Bu gün Qarakənd səmasında Azərbaycanın dövlət adamlarının olduğu helikopterin vurulmasından 24 il ötür.
Faciə nəticəsində helikopterin ekipajı daxil olmaqla 22 nəfər həlak olub. 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycan hərbi helikopteri erməni dəstələri tərəfindən vurulub.
Araşdırmalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin nə qədər maraqlı olsa da, bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verilişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanıb.
7 noyabrda Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirilib. Görüşün səbəbi o idi ki, Dağlıq Qarabağ ərazisində müharibə gedir və hansı xalqın (yəni azərbaycanlılar və ya ermənilər) sıxışdırıldığı məlum deyil. Buna görə də razılığa gəlinir ki, hadisələri öz gözləri ilə görsünlər və Xankəndiyə getsinlər. Ağdama üz tutan araşdırma aparan tərəf bir neçə saat sonra Xocavənd istiqaməti ilə Xankəndiyə helikopterlə gedirlər. Helikopter Xocavəndin Qarakənd kəndi səmasında olan zaman vurulur. 20 noyabr faciəsi nəticəsində Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, ölkənin baş prokuroru İsmət Qayıbov, Daxili İşlər naziri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfü Hacıyev, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Prezident Aparatında şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, DQMV-nin prokuroru İqor Plaviski, vilayətin Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan DİN-inin müavini Sanlal Dasumoviç Serikov, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, telejurnalist Alı Mustafayev, AzTV-də işıqçı Arif Hüseynzadə, video-operator Fəxrəddin Şahbazov, helikopter heyətinin komandiri və üzvləri Vyaçeslav Kotov, Gennadi Domov, Dmitri Yarovenko həlak olublar.
Rusiyadan olan generallar faciə qurbanları arasında olmayıb. Halbuki həmin vaxt Azərbaycanın yüksək rütbəli məmurları ilə birgə onlar da helikopterdə olublar. Qəzanın baş verməsini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokuroru, polkovnik İ.Lazukitin 248-ci maddə ilə cinayət iş başladır. 1991-ci il noyabrın 24-də İrəvan televiziyasının xəbərlər proqramına müsahibə verən prokuror İ.Lazutikin iddia edir ki, həlak olan azərbaycanlılara ilkin yardımı guya “ermənilər göstərib”.
Helikopterin “qara qutusu”nu ələ keçirən İ.Lazutikin daha sonra ona toxunmağı qadağan edir. Ardınca isə məlumat da yayılır ki “qara qutu” “istidən” və “yanğından”, “partlayışdan” ... sıradan çıxıb, əriyib. Azərbaycanlı mütəxəssisləri isə hadisə yerinə buraxılmır. Hadisədən bir neçə gün keçəndən sonra həqiqəti bilmək üçün helikopterdəki “qara qutu” Rusiyaya göndərilir. Ancaq sözügedən “qara qutu”dan həmin vaxtdan bəri heç bir səs-soraq yoxdur. Bütün bunları əlində əsas tutan erməni tərəfi, helikopterin vurulduğunu yox, qəzaya uğradığını iddia etməkdədir.
Əvvəl rəsmi məlumat kimi helikopter dumanlı havada qayalara çırpılıb, lakin onun vurulduğunu bir neçə gün sonra etiraf olundu. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu.
Sonradan aparılan araşdırmalar nəticəsində məlum olur ki, Mi-8 72 hərbi helikopterinə Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb. 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 km məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları sıradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həm də kütləvi qırğın silahları sərgəsində gedir. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna “nüvə yanğını” deyirlər. Bu yanğının yayılma zərbəsindən obyektin qalıqlarının mərkəzdən 500-600 metr kənara atılır.
BƏXTİYAR