BAKI, 10 iyun. TELEQRAF
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyənin Prezident Sarayının Millət Kitabxanasına Azərbaycana dair nəşrlərdən ibarət zəngin kitab kolleksiyası hədiyyə edib.
Teleqraf xəbər verir ki, kitab kolleksiyasına Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ölkəmizin nailiyyətlərinə dair Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən göndərilən nəşrlər, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə ölkəmizə dair Türkiyə türkcəsinə tərcümə olunmuş və çap olunmuş kitablar daxil edilmişdir.
Mədəniyyət Mərkəzindən bildirilib ki, Türkiyənin ən böyük kitabxanalarından olan Millət Kitabxanasında artıq Azərbaycana dair zəngin kitab kolleksiyası formalaşmış, gələcəkdə də regionun ən böyük informasiya mərkəzi – kitabsaxlayıcısı ilə bu istiqamətdə layihələr davam etdiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri milli mədəniyyətimiz, tariximiz, ana dilimiz, klassik ədəbiyyatımızın təbliği məqsədi ilə layihələr həyata keçirir, aparıcı kitabxnalara Azərbaycana dair nəşrlər hədiyyə edir, kitabxanalarda Azərbaycan fondlarının formalaşdırılması istiqamətində işlər həyata keçirir.