BAKI, 29 sentyabr. TELEQRAF

"Tanrının otağı" film layihəsi Türkiyədən dəstək alıb.

Bu barədə Teleqraf-a filmin ssenari müəllifi Nicat Dadaşov məlumat verib.

Onun sözlərinə görə Türkiyənin məşhur prodüseri Semih Sacaklının “Tulpar Film” şirkəti ilə birgə istehsalat barədə razılığa gəlinib.

"Bu, filmin beynəlxalq satış, distribusiya və festivallara çıxışı üçün güclü zəmanətdir. Çəkilişlər isə Türkiyədə, eləcə də Avropanın uyğun ölkələrində - Moldova, Rumıniyada həyata keçirilə bilər.

Bundan əlavə olaraq “Mojo Prodüksiyon” və Serkan Semizlə post-production mərhələsinin müəyyən mərhələlərində 15 030 avro məbləğində dəstək barədə müqavilə imzalanıb".

"Whiteroof production"a məxsus olan layihə Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi 2025-ci il üzrə "Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri" müsabiqəsinə təqdim edilib.

Filmin ilk treyleri isə artıq hazırdır.

Ekran əsəri 1988-ci ildə Ermənistandan Azərbaycana köçməyə məcbur olan qadının mübarizəsi, humanizmi, düşdüyü çətin vəziyyətə baxmayaraq, insanlığı üstün tutan Reyhanın həyatından bəhs edir.

“Münaqişə zamanı İrəvandan qaçan azərbaycanlı ana və qız Bakıda bir erməni ailəsi ilə evlərini dəyişməyə razılaşır. Bir şərtlə ki, yaşlı erməni qadın evdə qalmalıdır. Qan və düşmənçiliyin ucaltdığı divarların arasında tənha qalan bu iki qadın zamanla birgə yaşamağın yolunu axtarmağa başlayırlar.

“Tanrının otağı” əslində hər birimizin içindədir - bu, insanın vicdanı ilə üz-üzə qaldığı an, nifrətin yoxsa insanlığın daşıyıcısı olmaq arasında etdiyi böyük seçimdir”, - N.Dadaşov əlavə edib.

Filmin quruluşçu rejissoru Qulu Əsgərov, prodüseri Ziya Ağa, operatoru Daniel Quliyev, quruluşçu rəssamı Vüqar Qurbanov, işıq ustası Ruslan Menyayev, qrim rəssamı Güney Əjdərova, icraçı prodüseri Firudin İbrahimbəylidir.

Filmdə Azərbaycanın Xalq artisti Şükufə Yusupova, Əməkdar artist Nargilə Qəribova və Oktay Mehdiyev iştirak edirlər.