|
Ümid Partiyası ilə seçki bloku yaratmağın nədən mümkün olmadığı açıqlandı
Avqustun 25-də ADP İdarə Heyətinin toplantısı keçirilib. Partiyadan verilən xəbərə görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər müzakirə obyekti olub.
Toplantıda qarşıdan gələn parlament seçkiləri müzakirə olunub. İdarə Heyəti ADP-nin seçkidə koalisiya şəklində iştirakla bağlı səylərinə baxmayaraq müxalifətin mümkün seçki blokunun alınmamasından təəssüf ifadə edib. ADP-nin seçkidə təkbaşına iştirakı ilə əlaqədar ilkin qərar qəbul edilib və ADP-nin mərkəzi seçki qərargahının yaradılması haqqında qərar verilib. Qərarda partiya İdarə Heyətinin tam tərkibdə Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsi və seçki dövründə partiya adından qərarların verilməsi səlahiyyətinin bu quruma verilməsi qeyd olunub. Seçki qərargahının ilk iclası 26 avqusta təyin edilib.
ADP sədri Sərdar Cəlaloğlu Ümid Partiyası ilə birlikdə seçki bloku yaratmağın nədən baş tutmamasına isə belə aydınlıq gətirib: “Ümid Partiyasının ”125-lər" adlı seçki bloku ilə iki illik əməkdaşlığını, bu blokda seçkilərə qatılmağa üstünlük verdiyini və ADP-nin “125-lər” bloku ilə bu günə qədər heç bir əməkdaşlıq etmədiyini əsas götürərək Ümid Partiyası ilə Azərbaycan Demokrat Partiyası seçkilərdə ayrı-ayrılıqda, öz namizədləri ilə müstəqil iştirak etmək haqqında razılıq əldə ediblər.
ADP parlament seçkilərinə Qarabağ blokunda qatılmağa qərar vermişdi. Ancaq Ümid Partiyası “125-lər” bloku ilə birlikdə namizədlərini müəyyən edərək mətbuata elan edib və “125-lər”lə birlikdə xeyli vaxtdır ki, seçkiyə yönəlik siyasət aparır. Məlum oldu ki, iki partiya birlikdə parlament seçkilərinə qatılacağı təqdirdə Ümid Partiyasının “125-lər”lə birgə elan etdiyi namizədlər siyahısına yenidən baxmaq şansı yoxdur. Yəni onlar mətbuata elan etdikləri namizədlər siyahısını möhkəm siyahı kimi qəbul edirlər.
Biz də gördük ki, ADP-nin rəhbər şəxslərinin namizədliklərini irəli sürəcəkləri seçki dairələrinin hamısından onlar namizəd müəyyənləşdiriblər. Bizim namizədlər olan dairələrdə bunlar namizədlərini müəyyənləşdiriblər, biz isə yerdə qalan dairələrdən namizəd verməliyik ki, heç o dairələrdə bizim namizədimiz yoxdur. Ona görə də fikirləşdik ki, bu şəkildə ADP və Ümid Partiyası parlament seçkilərində birgə iştirak edə bilməyəcək. Bu baxımdan aramızda danışdıq ki, birgə seçkiyə qatılmaq ADP üçün problem olur və bir halda ki, Ümid Partiyası ADP-nin barələrində heç bir məlumatı olmadığı “125-lər”lə 2 ilə yaxındır ki, bir seçki layihəsi üzərində işləyir, onlara mane olmayaq. ADP də seçkilərdə müstəqil iştirak etsin".