|
Mirmahmud Mirəlioğlu: “Hakimiyyət böyük ehtimalla moskvapərəstlərin diktəsi ilə bu məsələni dəfn elədi”
Prezidentin köməkçisi, Prezident Administirasiyası İctima-siyasi şöbəsinin müdiri Əli Həsənovla siyasi partiyaların üçüncü görüşündən 4 ay keçdi. Bu ilin əvvəlindən başlanan görüşlər iştirakçıların ümumi razılığı ilə iki aydan bir keçirilməli idi.
Bəzi müxalifət qurumlarından dördüncü görüşdə 1 noyabr parlament seçkiləri mövzusunun müzakirəyə çıxarılmasını hələ seçki kampaniyası başlamazdan öncə təklif etsələr də, görüş hələ də baş tutmayıb. Hakimiyyət təmsilçilərinin verdiyi açıqlamalardan belə məlum olub ki, iqtidar seçki mövzusunun müzakirəyə çıxarılmasını istəmir.
Seçki məsələsinin müzakirəyə çıxarılması təklifinin müəllifi olan “Azadlıq-2015" seçki blokunun təsisçisi, KXCP sədri Mirmahmud Mirəlioğlu isə ”Yeni Müsavat"a açıqlamasında bildirdi ki, hakimiyyətdəki rusiyapərəst qüvvələr iqtidarla-müxalifət arasında dialoq məsələsini dəfn etməyə nail olublar:“Azərbaycanı, onun xalqını düşünməyənlər, dövlətçiliyə xarici və daxili təhdidləri nəzərə almayanlar hakimiyyətdə söz sahibi olduqları üçün inandırıcı deyil ki, görüş baş tutsun. Azərbaycanda nəhayət ki, dialoq mühiti başlanmışdı və davam etməsi nəzərdə tutulurdu. Amma Azərbaycan hakimiyyəti böyük ehtimalla moskvapərəstlərin diktəsi ilə bu məsələni dəfn elədi. Biz seçki məsələsinin müzakirə edilməsinin məqsədəuyğun olduğunu dilə gətirdik. Onlar isə seçkilərdə həmişəkindən də betər saxtakarlıq etmək qərarında olduqlarını seçki kampaniyasına start veriləndən nümayiş etdirməyə başladılar”.
M.Mirəlioğlu onu da bəyan etdi ki, seçkilər məsələsində hələ ki KXCP-nin susmasının səbəbi var: “Bir sıra ciddi məsələlər var. KXCP olaraq oktyabrın 15-də biz qeydə alınan və qeydə alınmayan bütün namizədlərimizlə seçki məsələsini ciddi müzakirə edəcəyik. Mövqeyimizi də ortaya qoyacağıq”.