|
AXCP EQTK Ədliyyə Nazirliyinə 27 sentyabrda Əli Kərimlinin qurultay adıyla keçirdiyi toplantısında baş vermiş qanun pozuntularıyla bağlı müraciət edib.
Teleqraf.az xəbər verir ki, bu barədə Avropa.info-ya AXCP EQTK-nın mətbuat katibi Vüsal Qarayev məlumat verib.
Mətbuat katibinin sözlərinə görə müraciətdə bildirilir ki, 27 sentyabr 2015-ci il tarixində səlahiyyətləri 25 sentyabr 2014-cü ildən bitmiş AXCP sədri Əli Kərimli AXCP-nin qurultayı adıyla tədbir keçirib və bu tədbir partiyanın nizamnaməsinin tələbinə ziddir:
“Partiya nizamnaməsinin tələbinə əsasən qurultayı 4 ildən gec olmayaraq keçirilməlidir. AXCP isə son qurultayını 25 sentyabr 2010-cu ildə keçirib. Bundan başqa, tədbirdə partiyanın nizamnaməsinin tələbinə zidd olaraq qurultay nümayəndələri iştirak etməyiblər. AXCP üzvləri adıyla tədbirin keçirildiyi məkana insanları toplayaraq, qurultay keçirilməsi fonu yaradılıb”.
Qeyd edək ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası qanunun 6-cı maddəsinin 7-ci bəndində göstərilir ki, siyasi partiyanın rəhbər orqanlarının təşkili qaydası və səlahiyyətləri, onların səlahiyyət müddətləri nizamnamədə göstərilməlidir. Nizamnaməyə əsasən isə partiyanın seçkili orqanlarının səlahiyyət müddəti 4 ildi.