BAKI, 12 fevral. TELEQRAF

ABŞ-nin hərbi naziri Pit Heqset bildirib ki, Vaşinqton uzun illər digər dövlətlərin təhlükəsizliyini təmin etməyə üstünlük verib və indi əsas diqqət ölkə ərazisinin müdafiəsinə yönəldiləcək.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun yaydığı məlumatda qeyd olunub.

Heqset açıqlamanı Vaşinqtonda 34 ölkənin hərbi rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə səsləndirib.

Nazirin sözlərinə görə, hazırkı administrasiya ABŞ ərazisinin müdafiəsini yenidən milli silahlı qüvvələrin əsas prioritetinə çevirmək niyyətindədir. O bildirib ki, ABŞ uzun müddət başqa ölkələrin təhlükəsizliyini təmin edib və bu zaman öz təhlükəsizliyinə lazımi diqqət ayırmayıb.

Heqset qeyd edib ki, bunun nəticələri həm ABŞ, həm də digər ölkələr üçün ağır olub. Onun sözlərinə görə, fentanil, kokain və digər təhlükəli narkotiklər ABŞ sərhədindən ölkəyə daxil olaraq milyonlarla amerikalının həyatına mənfi təsir göstərib. Nazir əlavə edib ki, bu təhdidlər nəticəsində ölən amerikalıların sayı bəzi müharibələrdəki itkilərdən daha çoxdur.

O həmçinin vurğulayıb ki, son illərdə ABŞ-yə qanunsuz miqrant axını kəskin artıb və buna görə 2025-ci ildə Meksika ilə sərhədin mühafizəsi üçün silahlı qüvvələr cəlb olunub.