BAKI, 27 noyabr. TELEQRAF
Türkiyənin ixtisasca həkim olan məşhur aktyoru Ercan Kesal "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Yunus Emre İnstitutunun Bakıdakı keçmiş nümayəndəsi Selçuk Karakılıçın dəvəti ilə 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmisiniz. Azərbaycana gələndə ilk təəssüratlarınız necə idi?
- Özümü yad bir ölkəyə gəlmiş kimi hiss etmədim. Bakıya gəlmək, sanki İstanbulun qonşu bir şəhərinə gəlmək kimiydi. Bakını dərhal sevdim və ayrılarkən darıxdım. Bu, hər zaman yaşanan bir duyğu deyil, buna əminəm. Yaxın zamanda bir Azərbaycan filmində rol almaq üçün yenidən Bakıya, daha sonra çəkilişlərin aparıldığı Gəncəyə getdim. Filmin adı "Kuşlar Sessizken" adlanır və rejissoru İlqar Nəcəfdir. İşim bitib qayıdarkən yenə də o darıxma hissi ilə ayrıldım Bakıdan.
- Azərbaycan tamaşaçılarının filmlərinizə və rollarınıza olan marağı barədə nə düşünürsünüz?
- Azərbaycan xalqı səmimi və səxavətlidir. Bu hal onların bütün münasibətlərinə və davranışlarına hopur. Film və seriallarımızı sevir və maraqla izləyirlər. Oynadığım personajları məndən daha çox özününküləşdirməyin şahidi olmuşam.
- Bəs ölkəmizdə ən çox diqqətinizi çəkən nə oldu?
- Son oynadığım filmin yaradıcı heyəti ilə də bu cür sualları müzakirə etmək imkanı tapdım. Möhtəşəm bir maraq, səylə çalışma və yaratma arzusu hiss olunur. İtirilmiş illərin əvəzini çıxmaq və gələcəyə dair ümidlə yaratmaq yalnız bu arzuyla mümkündür.
- Aktorluq yolçuluğunuzun həkimlik keçmişinizlə birləşməsi çox orijinal bir perspektiv yaradır. Bu iki dünyanın sizdə yaratdığı yaradıcı tarazlığı necə izah edərdiniz?
- İnsan bu dünyadakı yerini yalnız hekayə danışaraq müəyyən edə bilər və danışdıqları da təcrübələrindən başqa bir şey deyil. Yoxsul bir Anadolu qəsəbəsində çoxuşaqlı kəndli ailəsinin ən kiçik övladı kimi doğuldum və böyüdüm. Kitablarla dostluqdan başqa çarəm yox idi. Oxuyaraq, yazaraq var oldum.
Həkimlik isə mənim şansım oldu. Hekayə dinləyən, onları toplayan və yenidən yazaraq yenidən quran biri üçün həkimlik əvəzsiz nemətdir.
- "Çukur", "Gülpəri", "Bir Zamanlar Anadoluda" kimi seriallarda canlandırdığınız obrazlar Azərbaycanda da böyük maraqla qarşılandı. Sizcə, bu personajların Azərbaycan tamaşaçısında qarşılıq tapmasının səbəbi nədir?
- İzləyici səmimiyyət gördüyü üçün özünü orada tapıb. Daha əvvəl də demişdim, universallıq çox önəmlidir. Təqlidlər dərhal hiss olunur və tez istehlak edilir, qalıcı olmur.

- Sizcə, Türkiyə filmlərinin və seriallarının Azərbaycanda bu qədər sevilməsinin təməlində nə dayanır?
- Sanki ortaq bir yaddaşın parçalarıyıq. Həmçinin ortaq acıların və ümidlərin, eyni sevinc və coşquların... Bütün bəşəriyyətin ortaq dəyərlərindən söhbət gedir əslində. Amma Azərbaycan xalqı bunu çox daha güclü şəkildə yaşayır və sevgisini çox açıqürəkliliklə ifadə edir.
- Kitablarınızda, xüsusilə də "Peri Gazozu" və "Nasipse Adayız" əsərlərinin mövzusu dərin həyat müşahidəsinə dayanır. Yazıçılıq sizin üçün daxili bir hesablaşmadır, yoxsa dünyanı anlama tərzidir?
- İnsan yaşadıqlarından başqa bir şey deyil. Hər iki kitab əsasən avtobioqrafik xüsusiyyətlər daşısa da, üslubumun “avtoetnoqrafik” olduğunu düşünürəm. Şəxsi olanla ictimai olan arasında bir bağ qurmağa çalışıram. Öz hekayəmi danışır kimi görünsəm də, əslində mövzum ölkəmin, yaşadığım coğrafiyanın və onun insanlarının hekayəsidir.
- Rəqəmsal platformalarda yayımlanan seriallarla televiziya seriallarını aktyorluq baxımından necə müqayisə edirsiniz?
- Təəssüf ki, televiziya serialları çox uzundur. Rəqəmsal platformalar üçün çəkilən serialların çəkiliş prosesi, müddəti və tamaşaçıya çatma forması daha nəzarətli və məntiqlidir. Televiziya işlərində zamana qarşı yarışırıq, bu isə aktyorluğun olumsuz təsirlənməsinə səbəb olmaya bilməz.
- Bir serialda personajı yazmaq daha çətindir, yoxsa onu canlandırmaq?
- Özümün yazdığım ssenarilərdə oynadığım personajlar mənim üçün daha asan olub. Başqa bir ssenaristin yaratdığı personajı tanımaq və onu içimə sindirmək bir az vaxt alır.
“Yazmaqmı, oynamaq mı?” desəniz, əlbəttə, yazmaqdan hər zaman daha çox zövq almışam.
- “Show TV”də yayımlanan "Vəliəhd" serialında Zülfüqar Karslı personajını canlandırırsınız. Bu layihəni qəbul etmənizdə hansı amillər rol oynadı və canlandırdığınız personajı necə təsvir edərdiniz?
- "Vəliəhd" serialı bir iqtidar mübarizəsini anladır. Zülfüqar Karslı personajı yaxşı və pis tərəfləri ilə bu mübarizənin tam ortasında duran bir insandır. Cəsur, qorxaq, zalım, şəfqətli, sadiq, ehtiraslı, amansız və mərhəmətli… Yəni hər birimiz kimi!
Bu cür personajları sevirəm, onları canlandırmaq bir az da insanın özünə güzgü tutması kimidir. Bu, terapevtik bir yolçuluqdur.


