|
Rayondan Bakıya avtomobillə gələnlərin gündüz saatlarında şəhərə buraxılmaması bir sıra neqativ hallar yaradacaq.
Bunu "Trend"ə açıqlamasında Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, deputat Rəfael Cəbrayılov deyib.
Onun sözlərinə görə, ümumilikdə rayondan şəhərə gələn avtomobillərin Bakıya gündüz saatlarında buraxılmaması paytaxtdakı tıxacları azaldacaq: "Amma rayon əhalisinin Bakıya avtomobillə gəlmək üçün bir sıra qeyri-leqal yollara əl atmaları qaçılmazdır. Rayondan Bakıya gələn avtomobillərin gündüz saatlarında paytaxta buraxılmaması qərarını alqışlayıram. Çünki Bakı böyük bir meqapolisdir, burada avtomobillərin hərəkəti tənzimlənməlidir ki, tıxaclar aradan qalxsın. Amma rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılmaması qərarının qəbulundan sonra bir sıra neqativ məqamlar ortaya çıxacaq. Məsələn, rayon sakinləri avtomobil alarkən maşını Bakıda qeydiyyatda olan qohumlarının adına sənədləşdirəcəklər. Həmçinin avtomobilləri olanlar yeni nömrə alanda paytaxt qeydiyyatı olan tanışlarının adına Bakı nömrəsi ala bilərlər ki, paytaxta rahat gedib-gələ bilsinlər. Rayon qeydiyyatlı avtomobillərin Bakıya buraxılmasının qarşısını almaq asan olmayacaq”.
Qeyd edək ki, baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacağını, bu avtomobillərin şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacağını bildirib. Belə ki, rayon qeydiyyatında olan avtomobillər yalnız gecə saat 24:00-dan səhər saat 7:00-a qədər Bakı şəhərinə daxil ola biləcəklər.