Bakı metropoliteni 48 illiyini qeyd edir. 48 il əvvəl noyabrın 6-ı ilk metro qatarının xəttə buraxılması kimi tarixdə qalıb. İllər keşdikcə əhaliyə göstərilən xidmət yüksək qiymətləndirlib və prezidentin 28 oktyabr 2006-cı il fərmanı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür.
Dünən Bakı metropoliteninin istismara verilməsinin 48-ci ildönümü və 8 noyabr – metropoliten işçilərinin peşə bayramı münasibətilə “Bakı Metropoliteni” QSC-nin kollektivi ümummilli lider Heydər Əliyevin və oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Metropolitençilər həmçinin Şəhidlər Xiyabanına gələrək şəhidlərin də xatirəsini yad ediblər.
Daha sonra “Bakı Metropoliteni” QSC-nin iclas zalında təntənəli yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə açan “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov ölkə başçısının imzaladığı sərəncamlarla bir qrup metropolitençinin “Əməkdar mühəndis” fəxri adına və “Tərəqqi” medalına layiq görülməsini qeyd edərək sərəncamların mətnini oxuyub.
Bu yüksək etimada layiq görülənləri təbrik edən QSC sədri metropolitenin daim dövlətin diqqət və qayğısının mərkəzində olduğunu qeyd edib. O, metropolitenin tarixindən söz açaraq, istər Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, istər SSRİ kimi nəhəng dövlətin yüksək rəhbərliyində yer alaraq Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən, istərsə də müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin metronun inkişafına, genişlənib böyüməsinə göstərdiyi diqqətdən, onun metropolitençi əməyinə verdiyi yüksək qiymətdən danışıb. Metropoliten işçilərinin peşə bayramının 10-cu dəfə rəsmən qeyd edilməsinin qürurverici bir hadisə kimi dəyərləndirən Zaur Hüseynov bu illər ərzində metropolitenin inkişafı naminə dövlətin qayğısı və diqqətindən də ətraflı bəhs edib.
O, 2008-ci ildə metropolitenin inkişafına dair dövlət proqramının hazırlanması barədə, həmçinin 2011-ci ildə perspektiv inkişaf planını və müvafiq Dövlət Proqramını təsdiq edən sərəncamların imzalamasını xüsusi qeyd edərək, bunu yeraltı yollarımızın inkişafına istiqamətverici töhfə adlandırıb.
Zaur Hüseynov bildirib ki, 2014-cü il fevralın 27-də dövlət başçısının sərəncamı ilə “Bakı Metropoliteni” QSC-nin yaradılması ilə həm metro istismarının, həm də inşaat işlərinin bir mərkəzdə cəmlənməsi bu iki mürəkkəb sahədə daha nizamlanıb, ardıcıl və keyfiyyətli iş aparılmasına, hər sahədə təchizatın gücləndirilməsinə, müasir standartlara cavab verən texnologiyaların geniş tətbiqinə şərait yaradıb.
Dövlətin daimi qayğısı və diqqətinin hər bir metropolitençini daha əzmlə və fədakarlıqla çalışmağa ruhlandırdığını bildirən QSC sədri yarım əsrə yaxın bir müddət ərzində paytaxt sakinlərinə nümunəvi nəqliyyat xidməti göstərən metropolitençilərin bundan sonra da dövlətin yüksək etmadını doğruldaraq, əmək cəbhəsində buna layiqli cavab verəcəyinə, bacarıq və qüvvəsini əsirgəməyəcəyinə əminliyini ifadə edib.
Sonra QSC sədrinin müavini Hidayət Məmmədov, istismar üzrə baş mühəndis Əlixan Osmanov, tikinti departamentinin rəis müavini Şaiq Eyubov, Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov çıxışlarında bu əlamətdar gün münasibətilə hər bir metropolitençini təbrik edərək fikirlərini bölüşdülər.
MİHİ-nin sədri nitqini “İlin ən yaxşı qatar maşinisti” mükafatının təsis edilməsi ilə bağlı məlumatla bitirib. “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovla birlikdə o, nominasiyanın qalibi, bu ada layiq görülən Tərlan Gülhəsən oğlu Hüseynova mükafatı təqdim ediblər.
Tədbiri yekunlaşdıran QSC sədri Zaur Hüseynov peşə bayramı münasibəti ilə təbriklərini çatdıraraq, hər bir metropolitençiyə uğurlar arzulayıb.
Naibə QURBANOVA