedə ola bilməməsinə səbəb nədir?
- Əslində, həmişə belə olub. Seçkiyə fərqli münasibətlər olub, bu münasibətləri bir araya gətirmək qeyri-mümkün olub. Ona görə də, daima belə vəziyyət yaranıb. Bütün seçkilərə münasibətdə belə yanaşmalar var.

- Ancaq müxalifət bir araya toplaşanda belə seçkilərdən dərhal sonra bir-birini ittiham edirlər...
- Dediyim kimi, bu, müxalifətin köhnə mərəzidır. Belə hal hər zaman təkrarlanır. İndi seçkidən sonra yenidən təkrarlanacaq, bir-birini ittiham edəcəklər və 5 il də bu cür gedəcək, vaxtımızı beləcə yola verəcəyik. Odur ki, bu cür ittiham və danışıqlara ciddi fikir vermək lazım deyil.

- Seçkidən sonra “Azadlıq-2015” seçki blokunda da qarşılıqlı ittihamlar müşahidə ediləcək?
- Bunu qabaqcadan demək olmaz. Güman edirəm ki, bu hal yaşanmayacaq.

- Blokun seçkidən sonrakı dövr üçün hansısa ideyalar varmı, yəni 8 partiya seçkidən sonra da müttəfiqlik edəcəkmi?
- Hələ ki, başqa bir ideya yoxdur. Yalnız seçkilərlə bağlı əməkdaşlıq nəzərdə tutulub. Seçkidən sonrakı dövr üçün də fikirləşmək olar. Seçkidən sonra bu haqda müzakirələrin açılması istisna etmirəm.

Nemət