BAKI, 28 noyabr. TELEQRAF
ABŞ-nin nüfuzlu elmi nəşrlərindən biri olan “Science” jurnalında 40 təşkilatdan ibarət beynəlxalq elmi qrup tərəfindən hazırlanmış “Müasir seleksiya metodları yaranmazdan əvvəl minlərlə il ərzində itlərin geniş müxtəlifliyi” adlı məqalə dərc edilib.
Teleqraf xəbər verir ki, tədqiqatçılar arasında qazaxıstanlı arxeoloqlar da yer alıb.
İş zamanı Pleystosen dövründən müasir dövrə qədər müxtəlif coğrafi bölgələrdən toplanmış materiallar araşdırılıb və bu günə qədər təqdim olunan ən kompleks nəticələr əldə edilib. Tədqiqatın koordinasiyasını Böyük Britaniyadakı Ekseter Universiteti və Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzi həyata keçirib.
Tədqiqat 2012-ci ildə başlanıb və son 50 min il ərzində yaşamış it və canavarların 643 müasir və arxeoloji kəlləsi təhlil edilib. Araşdırma zamanı bəlli olub ki, holosenin ilkin mərhələsində itlərin formasındakı müxtəliflik bugünkü səviyyə ilə müqayisə oluna bilir. Bu, müasir it cinslərinə xas olan morfoloji fərqlərin çoxunun dərin qədim köklərə malik olduğunu və onların əhliləşdirildikdən qısa müddət sonra ortaya çıxdığını göstərir.
Tədqiqat zamanı alimlər itlərdə bugünkü kimi növdaxili müxtəlifliyin nə vaxt formalaşdığını müəyyən ediblər. Sümük formasının təhlili üzrə müasir metodlardan istifadə etməklə minlərlə il əvvələ aid arxeoloji nümunələr arasında fərdi morfoloji formaların necə əmələ gəldiyi izlənilib. Nəticələrə görə, itlərin ölçü və forma üzrə təsnifatı ən azı 11 000 il əvvəl başlayıb.
Mezolit və Neolit dövrlərində itlər olduqca geniş morfoloji müxtəliflik nümayiş etdirib və bu, onların ilk insan icmalarında müxtəlif rollarını (ovçuluq, mal-qara otarma, həmçinin insana yoldaşlıq funksiyaları) göstərir. Bu dövrdən sonra morfoloji variasiya sürətlə artıb və tanınmış cinslərin formalaşmasına yol açıb.
Tədqiqatın nəticələri XIX əsrin seleksiya metodları ilə it növlərinin müxtəlifliyinin yarandığını iddia edən ənənəvi hipotezaları təkzib edir. Məlum olub ki, ev itlərinin kəllə forması və ölçüsündəki fərqlər canavarlardan ayrıldıqdan dərhal sonra - minlərlə il əvvəl artıq mövcud olub. Bundan başqa, Pleystosenin sonuna aid nümunələrdə ev heyvanlarına xas morfologiya hələ müşahidə olunmur ki, bu da ilk itlərin yaranma prosesinin nə qədər mürəkkəb olduğunu göstərir.