|
Tural Abbaslı: "Artıq “Ağ Blok” siyasi arenada öz yerini tutmaq üzrədir"
AĞ BLOK”un təmsilçisi Tural Abbaslı ilə İngiltərə səfirinin müşaviri arasında görüş keçirilib.
Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Cenni Parks ilə “Ağ Blok”un təmsilçilərindən olan Tural Abbaslı arasında təkbətək görüş keçirilib. Görüş səfirliyin dəvəti ilə baş tutub və əsas müzakirə mövzusu son günlərdə qarşıdan gələn parlament seçkiləri ilə bağlı yaradılmış, hazırda əsas gündəmdə olan “Ağ Blok” olub.
Bu barədə musavat.com-a Tural Abbaslının özü məlumat verib. Blokun təmsilçisi görüşün səmərəli keçdiyini bildirib: “Görüş səfirliyin öz təşəbbüsü ilə baş tutdu. Səfirlik əvvəldən bizi dəvət etmişdi. Bir saat müddətində görüş oldu. “Ağ Blok”un yaranma səbəbi, seçkilərdə iştirakı, gələcək planları, seçkilərdən əvvəl və sonra atılacaq addımlar, eləcə də, hədəflərimiz barədə geniş məlumat verdim. Blokda təmsil olunan üzvlər haqqında da danışdım. Müşavirin blok barədə suallarını cavablandırdm. Düşünürəm ki, səmərəli görüş oldu. Görüşün sonunda bundan sonra da əməkdaşlığın tərəfdarı olduğumuzu səfirliyin diqqətinə çatdırdım”.
T.Abbaslı “Ağ Blok”un artıq siyasi arenada möhkəmləndiyini də qeyd etdi: “ Güman edirəm ki, bundan sonra da blok olaraq, istər səfirlik, istərsə də, beynəlxalq təşkilatlarla münasibətlərimizin qurulması davam edəcək. Artıq “Ağ Blok” siyasi arenada öz yerini tutmaq üzrədir. Beynəlxalq siyasi qurumlar, səfirliklər, cəmiyyət tərəfindən siyasi səhnənin bir fiquru kimi qəbul olunur və blokla hesablaşılır. Bir həftə ərzində ABŞ səfirliyinin ardından ikinci böyük dövlətin “Ağ Blok”la maraqlanması dediklərimizə əyani sübutdur. Eyni zamanda cəmiyyətdə də bunun sübutları var. Əminəm ki, seçkilərdən öncə və sonra “Ağ Blok” Azərbaycanda siyasi səhnənin danılmaz oyunçularından olacaq”.
Qeyd edək ki, “Ağ Blok” yarım ay öncə bu ilin noyabrında keçiriləcək parlament seçkiləri ilə bağlı yaradılıb. Qurumda əsasən, gənclər təmsil olunur. Blokun seçkilərdə iştirak edəcək 10-12 civarındakı namizədlərinin də əksəriyyəti gəncdir.