BAKI, 7 avqust. TELEQRAF

Balakən rayonu Qabaqçöl qəsəbəsinin Xalatala kənd orta məktəbində Balakən şəhidlərinin xatirəsinə həsr olunan yeniyetmələr arasında sərbəst güləş üzrə yarış keçirilib.

Teleqraf-ın məlumatına görə, yarış Balakən rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) təşkilatçılığı və Xalatala kənd sakinlərinin təşəbbüsü ilə təşkil edilib.

Şəki, Qax, Zaqatala və Balakən məktəblilərinin iştirakı ilə keçirilən tədbirin açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğurunda canlarından keçən şəhidlərin əziz xatirəsi sükutla yad edilib.

Yarışda müxtəlif çəki üzrə 150 yeniyetmə idmançı iştirak edib. 8 idmançı I, 11 idmançı II və 19 idmançı III yerə layiq görülüb. Komanda hesabında Balakən UGİŞM-nin sərbəst güləş komandası, məşqçi Ruslan Filiyevin yetirmələri medal sayına görə l yeri tutub, kubok qazanıblar.

Qaliblərə medal, diplom və xatirə hədiyyələri təqdim olunub.