|
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu ilə gündəmdəki məsələlərdən söhbət etmişik.
KXCP funskioneri TİA.az-a (Tirbuna İnformasiya Agentliyi) müsahibəsində cəbhə xəttində baş verənlərdən, müxalifətin tutduğu mövqedən və demokratik düşərgənin vəziyyətindən danışıb. Müsahibəni təqdim edirik:
- Xəzər bəy, partiyanın təmas xəttində baş verən hadisələrlə bağlı mövqeyi nədən ibarətdir?
- KXCP üzvləri I Qarabağ savaşında iştirakçı olublar. Bu baxımdan münasibətimiz xalqın mövqeyindən fərqli ola bilməz. Partiya rəhbərliyi ordumuzu dəstəkləyir və hər bir şəhid xəbəri bizi üzür. Bu müharibənin aurasındayıq, Müdafiə Nazirliyinin yaydığı xəbərləri diqqətlə izləyirik. Hesab edirəm ki, tarixi fürsətdir, ordumuz irəliləyir və dayanmaq olmaz.
Çünki Qarabağın sülh yolu ilə həlli istiqamətində illərdir aparılan danışıqlar nəticəsiz qalıb. Bu gün yaranmış vəziyyət diktə edir ki, işğal olunmuş əraziləri azad etmək lazımdır. Sevindirici haldır ki, xalqda ruh yüksəkliyi var. Ona görə də Laçına qədər ordumuz irəliləməlidir.
Hazırda Azərbaycan geosiyasi baxımdan elə yerdədir ki, bu şəraitdən istifadə etməliyik. İrəliyə doğru atılan addım ordumuzun qələbəsi ilə nəticələnə bilər. Aydın məsələdir ki, Rusiya faktoru var, bu da nəzərə alınmalıdır. Hakimiyyətin isə birmənalı borcudur ki, BMT-nin çıxardığı 4 qətnamənin icrasını tələb etsin, terroçular və işğalçılar torpaqlarımızdan çıxarılsın.
Əgər bu şans dəyərləndirilməsə, yenə də geriyə doğru irəliləmiş olacağıq. Fikrimcə, son dayanacaq Şuşa və Laçında olmalıdır. Yəni, partiyamızın mövqeyi bundan ibarətdir. Hər birimiz də vətənimizin uğrunda döyüşməyə hazırıq.
- Bəzi analitiklər hərbi əməliyyatların başlanmasında Kreml amilini xüsusi qabardır, sizin fikriniz nədir?
- Hətta Rusiyanın siyasi rolu olsa da, təxribatlar Ermənistan tərəfindən başlanıb. Atəşkəsi də düşmən tərəfi pozub və xeyli sayda itkilər verib. Bu itkilərin belə çox olacağını hesablamayan erməni tərəfi dərhal mövqelərindən qaçmağa başladı. Bu gün ölkəmiz siyasi müstəvidə Ermənistanı dəstəkləyən qüvvələrlə də üzbəüz qala bilər, lakin hərb meydanında qarşımızdakı erməni silahlı qüvvələridir.
Digər tərəfdən deməliyəm ki, regionda çox ciddi siyasi proseslər baş verir. Qarabağ da bu hadisələrin tərkib hissəsidir. Ümumiyyətlə, Rusiya Qafqaza nəzarətini möhkəmləndirməyi hədəfləyib. Odur ki, regionda siyasi proseslər onun iradəsindən kənarda cərəyan edəndə dərhal öz gücünü nümayiş etdirir.
Bu gün də regionda ciddi qlobal hadisələr cərəyan edir. Amma hərbi əməliyyatlarda Azərbaycana mane olmadılar. Bu savaşın digər üstünlüyü psixoloji cəhətdən oldu. Beynəlxalq aləm Azərbaycanın haqlı olduğunu bir daha gördü, xalqımızın, ordumuzun döyüşkən ruhda olduğu, torpaqları azad etməyə hazırlığı növbəti dəfə sübuta yetirildi. Əslində, Qarabağ konflikti dünya birliyinə daxil olmağa maneçilik törədir. Bu baxımdan tezliklə münaqişə həllini tapmalıdır.
- Belə proqnozlar da var ki, 5 rayonun qaytarılması müqabilində, Azərbaycan Avrasiya İttifaqına qoşulmağa razılıq verəcək. Bu versiya mümkündürmü?
- Nəzəri baxımdan fərz etsək ki, tərəflər arasında belə razılaşma var, hər halda təhlükəli variantdır. Rəsmi Bakının buna razı olacağını söyləmək də çətindir. Bu variantın müzakirə olunduğunu bilmirik, bağlı qapılar arxasından gedən müzakirələrdən xəbərsizik.
Yalnız ehtimal irəli sürmək mümkündür ki, bu halda da Azərbaycanın suverenliyi, dövlət müstəqilliyi üçün qorxulu versiyadır. Mən gedişatdan bu qənaətdəyəm ki, hətta bir qəsəbə almaq mümkündürsə də əməliyyatları davam etdirməliyik. Doğrudur, aprelin 5-də atəşkəs olundu və tərəflər razılaşdı.
Amma bu atəşkəs yenidən pozula bilər və əməliyyatların davam etməsi istisna deyil. Hesab edirəm ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri buna səbəb oldu. Lavrovun səfərindən sonra hansı saziş imzalanacaq, nə kimi razılaşmalar olacaq, bunu gözləmək lazımdır. Əgər dövlət başçısı atəşkəsə razılaşıbsa həm cəbhədəki vəziyyətə, həm də gedən diplomatik danışıqlara görə qərar verib.
Hələlik, nə əldə etmişiksə həmin yerlərdə müdafiə sistemlərini gücləndirmək lazımdır. Ancaq mənə o da aydındır ki, Ermənistan danışıqlarda öz xoşuna 5 rayonu azad etməsə atəşkəs yaxın günlərdə yenidən pozulacaq və ordumuz bir az daha irəliləyəcək. Əgər Kreml müharibənin davamını istəmirsə Ermənistan prezidenti Sərkisyanı ilkin şərt irəli sürmədən 5 rayonu azad etməyə məcbur etməlidir. Danışıqlar yenə uzanacaqsa bunun davamının nə olacağını artıq ermənilər yaxşı anladılar.
- Belə vəziyyətdə müxalifət partiyalarının mövqeyi əslində, necə olmalıdır, iqtidarla bir masa ətrafında hərbi əməliyyatları müzakirə etməlidirmi?
- Müxalifət partiyalarında Qarabağ savaşında döyüşmüş insanlar var. Partiyalar hərbi prosesə dəstək olmalıdır. Hər qələbə hamımızın qələbəsidir. Dövlətçilik məsələlərində birgə olmalıyıq. Bu günə kimi də KXCP olaraq Qarabağ məsələsində, ümumilli problemlərdə Azərbaycanın mövqeyini müdafiə etmişik.
Ancaq güman etmirəm ki, indi hakimiyyətlə ciddi danışıqların zamanıdır. Müxalifət təşkilatları cəbhə xəttində ordumuzun irəliləməsinə kənardan dəstəyini ifadə edir. Bu neçə gün ərzində bütün siyasi partiyalar orduya dəstəyini ifadə etdi. Bu mənada iqtidarla ayrıca dialoqa ehtiyac görmürəm.
Digər tərəfdən deməliyəm ki, ölkə müharibə vəziyyətindədir. Bu mərhələdə ölkənin demokratik inkişafındakı problemlər, siyasi məhbuslar, insan haqları ilə bağlı məsələləri müvəqqəti arxa plana keçirmək olar.
Müxalifət hazırda ordumuzun yanında olmalıdır. Torpaqların azad olunmasından sonra təbii ki, hakimiyyətdən siyasi-iqtisadi islahatlar, azad seçkilər, korrupsiyanın kökünün kəsilməsi tələbləri olacaq. Bu məsələlər hər zaman gündəlikdədir. Müxalifət müharibə şəraitində bu rakursdan çıxış etməlidir.
- Müxalifət demişkən, KXCP-nın hazırkı fəaliyyəti nə yerdədir, Müsavat və Milli Şura ilə əməkdaşlıq məsələləri hansı səviyyədədir?
- KXCP-nin də təmsil olunduğu Anti-böhran kolisiyası cəbhə xəttində baş verənlərə qədər böhranla bağlı narahatlığını dilə gətirib, təkliflər irəli sürüb. Manatın devalvasiyası, işsizlik, ixtisarlar, bahalaşma ilə bağlı məsələləri müzakirəyə çıxarıb. Hökumətdən köklü addımlar atılması tələb olunub. Eyni zamanda, anti-böhran koalisiyası yaradılıb.
Bu koalisiya hər həftə bir partiya qərargahında toplanır. Partiya sədrləri ölkədəki iqtisadi vəziyyəti müzakirə edir. Anti-böhran kolisiyası tərəfindən Milli Şuraya da təkliflər göndərilib. Ancaq onlar təklifi cavabsız qoyaraq, təklifə münasibət bildirməkdən yayınıb.
Biz onların bu mövqeyini bəyənmədik. Baxmayaraq ki, KXCP Milli Şurada təmsil olunmur, bununla belə müxalifət düşərgəsi ölkədəki iqtisadi vəziyyətlə bağlı bir araya gəlməlidir. Bu gün siyasi təşkilatlar tərəfindən iqtisadi böhranla bağlı birgə qiymətləndirmə olmalıdır.
Hökumətə təkliflər göndərməkdən əvvəl, müxalifətin özündə bir araya gəlmək üçün müzakirələr olmalıdır. Ancaq Milli Şura imtina etdi. Bu qurumda artıq bir partiya var, onların niyə belə etdiyini özləri daha yaxşı deyə bilər. Müsavat isə bu barədə təkliflərə "yox” deməyib.