TBİLİSİ, 23 may. TELEQRAF
Tbilisidə Azərbaycan və Türkmənistan xalçalarından ibarət sərgi başlayıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, “Axundov İncəsənət Qalereyası”nda təşkil olunmuş tədbir iki ölkənin Gürcüstandakı səfirliklərinin təşəbbüsü və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəstəyi ilə keçirilir.
Sərgi Azərbaycanda 5 May - Xalçaçı günü və may ayının sonuda Türkmənistanda qeyd olunan "Türkmən Xalçası Günü"nə həsr olunub.
Ziyarətçilərə əl işləri olan unikal xalçalarla yanaşı, Azərbaycan və Türkmənistanın milli geyim nümunələri, toxuculuq məmulatları, zinət əşyaları, rəsm əsərləri də təqdim olunub.
Sərginin açılışında Türkmənistanın Gürcüstandakı səfiri Dövlətmırat Seyitməmmədov, Azərbaycan səfirliyinin müşaviri Kamal Xəlilov, diplomatik korpusun nümayəndələri, azərbaycanlı icmanının üzvləri, gürcü ziyalılar, mədəniyyət xadimləri, gənclər və ictimai xadimlər iştirak ediblər.
Tədbirdə Azərbaycan xalçasının, Türkmənistanın xalçaçılıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi bildirilib.
Qeyd olunub ki, hər iki ölkənin qədim xalça nümunələri bir sıra ölkələrin muzeylərində eksponatlar kimi qorunub saxlanılır, sərgi zallarını və qalereyaları bəzəyir. Xalçaçılıq ənənələrinin həm Azərbaycan, həm də Türkmənistanda qorunub saxlanılmasına böyük önəmin verildiyi, dövlət qayğısının göstərildiyi, Bakı və Aşqabbada xalça muzeylərinin fəaliyyət göstərdiyi vurğulanıb.
Sərgi bir həftə ərzində açıq olacaq.