BAKI, 12 iyun. TELEQRAF
Türkiyənin “TRT 1” kanalında yayımlanan “Mehmet: Fetihlər Sultanı” serialının sezon finalında Azərbaycanın hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının "Salam, dar ağacı” mahnısı səsləndirilib.
Şəmistan Əlizamanlı Teleqraf-a açıqlamasında təəssüratlarını bölüşüb.
O, serialda ifa etdiyi mahnının səslənməsini uğur hesab edib: "Bu, tarixi serialdır. "Mehmet: Fetihler Sultanı"nı bütün dünya izləyir, çünki Sultan II Mehmet İstanbulu fəth edərək dünya tarixində mühüm bir hadisəyə imza atdı. Bu, sadəcə bir şəhərin fəthi deyil, böyük bir zəfərdir. Bu layihədə bizim də iştirakımız Azərbaycan incəsənəti və mədəniyyəti üçün böyük bir uğurdur".
İfaçı bildirib ki, sSerialın yaradıcı heyəti ilə gözəl münasibətləri var: "Məni çəkilişlərə də dəvət ediblər, inşallah, tezliklə görüşəcəyik. Gələcəkdə ortaq əməkdaşlıq da mümkündür. Bəlkə aktyor kimi fəaliyyətim də davam edər.
2019-cu ildə tarixi bir layihədə - "Diriliş Ertuğrul" serialında da iştirak etmişəm. Orada dörd mahnım səslənib. Yəni bu sahədə müəyyən təcrübəm və yaradıcı heyətlə münasibətlərim var".
Xatırladaq ki, Şəmistan Əlizamanlının mahnısı serialda Çandarlı Halil Paşanın edam səhnəsində səslənib.
Bəstənin sözləri şair Rüstəm Behrudiyə, musiqisi isə Araz Elsəsə məxsusdur.