BAKI, 17 aprel. TELEQRAF
Qlobal enerji qiymətləri ilə bağlı proqnozların növbəti dəfə yuxarıya doğru yenilənməsi MDB ölkələri üzrə gözləntilərin korreksiyasına səbəb olub.
Teleqraf ING-yə istinadən xəbər verir ki, "Brent" markalı neftin qiyməti üzrə baza ssenarisi 2026-cı il üçün 89 dollar, 2027-ci il üçün isə 77 dollar müəyyən edilib.
Neqativ ssenarilərdə isə bu rəqəmlərin müvafiq olaraq 121 və 97 dollara çatacağı ehtimal olunur.
"Bu prosesdə əsas fayda götürən ölkələr Azərbaycan və Qazaxıstandır. Yeni proqnozlara əsasən, Azərbaycan bu vəziyyətdən ən çox qazanan tərəf olacaq. 2026-cı ildə ölkənin cari hesablar balansının profisitinin ÜDM-in 8-9 %-nə, büdcə profsitinin isə 4,0-4,5 %-nə çatacağı gözlənilir. Qazaxıstanda isə dividend axınları səbəbindən maliyyə mənfəəti məhdudlaşsa da, cari hesab kəsirinin ÜDM-in 2,0-2,5 %-nə qədər azalacağı, büdcənin isə balanslı qalacağı proqnozlaşdırılır",- ING-nin analitikləri hesab edirlər.
Qeyd edilir ki, xammal idxalçısı olan Ermənistanda isə vəziyyət fərqlidir:
"2026-cı ildə cari hesab kəsirinin ÜDM-in 9 %-nə yüksələcəyi, fiskal kəsirin isə 3-4 % intervalında olacağı gözlənilir. Buna baxmayaraq, İranla müharibənin başlamasından bəri dramın sabit qalması kapital axınının bu təzyiqləri hələlik kompensasiya etdiyini göstərir".