BAKI, 6 mart. TELEQRAF
Lerik rayonunda sosial şəbəkədə paylaşılan təhqir və böhtan xarakterli məlumatlara görə tərəflər arasında məhkəmə çəkişməsi yaranıb.
Teleqraf xəbər verir ki, İlkin sosial şəbəkədə onu təhqir edən Dilarəni (adlar şərti verilib - red.) xüsusi ittiham qaydasında məhkəməyə verib.
Şikayətə görə, Dilarə heç bir əsas olmadan 2025-ci ilin müxtəlif tarixlərində “Facebook” sosial şəbəkəsində Elnarə adı ilə İlkin barədə şərəf və ləyaqəti alçaldan, böhtan xarakterli məlumatlar paylaşıb.
O, İlkinin 3 arvadı, 5 uşağı olduğu halda başqa bir subay qızı bədbəxt etdiyini iddia edib.
Qeyd olunub ki, İlkin daha sonra yalan vədlər verərək, həmin qızı şantaj edib, həyatında saxlamağa məcbur edib.
Məlumata görə, həmin profil altında paylaşılan yazılarda İlkin haqqında şəxsi həyatı ilə bağlı həqiqətə uyğun olmayan iddialar səsləndirilib və təhqiramiz ifadələr işlədilib.
İlkin bildirib ki, sonradan eyni profil vasitəsilə onun şəkli paylaşılaraq üzərində yenidən təhqir və böhtan xarakterli sözlər yazılıb. Paylaşımda onun guya bir qızı aldadaraq bədbəxt etməsi və müxtəlif qanunsuz əməllər törətməsi ilə bağlı iddialar irəli sürülüb.
Oxşar məzmunlu paylaşımlar 2025-ci ilin müxtəlif tarixlərində eyni profil vasitəsilə dəfələrlə təkrar edilib.
İlkin əlavə edib ki, o, dənizçi kimi fəaliyyət göstərir və dünyanın müxtəlif ölkələrindən olan şəxslərin daxil olduğu, təxminən 500 nəfərlik votsap qrupunda da eyni məzmunlu məlumatlar yayılıb.
Onun sözlərinə görə, Dilarə öz mobil nömrəsi ilə həmin qrupa daxil olub, eyni təhqir və böhtan xarakterli paylaşımları orada da yayıb.
İlkin qarşı tərəfin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını və barəsində müvafiq məhkəmə qərarının qəbul edilməsini xahiş edib.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında təqsirləndirilən Elnarənin barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci tarixli Qərarının 5.1-ci hissəsi tətbiq edilib. O cinayət məsuliyyətindən azad olunub. İş üzrə icraata xitam verilib.