İlham Əliyev: “Beynəlxalq ictimaiyyət terror bəlası ilə mübarizə aparmaq üçün səylərini birləşdirməlidir”

Fransanın paytaxtı Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib. Prezident İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Forumda iştirak ediblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün təşkilatın mənzil-qərargahına gəliblər.

Bu il UNESCO-nun Nizamnaməsinin qəbulundan 70 il ötür. Təşkilatın yaradılmasının 70 illiyi münasibətilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu da təşkilatın yaradılmasının 70 illiyinə həsr edilib.

Əvvəlcə Prezident İlham Əliyev UNESCO-nun qonaq kitabına ürək sözlərini yazıb. Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura ilə qısa söhbətləri olub.

UNESCO Baş Konfransının 38-ci sessiyasının sədri, Namibiyanın informasiya və kommunikasiya texnologiyaları nazirinin müavini Stanley Mutumba Simataa tədbiri açaraq Forumun gündəliyi barədə məlumat verib.

Maltanın prezidenti xanım Mari-Luiz Koleyro Forumda çıxış edərək UNESCO-nun yarandığı 70 il ərzində dünyanın xeyli dəyişdiyini bildirib. Qeyd edib ki, bu Forum UNESCO-nun gələcəyini müəyyənləşdirmək üçün yaxşı tədbirdir. Malta prezidenti deyib ki, inkişaf real mədəni mühitlə bağlıdır. O, mədəni müxtəliflik, təhsil, yoxsulluq, savadsızlıq, gender bərabərliyi məsələlərinə toxunub, qlobal problemlərin həllində UNESCO-nun rolunu və birgə fəaliyyətin əhəmiyyətini qeyd edib.

Sonra Slovakiya baş nazirinin müavini, xarici işlər naziri Miroslav Layçak çıxış edib. O, Parisdə baş vermiş terror aktlarını pisləyərək terrorçuların bütün bəşəriyyətin düşməni olduğunu vurğulayıb, terrorla birgə mübarizənin önəmini diqqətə çatdırıb. Baş nazirin müavini vurğulayıb ki, UNESCO terrorizm və ekstremizmin yer almadığı dünyanın qurulmasında mühüm əhəmiyyətə malikdir. Miroslav Layçak qlobal problemlərin həllində birgə səylərin göstərilməsinin zəruriliyini vurğulayıb.

Foruma sədrlik edən Stanley Mutumba Simataa Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı iqtisadi inkişafından, beynəlxalq aləmdə qazandığı böyük nüfuzdan danışıb. O, ölkəmizin UNESCO-nun etibarlı tərəfdaşına çevrildiyini bildirib. Prezident İlham Əliyev Forumda çıxış edib.

“Azərbaycan terrordan əziyyət çəkən ölkə kimi beynəlxalq terrora qarşı mübarizədə mühüm rol oynayır”

Dövlət başçısı əvvəlcə noyabrın 13-də Parisdə baş vermiş dəhşətli terror hadisəsi ilə bağlı Azərbaycan xalqı adından Fransa xalqına başsağlığı verib. Bildirib ki, bu dəhşətli terror hadisəsi beynəlxalq ictimaiyyətin bu bəla ilə mübarizə aparmaq üçün öz səylərini birləşdirməli olduğunu bir daha göstərir. Prezident İlham Əliyev keçmişdə çoxsaylı terror hadisələrindən əziyyət çəkən Azərbaycanın terrorizmə qarşı mübarizədəki rolundan danışıb: “Noyabrın 13-də Parisdə baş verən faciəvi terror aktı ilə bağlı Azərbaycan xalqının Fransa xalqına başsağlığını çatdırmaq istəyirəm. Azərbaycan Fransa xalqının acısını bölüşür və Fransa tarixinin bu faciəvi anında onların yanındadır. Terror aktı göstərdi ki, beynəlxalq ictimaiyyət bu bəla ilə mübarizə aparmaq üçün səylərini birləşdirməlidir. Dünyada heç bir ölkə terror aktlarından sığorta olunmayıb. Ona görə də yalnız beynəlxalq ictimaiyyətin birləşmiş səyləri bizə bu bəla ilə mübarizədə yardım göstərə bilər. Azərbaycan keçmişdə müxtəlif terror aktlarından əziyyət çəkən ölkə kimi beynəlxalq terrora qarşı mübarizədə mühüm rol oynayır və bu rol beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndirilir”.

“Azərbaycan UNESCO-nun donorlarından birinə çevrilib”

Azərbaycan-UNESCO əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin bu təşkilatın fəal üzvü kimi bəşəri dəyərlərin təşviqinə öz töhfəsini verməkdə davam etdiyini deyib. Bildirib ki, Azərbaycan UNESCO-nun bütün konvensiyalarını və digər sənədlərini imzalayıb, ratifikasiya edib. 2003-cü ildə Azərbaycan və UNESCO arasında mədəniyyət, elm, təhsil və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanıb. Bu, Azərbaycana UNESCO-nun donorlarından birinə çevrilmək imkanı verib: “Bu bizim az inkişaf edən ölkələr qarşısında vəzifə və öhdəliklərimizdir. Azərbaycan müstəqilliyinin ilk illərində yoxsulluq, iqtisadi tənəzzül, işğal kimi problemlərlə üzləşib. Biz beynəlxalq yardım alan ölkə olmuşuq. İndi bunları geri qaytarmaq və inkişafa kömək etmək üçün bizim növbəmizdir. Əminəm ki, UNESCO-nun fəaliyyət göstərdiyi təhsil, mədəniyyət və elm kimi sahələr dünyanı təhlükəsiz etmək üçün olan sahələrdir. Biz fəxr edirik ki, Azərbaycanın İçəri şəhəri, Şirvanşahlar sarayı, Qobustan qayaüstü rəsmləri, Qız qalası UNESCO tərəfindən qorunan abidələrdir”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan qədim mədəniyyət, tarix və ənənələr torpağıdır. “Lakin müstəqil ölkə kimi çox gəncdir. 23 il bir siyasi sistemdən digərinə, bazar iqtisadiyyatına keçid illəri olub. Bu illər ərzində bizim ölkə inkişafa nail olub”, – deyən Prezident İlham Əliyev əminliklə vurğulayıb ki, UNESCO-nun təhsil, mədəniyyət və elm sahələrinin inkişafına verdiyi dəstək dünyamızı daha da təhlükəsiz edəcək.

“Ermənistan təkcə beynəlxalq hüququn norma və prinsiplərini deyil, həm də tarixi ədaləti pozub”

Dövlət başçısı deyib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğalı bu günə kimi davam edir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Çoxlu sayda tarixi abidələrimiz, muzeylərimiz ermənilər tərəfindən tamamilə dağıdılıb. Prezident İlham Əliyev Ermənistanın nəinki beynəlxalq hüquq normalarını, həm də tarixi ədaləti pozduğunu, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrə məhəl qoymadığını vurğulayıb. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir”, – deyən Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əminliyini bildirib.

Prezident bu gün Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş, beynəlxalq təşkilatların aktiv üzvü olduğunu vurğulayıb. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın ən böyük siyasi və diplomatik uğuru 2011-ci ildə ölkənin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub: “Bu beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın rolunun, bizim qlobal arenada müsbət fəaliyyətimizin qəbul olunması idi. Beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı kimi 2 illik sədrliyimiz dövründə 2 vacib məsələyə diqqət yetirmişik: beynəlxalq terrora qarşı mübarizə və mədəniyyətlərarası dialoq”.

Dövlət başçısı Azərbaycanda mövcud olan tolerantlıqdan, multikulturalizmdən danışıb, ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələri barədə Forum iştirakçılarına ətraflı məlumat verib. Prezident İlham Əliyev UNESCO-nun 70 illiyi münasibətilə Forum iştirakçılarına təbriklərini çatdırıb.

Sonra ABŞ Prezidenti Barak Obamanın Foruma ünvanladığı məktub oxunub.
Daha sonra Fransa Prezidenti Fransua Olland çıxış edib. O, Parisdə törədilən son terror aktlarından bəhs edib, Fransanın terrorçulara sərt cavab verəcəyini bildirib. Fransa Prezidenti terrorizmin bəşəri dəyərlərə böyük təhdid olduğunu qeyd edib.

Prezident Fransua Olland terror hadisələri ilə bağlı bütün dünyada Fransa xalqına göstərilən həmrəylikdən də danışıb. O vurğulayıb ki, Parisdə terror aktlarını törədənlər qatillərdir və onlar heç bir sivilizasiyaya aid deyillər.

Fransa dövlətinin başçısı bəşəri dəyərlərin qorunmasında UNESCO-nun mühüm rol oynadığını bildirib, təşkilatın Əfqanıstanda, Malidə və digər ölkələrdə dağıdılmış abidələri bərpa etdiyini vurğulayıb. Fransa Prezidenti UNESCO-nun mədəni dəyərlərin qorunması ilə bağlı çoxlu layihələr həyata keçirdiyini də diqqətə çatdırıb.

UNESCO-nin baş direktoru ilə görüş

Forumdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüblər. Görüşdə Azərbaycanla UNESCO arasında uzun illər səmərəli uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakı əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirilib. Prezident İlham Əliyevin bu tədbirdə çıxışının önəmi qeyd edilib.

Söhbət zamanı Azərbaycanın UNESCO-nun fəaliyyətində rolu, bu təşkilatın işinə verdiyi töhfə yüksək qiymətləndirilib. Həmçinin Azərbaycanda multikulturalizmin inkişafı, ölkəmizin mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə verdiyi töhfələr diqqətə çatdırılıb. UNESCO-nun xətti ilə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə əməkdaşlığımızın bundan sonra da genişləndirilməsinə əminlik ifadə olunub və bu əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva UNESCO-nun mənzil-qərargahında təşkilatın İcra Şurasının zalı və nümayəndə heyətlərinin salonu ilə tanış olublar. Qeyd edilib ki, bu zalın və salonun yüksək səviyyədə təmir olunması Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilib. Zalda İcra Şurasının tədbirləri ilə yanaşı, xoşməramlı səfirlərin görüşləri, toplantıları da keçirilir.

Dövlət başçısı və xanımı ölkəmizin UNESCO-ya üzv olmasının 20 illiyi münasibətilə Azərbaycan Respublikası tərəfindən hədiyyə edilən daş at və daş qoç abidələrinə baxıblar.

UNESCO-nun mənzil-qərargahının həyətində qoyulan bu heykəllər burada daimi olaraq sərgilənir. Həmin heykəllər XII-XIII əsrlərə aiddir və Tovuz rayonunun Aşağı Ayıblı kəndindən tapılıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva digər ölkələrin UNESCO-ya təqdim etdiyi abidələrə də baxıblar. Qeyd edilib ki, UNESCO-nun mənzil-qərargahının həyətində və binada sərgilənən bu abidələr tarixi, mədəni əhəmiyyət daşıyır.

Səxavət HƏMİD