|
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinə mümkün qədər tez bir zamanda başlanılmasının vacibliyini vurğulayıb.
Bu, Rusiya XİN-in Qarabağla bağlı 9 noyabr 2020-ci il üçtərəfli bəyanatın imzalanmasının birinci ildönümü ilə bağlı bəyanatında əks olunub.
Bəyanatda vurğulanıb ki, Rusiya XİN tərəfdaşlarla birlikdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar 2021-ci il tarixli Bəyanatında təsbit olunmuş Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə bağlı vəzifələrini ardıcıl şəkildə həyata keçirmək niyyətindədir: “Rusiya Federasiyası Baş nazirinin müavini, Azərbaycan Respublikası və Ermənistan Respublikasının baş nazirlərinin birgə sədrliyi ilə Üçtərəfli İşçi Qrupun fəaliyyətini yüksək qiymətləndiririk. Biz Cənubi Qafqazın iqtisadi və nəqliyyat potensialının üzə çıxarılmasına kömək edəcək maraqlar balansına əsaslanan konkret layihələrin tezliklə işə salınmasının zəruriliyini vurğulayırıq. Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılması və sərhədlərin delimitasiyası prosesinə mümkün qədər tez bir zamanda başlanılmasının vacibliyini qeyd edirik. Biz bütün lazımi məsləhətləri verməyə hazırıq”.