BAKI, 13 fevral. TELEQRAF
"Barselona" rəhbərliyi İspaniya Kral Kubokunun yarımfinalında "Atletiko Madrid"ə qarşı keçirilən ilk oyundakı (0:4) hakim idarəçiliyindən şikayət etməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, Kataloniya təmsilçisi baş hakim Xuan Martines Munueranın fəaliyyəti ilə bağlı İspaniya Kral Futbol Federasiyasına (RFEF) rəsmi müraciət ünvanlamağı planlaşdırır.
Etiraza səbəb oyunun ikinci hissəsində, hesab 0:4 olarkən baş verən insidentdir. Belə ki, hakim 6 dəqiqəlik VAR araşdırmasından sonra Pau Kubarsinin vurduğu qolu ləğv edib. Məhz həmin an stadionda yarıavtomatik ofsayd müəyyənetmə sisteminin sıradan çıxdığı məlum olub.
"Barselona"nın baş məşqçisi Hansi Flik oyundan sonra hakimliyə sərt reaksiya göstərib: "Bu, rüsvayçılıqdır. Bizə heç bir izahat verilmədi, heç bir kommunikasiya yoxdur. Qolun niyə ofsayd səbəbi ilə ləğv edildiyini hələ də başa düşmürəm".
Qeyd edək ki, “Barselona” və “Atletiko Madrid” arasında cavab oyunu martın 3-də keçiriləcək.