|
“Bu gün Bakıda tarixdə ilk dəfə olaraq İran, Rusiya, Azərbaycan prezidentlərinin üçtərəfli görüşü keçirilir”.
Teleqraf.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün Bakıda keçirilən sammitdə çıxışında deyib.
İlham Əliyev bildirib ki, bu, tarixi hadisədir: "Bu gün üç ölkə arasında yeni əməkdaşlıq formatı yaranır".
Dövlət başçısı sonra deyib: "Mənim dəvətimi qəbul edərək zirvə görüşünün işində iştiraka görə Prezident Putinə və Prezident Ruhaniyə minnətdaram. Qeyd etməliyəm ki, bu ilin aprel ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda üç ölkənin xarici işlər nazirləri görüşüblər. Əminəm ki, bugünkü zirvə görüşü regional əməkdaşlığa yeni təkan verəcək. Əsrlər boyu yanaşı yaşayan xalqlarımızı ortaq tarix və coğrafiya birləşdirir. Azərbaycanı həm İranla, həm Rusiya ilə sıx dostluq əlaqələri bağlayır. Bu əlaqələr son illərdə daha da inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər, ölkələrimiz həmişə BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər".
Prezident İlham Əliyev deyib ki, Azərbaycan İranla İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində, Rusiya ilə ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir.
***
Azərbaycan-İran-Rusiya üçtərəfli formatda növbəti sammit Tehranda keçirilə bilər.
Bunu İran prezidenti Həsən Ruhani üçtərəfli sammitdə təklif edib.
***
Prezidentlərin üçtərəfli görüşünün yekunu olaraq keçirilən sammitdə deklarasiya imzalanıb.