|
Elə ki uşaq bağçaları Təhsil Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə verildi, həmin vaxtdan bu təlim-tərbiyə müəssisələrinin qara günləri başladı.
Teleqraf.az xəbər verir ki, hazırda məktəbəqədər uşaq müəssisələrində qəbulla bağlı süründürməçilik, dərəbəylik, xaos, rüşvətxorluq hökm sürür.
Bağça müdirələri bir qayda olaraq, yer olmadığını bəhanə gətirir və uşaqlardan imtina olunur. Amma “görüm-baxım” edən kimi yer də tapılır, çarpayı da...
Bu bərbad siyasət uşaq bağçalarının BŞİH-ə verilməsindən sonra daha da acınacaqlaşdı. Xüsusən qurumun Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov bağçaları böyüklərin qazanc bazarına çevirib. Diqqət edin, özü bir hücrəyə çəkilib, təğyiri-libas olub, ictimaiyyət Eldar Yunusov adını demək olar tanımır.
Amma bağçalardakı özbaşınalığın, uşaq qəbulunda süründürməçiliyin və rüşvətin tüğyan etməsinin baş dirijoru BŞİH-də Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov imiş.
Oxucular da təsdiqləyər ki, az sayda körpələr uşaq bağçasına təmənnasız götürülür, əksəriyyət pulla qəbul edilir. Uşaqların bağçaya götürülməsi zamanı tələb olunan rüşvətin məbləği isə bu sahəyə rəhbərlik edən Eldar Yunusov tərəfindən müəyyən edilir.
Valideynlərdən hər uşağa görə alınan təxminən 300-500 manatın bir hissəsi Eldar Yunusova, qalanı bağça müdirlərinə çatır. Üstəlik, hər ay körpənin valideynlərindən 20 manat, bəzən 30-40 manat alınır.
Bundan əlavə, Eldar Yunusovun rəhbərlik etdiyi dövlət müəssisəsində qohumlardan ibarət komanda yaratdığını bilməyən yoxdur.
Yaxın qohumu olan Fuad adlı şəxsi Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində baş mühasib təyin etməklə Eldar Yunusov bütün maliyyə məsələlərini nəzarətə götürüb.
Məhz yaxın qohumunu idarənin maliyyə məsələlərinə rəhbər təyin etməklə E.Yunusov baş verən bütün qanunsuzluqları, şübhəli maliyyə əməliyyatlarını ört-basdır edir.
Eldar Yunusovun yaxın qohumu idarədə təkcə mühasibat işləri ilə məşğul olmur. Bağça müdirlərinə nəzarəti və onlardan alınan “haqq” məsələsini də Fuad müəllimin həyata keçirdiyi iddia edilir.
Dövlət müəssisəsində bir şöbəyə rəislik edənin yaxın qohumu həmin şöbədə baş mühasib ola bilməz. Bunun nə qədər qanuni olduğunu hüquq-mühafizə orqanları müəyyən edə bilər.
Teleqraf.az bildirir ki, Eldar Yunusov uşaq bağçalarının hesabına milyonçuya çevrilib. Onun sürdüyü bahalı avtomobili halal maaşla almaq üçün Eldar Yunusova yemədən-içmədən bir neçə onilliklər lazım olardı. Paytaxtın müxtəlif ərazilərində yerləşən çoxsaylı obyektlərnin olması üçün də ya gərək oğurluq edəsən, ya da korrupsiyaya yol verəsən, maaşla necə biznes qurmaq olar?!
Yeri gəlmişkən, Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində 350-yə yaxın müəssisə var, o zaman korrupsiyanın səviyyəsini təsəvvür etmək mümkün olar.
Eyni zamanda, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində ştat vahidinin saxlanılması, işçilərə analıq məzuniyyətində olduğu və müvəqqəti əmək qabiliyyətini itirdiyi dövrdə artıq əməkhaqqı hesablanması, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, avtonəqliyyat vasitələrinin cari təmir xərci üzrə və iş həcmlərinin düzgün hesablanmaması səbəbindən büdcə vəsaitlərini necə lazımdır çırpışdırmaq manevrləri var.
Mətbuat yazır ki, Yunusovun yol verdiyi bu talan ayrılan vəsaitlərin necə istifadə edilməsini müəyyən etmək üçün həyata keçirilən audit zamanı aşkar olunub. Növbəti yazımızda Yunusovun qızının rəhbərlik etdiyi 266 saylı körpələr evi-uşaq bağçasında nələr baş verməsindən bəhs edəcəyik. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.